Çərşənbə axşamı, 19 Fevral 2019 00:39

Əsəd: Ərdoğan əslində amerikalılar üçün kiçik muzdlu əsgərdir

“ABŞ çəkildikdən sonra sizi türklərin hücumlarından qorumayacaq”

Suriya dövlət başçısı Bəşər Əsəd bazar günü, fevralın 17-də bəzi bələdiyyə başçılarına xitabən etdiyi nitqində Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanı tənqid edib.

BBC İzləmə Xidmətinin xəbərinə görə Əsəd, "Müsəlman Qardaşlarının Ərdoğanı hadisələrin arxasında özü varmış kimi göstərmətə çalışır. Əsəbləşdiyi zaman "səbrimiz qalmadı" kimi təhdidlər yağdırır. Nə böyük problemdir! Ərdoğan həqiqətən Amerikalılar üçün kiçik bir muzdlu əsgərdir" deyib.

Əsəd Suriyadakı konstitusiya quruluşu prosesinin hökumətlə müxaliflərin arasında həyata keçməli olduğunu, amma müxaliflərin öz fikirlərini deyil, Türkiyənin fikirlərini müdafiə etdiyini söyləyib və əlavə edib:

"Suriyanı təmsil etmirlər. Özlərini belə təmsil etmirlər. O zaman biz bu sualı veririk: Suriya konstitusiyasını müzakirə edirik, yoxsa Türkiyə konstitusiyasını?"

Əsəd televiziyalardan canlı yayımlanan çıxışında ABŞ-ın Suriyadan əsgərlərini çəkmə qərarını xatırladaraq, Suriyanın Demokratik Güclərinə də səslənib.

Əsəd, "ABŞ çəkildikdən sonra sizi türklərin hücumlarından qorumayacaq. Amerikalılar sizi ürəyində daşımır. Sizi ciblərinə qoyacaqlar, beləcə bir bazarlıq kartı olacaqsınız. Sizi öz dövlətinizdən başqa kimsə qorumayacaq," - deyib və sözlərini belə davam etdirib:

"Əgər ölkənizi qoruyub müqavimət göstərmək üçün özünüzü hazırlamasanız, Osmanlının köləsi olmaqdan başqa bir şey əldə edə bilməyəcəksiniz. Suriyanın hər qarış torpağı azad ediləcək".

Əsasını Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı Xalq Qoruma Birliklərinin (YPG) meydana gətirdiyi Suriya Demokratik Gücləri İŞİD-ə qarşı müqavimətdə ABŞ-ın dəstəyi ilə quru əməliyyatlarını təşkil edirdi.

Amerikalı generalların "Sahədəki ən etibarlı tərəfdaşımızdır" deyərək xarakterizə etdiyi Suriya Demokratik Gücləri içərisindəki YPG Türkiyə tərəfindən "terror təşkilatı" olaraq görülür və Ankara rəhbərliyi sərhəd təhlükəsizliyini təmin etmək adına Suriyanın şimalına quru hərəkatı başlatmağa hazırlaşdığını vurğulayır.

Oxunuş sayı 1444 dəfə
Şərh vermək üçün giriş edin
Top