Cümə, 23 İyun 2017 22:00

Fələstinin çiçəkləri qoparılır və ya Qüds gününü diri saxlamağın fəlsəfəsi

İmam Xomeyni: “Qüds günü o gündür ki, bütün müsəlman xalqları bu günə diqqət etməlidir və bu günü diri saxlamalıdır”.

-Qüds əslində islam düşmənlərini daim xatırlatmaq və müsəlmanları oyaq saxlamaq fəlsəfəsidir. Bəli, biz Qüdsü unutsaq, o zaman kölgədə yatmış “bəxtəvəri” daim onu izləyən ilanın zəhərləyib, öldürdüyünün şahidi olacağıq.

Qüds və Qarabağ bizim əkiz dərdimizdir. Gəlin baxaq. Azərbaycanın ən qədim mədəniyyətə mənsub, ilahi gözəlliyə malik bir məkanını ermənilər, hakimiyyətə həris olan “siyasətçilərimizin” sayəsində işğal etdi. Minlərlə oğul-qızımız şəhid oldu. Amma bu qurbanların qanı bu gün də vətən torpağına qarışır, biz demək olar ki, hər gün ən yaxşı oğullarımızı itiririk, onlar bizim varoluşumuz naminə şəhid olurlar.

Bəs biz? Biz ən azından bu qiymətli qurbanların, şəhidlərimizin sayəsində var ola bilirkmi? Biz, yəni arxa cəbhədə olanlar o şəhidlərimizin qurban getdiyi məqsədə nail ola bilirikmi? Bir sözlə ifadə etsək YOX.

Paytaxt Bakıda işğal altında olan yurd adlarımız hər dəqiqə gözə girir, amma içində azacıq torpaq sevgisi olanların qəlbinə girir, qəlbini qanadır, acıdır.

Zəngəzurdan didərgin düşmüş bir insan Zəngəzur şadlıq sarayında qol qaldırıb, oynayanda, yeyib-içəndə qəfil yadına erməninin ayaqları altında inləyən doğmaca kəndi - kəsəyi, o kəndin məzarlığı düşürmü? O zaman sənin torpağını əlindən alıb, qanını töküb, körpənin gözlərini oyub, süngüyə keçirən ermənilərin ananın, atanın, şəhid qardaşının məzarlığını ayaqladığını, sümüklərini çıxarıb təhqir etdiyini xatırlayırsansa...

Yox, xatırlamır. Xatırlasa Zəngəzur adını eşidəndən sonra qol götürüb, diringiyə oynamaz.

Bu gün məmləkətimdə baş verənləri müşahidə etdikcə Arakan soyqrımını xatırlayıram və tüklərim biz-biz olur. Yəni bu unutqanlıqla biz hara gedirik, sualının cavabı məni düz Arakana, dünyanı dəhşətə salan müsəlman faciəsinə aparır.

Arakan da Azərbaycan kimi neft ölkəsi idi. Arakan neft və təbii qaz ehtiyatları baxımından cənub-şərqi Asiyanın ən zəngin ərazisi idi və  düz 350 il İslam şəriəti əsasında idarə olunmuşdu. 

Arakanın da nefti Qərb imperialistlərini özünə aşiq etmişdi, Azərbaycan kimi...

Və nə baş verdi? XVIII əsrin əvvəllərindən etibarən buddist Birma sultanlığının hücumlarına məruz qalan Arakan İslam Dövləti 1784-cü ildə süquta uğradı.

Bu islam dövlətini əslində Birma sultanlığı deyil İngiltərə məhv etmişdi, neftinə, qazına sahib çıxmaq üçün.

 XIX əsrdə Arakan İngiltərənin işğalına məruz qalır. Süqut etmiş islam dövlətini iliklərinə qədər istismar edən, müsəlmanları mədən ocaqlarında zorla qul kimi işlədən İngiltərə regionu tərk edərkən Arakanı buddistlərin Birma sultanlığına təhvil verir.

İngiltərə, ABŞ bütün dünyada oynadığı oyundur bu. Parçalayıb- höküm sürmək və qanını sorduqdan sonra öz vasallarına təhvil vermək.

Bu gün, bu cütlük eyni oyunu İraqda, Suriyada, Liviyada, Misiridə oynayır. Azərbaycanı da, Türkiyəni də bu oyunun qurbanına çevirməyə cəhd edir.

Bu cütlük qanını sorduqdan sonra çəkilib getdiyi bütün məmləkətlərdə arxasınca eyni problemi qoyur: terror, milli münaqişələr, aclıq, səfalət, əxlaqsızlıq.

ABŞ İraq xalqına ancaq belə "hədiyyələr" bəxş etdi

Arakanın müsəlman əhalisi islam dövlətinin süqutundan sonra mütəmadi şəkildə dinlərini dəyişdirməyə məcbur edilsələr də bu təzyiqlərə boyun əyməmişlər. Məhz bu səbəbdən birmalı buddistlər Arakan müsəlmanlarını kütləvi şəkildə qətlə yetirməyə başladılar. Bu qətliam bu gün də davam edir.

İlk dəfə 1942-ci il mart ayının 28-də Minbya şəhərinin Çanbilli kəndində başlayan, sonradan bütün Arakan ərazisini bürüyən kütləvi qətliam nəticəsində 150 min müsəlman şəhid edildi.

Torpaqları işğal edilən Arakan müsəlmanlarına qarşı ikinci hücum dalğası 1962-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən kommunist general Ne Vin tərəfindən başladıldı. O, yüzlərlə müsəlman aliminin qətlinə fərman verdi, bütün məscidlərin fəaliyyətini qadağan etdi və  Allah evlərini əyləncə məkanlarına çevirdi.

Bir ölkəyə basqın edən işğalçı daha çox o diyarın qadınından qisas almağa çalışır. Çünki qadın müqəddəs varlıqdır. Arakanlı qadınlar Xocalı faciəsində ermənilərə əsir düşən soydaşlarımızın faciəsini yaşadılar. Arakanlı qadınları hərbçilər məcburi şəkildə, düşərgələrə göndərərək, cinsi zorakılığa məruz qoyublar. Kütləvi zorlanma, dəhşətli işgəncə görən qadınlar hamilə qaldıqda zorla buddist kişilərlə evləndirilib.

Bu dövrdə müsəlmanların həcc ziyarətinə getmələri, camaat halında namaz qılmaları və digər ibadətlərini yerinə yetirmələri qadağan olunub. İnsan haqları təşkilatları tərəfindən açıqlanan rəsmi rəqəmlərə görə, 1962-1984-cü illərdə Arakanda 200 min müsəlman qətlə yetirilib.Tək günahları isə müsəlman olmalarıdır.

İmam Xomeyni: “Hökumətlər xalqların iradəsinə qarşı çıxmaq istəsə, hökumətlərin ağzına yumruq vursunlar”

-Ötən ilin sentyabr ayında Parisdə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün beynəlxalq konfrans keçirildi. Hər zaman ağ bayrağını qaldıran Fələstin dövlətinin başçıları 70 ölkə və təşkilatın təmsilçisinin qatıldığı foruma gəlsələr də, hər il minlərlə fələstinlini günahsız yerə qanına qəltan edən, insan qatili İsrailin baş naziri Benjamin Netanyahu tədbirə qatılmaqdan imtina edib, bildirib ki, forum “antiisrail” xarekteri daşıyır.

Qeyd edək ki, İsrail və Fələstin arasında danışıqların sonuncu raundu 2014-cü ilin aprelində nəticəsiz yekunlaşmışdı. Təbii, arxalı köpək qurd basar misalını xatırladınız. Amma xalqların diri qalması və etiraz mədəniyyətini itirməməsi, bir ölkəni parçalanmaqdan, məhv olunmaqdan xilas edər. Dünyada İran nümunəsi var. “Necə ki, İran xalqı Məhəmməd Rzanın ağzını yumruqladı”.

İsrail rejiminin dağıtdığı Fələstində ölkəsinin bayrağını qoruyan fələstinli...

İmam Xomeyni: “Əgər siz səhlənkarlıq etsəniz, onlar Fərata qədər olan ərazilərimizi işğal etmək istəyəcəklər”.

-Bakıda, eləcə də ölkəmizin işğal altında olmayan digər bölgələrində Şuşa, Zəngilan, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın, Ağdərə, Cəbrayıl, Qubadlı, Füzuli restoranları, kafe-barları fəaliyyət göstərir. Bu kafelərdə, restoranlarda toy şənlikləri və digər mərasimlərlə yanaşı, digər şeytan ayinləri də icra olunur. Bu əyləncə mərkəzlərində, qadınlarımız pulla alınıb satılır. Amma bu dəfə ermənilər deyil, özmüzünkülər alıb - satır qadınlarımızı. Niyə? Çünki bizə Qarabağı, adıçəkilən, işğal altındakı bölgələrimizi məhz bu yolla unutdururlar. Zombiləşdirməklə, manqurtlaşdırmaqla.

Yəni, Şuşa restoranında və ya Ağdərə ailəvi istirahət mərkəzində hansısa yurd-yuvası əlindən alınan və ya alınmağa namizəd olan azərbaycanlı digər azərbaycanlını fahişəliyə sürükləyir. Niyə? Çünki dəyərlərin qorunduğu məmləkətlərdə, dəyərləri  UNUTDURMAQ mümkün deyil. Ən başlıcası dəyərləri dağıtmaqdır. Ailə dəyərlərini, insani dəyərləri dağıtdıqdan sonra, bir məmləkəti yer üzündən silmək çox asandır.

İmam Xomeyni: “Bütün hegomonlar əl-ələ vermiş olsalar belə, etiraz edən xalqa heç bir ziyan yetirə bilməzlər”

-“İsrailin Fələstinin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində bir ildə 257 uşaq ölüb. Bu məlumatı “Associated Press” agentliyi BMT-yə istinadən yayıb. BMT-nin fələstinli qaçqınlara yardım təşkilatı (UNRWA) hesabatında bildirib ki, bombardmanlar və atəşlər nəticəsində yaralanan uşaqların sayı 1080-ə çatıb.

2014-cü ilin ilk 6 ayında Fələstində İsrail rejiminin hücumları nəticəsində ölənlərin sayı 502 nəfəri keçmişdi. Bu rəqəmlər illər ötdükcə artmaqdadır.

Bəs, Xocalı faciəsində öldürülən uşaqların sayı nə qədərdir? Tez-tezmi xatırlayırıq bu faciəni? YOX.

Hər il fevral ayının ilk ongünlüyündən sonra Milli Məclisin bəzi deputatları və bəzi “ziyalılar”, “siyasətçilər” qollarını çirməyib düşürlər ortalığa. Onlar müxtəlif ölkələrdə Xocalı faciəsini tanıtdırdıqlarını haray çəkib, bəlli tarix keçdikdən sonra sakitləşib öz künclərinə çəkilir, bizneslərinin inkişafı ilə məşğul olmağa başlayırlar.

Dünyaya Xocalını “tanıtmağa çalışanlar” özləri tanıyırmı Xocalını və ya xocalıları?

 Xocalı hadisələri zamanı emənilərə anası ilə birgə əsir düşən Leyla Seyidova bu “vətənpərvərlərin” gözlərinin qabağında, Binəqədidə, qaçqınlar üçün ayrılan yataqxananın kafesinin zirzəmisində yaşayır.

Leylanın gözünün qabağında anasının başını kəsən ermənilər bu qadını da yarımcan ediblər. Onun başının tən yarısı silikondur, gözli görmür. 3 uşağı ilə 17 gün küçələrdə, skmaylarda gecələyən Leylanın əri də 4 il Qarabağda döyüşüb.

Xocalı faciəsinin dünyada “tanıdanlar” xarici ölkələrə qaçmaqdansa üzlərini Leylaya və onun 3 körpəsinə tərəf çevirsələr daha çox insanlıq etmiş olarlar ki, bu dəyərin qarşısında Qarabağı illərdir “bizə verməyə çalışan” Minsk qrupu da, Avropa Şurası da, ABŞ –da, aciz qalar.

Xocalı faciəsini dünyaca məşhur “National Geographic” jurnalının azərbaycanlı fotoqrafı, Fransada məskunlaşan 500 000 nəfər erməniyə qarşı tək mübarizə aparan azərbaycanlı Rza Diqqəti qədər yaşadımı bu “vətənpərvərlər”?

Təbrizdə doğulub, Fransada yaşayan Rza Diqqəti Xocalı faciəsinin qurbanlarını, “Qırmızı xaç” vasitəsilə erməni əsirliyindən alınan soydaşlarımızın dəhşətli durumunu öz gözlərilə görüb. O, Xocalıda son nəfəsinə qədər döyüşən qəhrəmanımız Allahverdi Bağırovla görüşdüyünü xatırlayır. Deyir Allahverdi məndən xahiş etdi ki, ermənilərdən alınan əsirlərimizin şəklini çəkim: “Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq.

 Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, onların gözü çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu müharibə deyildi, əsl soyqırım idi.

Sonra Şuşaya üz tutdum. Lakin yol bağlı idi. Ermənilər snayper qüvvələri ilə yolu tutmuşdular. Mən o vaxt Livanda işləyəndə də erməniləri tanıyırdım, onların güclü snayperləri var idi. Hətta fələstinlilərlə müharibədə onlar da iştirak edirdilər. 1982-ci ildə fələstinlilər deyirdilər ki, bizi ən çox öldürənlər ermənilərdir.

O snayper ermənilər Livandan Qarabağa vuruşmağa gəlmişdilər”.

Bəli, bu gün dünyanın hər yerində günahsız insanlar öldürülür, müsəlman olduqları üçün. Hər il Pakistanın nüfuzlu universitetlərində bir-neçə dəfə terror törədilir. Gələcəyi işıqlı olan müsəlman gənclər terror nəticəsində öldürülür. Qatilin kimliyi isə zatən bəllidir. Müsəlmanın bir qatili var, harda öldürülməsindən aslı olmayaraq. Müsəlmanın qatilinin adı UNUTQANLIQDIR, BİRLƏŞMƏMƏKDİR.

Bir də bu dünyada hələ İsrail rejiminin öldürə bilmədiyi körpələr var. “Babamı heç öpmədim

Günəş doğandan bəri.

Babam, deyirlər ki, sən suçlusan...

Niyə tutdular səni?

Səni məndən niyə əsirgədilər?

Babam dəmir barmaqlılqlar arxasında,

Köllərin tutulduğu divarların ötəsində...

Fələstinin çiçəkləri qoparılır” deyə haray çəkən o, fələstinli qızcığaz var.

Ata üzünə həsrət, gözüyaşlı anasına sığınan bu qızcığazı dinlədikcə yadıma aprel döyüşlərində şəhid olan Vaqif Bayramovun “Nəyimə gərəkdi dünyanın varı, istəyirəm bir dəfə görəm atamı” deyərək öyən qızının, Zeynəbin hayqırtısı düşür. Nə qədər ki, islam dünyası birləşməyib, zeynəblərin göz yaşı axacaq dünyanın minlərlə guşəsində - Fələstində, Suriyada, Yəməndə, Arakanda, Misirdə, İraqda, Əfqanıstanda, Pakistanda ... və islamın yaşadığı hər yerdə...

Arzu Abdulla

P.SYazı “Qələm” Yazarlar Birliyinin Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirdiyi yazı müsabiqəsində II yerə layiq görülüb. 

Oxunuş sayı 1705 dəfə
Şərh vermək üçün giriş edin
Top