Çərşənbə, 26 Oktyabr 2016 22:00

İraq türkmənlərinin durumu: Azərbaycan necə yardım edə bilər?

Uzun illər basqı altında qalan İraq türkmənlərinin dünəni və bu günü

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı ikinci həftədir ki, davam edir. Əməliyyat hər nə qədər uğurlu olsa da, mütəxəssislər şəhərin və İraqın tamamilə təmizlənməsinin aylarla vaxt alacağını düşünür. Əməliyyatın uzanması isə ilk növbədə bölgədə humanitar böhranı dərinləşdirir. Bölgənin xalqları, dinc insanlar köməksiz, ağır vəziyyətdə qalıblar. İki il əvvəl İŞİD-in Mosulu işğal etdiyi vaxt evlərindən didərgin salınan, əsir alınan, köləliyə, təcavüzə məruz qalan xalqlar indi yenidən əməliyyatların aktivləşməsi ilə yenidən eyni zülmü yaşayırlar. 

Mosul əməliyyatı başladıqdan dərhal sonra İŞİD-in Kərkükə hücum etməsi yerli türkmən əhaliyə ağır zərbə vurub. Xeyli sayda türkmən öldürülüb, çoxlu sayda insan isə növbəti dəfə yer-yurdlarını itirib. Koalisiya aviasiyasının “yanlışlıqla” Kərkükdə qadınların məclisini bombalaması nəticəsində çoxlu sayda qadın və uşaq öldürülüb, 70-dən çox insan yaralanıb. 

Türkmənlərin acınacaqlı durumu Türkiyədə və Azərbaycanda da böyük əks-səda doğurub. Artıq ictimai qurumlar, müstəqil təşkilatlar türkmənlərə yardım etmək haqqında danışırlar. Ancaq hələlik əsasən fərdi təşəbbüslər, yaxud da yardım aksiya fikirləri ortaya atılıb. İraq Türkmən Cəbhəsi lideri Ərşad Salehinin Azərbaycan hakimiyyətinə müraciət edərək yardım istəməsi sosial mediada geniş rezonans doğurdu. İndi ən çox gündəmdə olan məsələlərdən biri də Azərbaycanın və Türkiyənin İraq türkmənlərinə necə hansı şəkildə yardım edə biləcəyi ilə bağlıdır. Konkret olaraq Azərbaycan İraq türkmənlərinə hansı yardımı edə bilər? 

Məsələ ondadır ki, İraqda sayca 3-cü etnik qrup olan (ərəblər və kürdlərdən sonra – K.R) türkmənlər uzun illər siyasi təzyiqlər səbəbindən təşkilatlana bilməyib və onsuz da diktatura zülmü altında inləyən İraqın ən hüquqsuz etnik qrupu olub. 

Kürdlər 100 ilə çatan siyasi təşkilatları rejim basqısı olsa da, kürdlərin haqlarının müdafiəsində iştirak edib. O cümlədən digər kiçik qruplar da Avropa və beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunsa da, türkmənlər faktiki olaraq ən hüquqsuz qrup olublar. Türkmənlərin təşkilatlanması Birinci Körfəz müharibəsindən sonra olub. Türkiyə Ordusu və qismən də dövlət gizli şəkildə türkmənlərin təşkilatlanmasına yardım edib. Kərkükdə və digər türkmən bölgələrində İraq Türkmən Cəbhəsi güclü şəkildə təşkilatlanıb, telekanal (“Türkmeneli”), radio və qəzetləri yaradılıb, hətta silahlı dəstələri formalaşdırılıb. 

Ancaq İraq Amerika tərəfindən işğal olunduqdan sonra Türkiyənin sərhədin o tayına əli çatmayıb. Bu tarixdən sonra kürdlər faktiki olaraq Kərkük və Mosul bölgələrində möhkəmlənməyə başlayıb, türkmənlərin bir çoxu xarici ölkələrə (Avropa və Türkiyə), o cümlədən İraq ərazisində Bağdad və digər nisbətən təhlükəsiz bölgələrə köç edib. Məhz Ərbil mərkəzli kürd muxtariyyətinin güclənməsi paralel olaraq türkmənlərin həm hüquqlarını, həm də torpaqlarını itirmələri ilə nəticələnib. Son 20 ildə isə türkmənlərlə bağlı vəziyyət nisbətən dəyişib. Türkmənlərə öz dillərində məktəb açmaq haqqı tanınıb. Bundan başqa mərkəzi və yerli hökumətə seçkilərdə türkmənlər də iştirak edib parlamentdə təmsil olunub. Eyni zamanda hökumət kabinetində türkmən nazirlər görünməyə başlayıb. O cümlədən Kərkük, Tuzhurmatı, Amirli kimi bir çox türkmən şəhərlərində vali, polis rəisi kimi vəzifələrdə türkmənlər işləyib. Ancaq İraqda terrorun yenidən baş qaldırması, xüsusən də türkmən bölgələrinin də daxil olduğu ərazilərdə İŞİD-in peyda olması türkmənlərin nisbətən sabitləşən həyatını yenidən qaraldıb. Mosulun işğalı ilə daha sonra Amirli, Tuzhurmatı, Telafer, Kərkük kimi türkmən şəhrələrinə edilən hücumlar türkmən əhalinin böyük bir qisminin yenidən qaçqın həyatı yaşaması ilə nəticələndi. Minlərlə türkmən Bağdad, Nəcəf, Kərbəla kimi nisbətən sakit şəhərlərə pənah apardı. Bununla da türkmənlər Səddam dönəmindən sonra ikinci dəfə torpaqlarını itirdilər. 

Türkmənlərin daha bir sıxıntısı etnik amilin deyil, məzhəb ayrılığının önə çıxması oldu. Şiə türkmənlər Bağdad mərkəzi hökuməti ilə əməkdaşlıq etsələr də, İTC-nin təmsil etdiyi sünni türkmənlərə daha çox Ankara ilə yaxın təmas daxilində siyasi qərarlar verdi. Ankara isə Bağdadla deyil, Ərbillə türkmənləri barışdırmaq, türkmənlərin nisbətən daha sabit və iqtisadi inkişafa malik kürd muxtariyyəti tərkibində xüsusi hüquqlar almasına çalışdı. Ankara Ərbil üzərində təsiri ilə türkmənlərin qorunması və haqlarının mühafizəsini təmin etməyi planlaşdırırdı. Bu ayrılıq səbəbindən İŞİD-in türkmən şəhərlərinə hücumu zamanı türkmənlər birləşə bilmədilər. Şiə türkmənlərin köməyinə İran gəldi və Amirlinin İŞİD-dən geri alınmasında iranlı general Qasim Süleymani iştirak etdi. Bununla da faktiki olaraq türkmən məsələsi Ankara ilə Tehran arasında bölündü. 

Son hadisələr isə göstərdi ki, Bərzaninin rəhbərlik etdiyi kürd administrasiyası daha çox ərazilər ələ keçirmək və İraqın şimal ərazilərində möhkəmlənməkdə qərarlıdır. Bərzani administrasiyasının türkmənləri müdafiə edəcəyi ehtimalı isə faktiki olaraq özünü doğrultmadı. Bu səbəbdən də indi türkmənlər yenidən birlik və qardaş ölkələrdən dəstək axtarmağa məcburdular. Ancaq indi faktiki olaraq Türkiyə Bağdadla düşmən münasibətləri səbəbindən İraqın şimalında türkmənlərə açıq yardım edə bilmir. 

Azərbaycanın isə İraqın şimalına necə deyərlər “əli çatmır”. Üstəlik Bakı üçün bu mövzu həddən artıq həssasdır. Ən yaxşı halda Azərbaycan hakimiyyəti türkmənlərə humanitar yardım göndərə bilər. Çünki daha “artıq müdaxilə” Bakı üçün başağrısına çevrilə bilər. Əvvəla, qaçqınlar arasında terrorçular da qarışa bilər. İkincisi isə birbaşa açıq yardım Bakının tərəf olmasını göstərəcək, bu isə indi Azərbaycana heç bir halda lazım deyil. Yalnız humanitar yardımlar göndərilə bilər ki, hələlik bu barədə kimsə danışmır. 

Türkiyə isə hələlik İraqa müdaxilə edə bilmir. Doğrudur, ötən gün xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İŞİD-in yenidən Telafer və Türkiyə sərhədinə yaxın bölgələrə hücumu olarsa Türkiyə birbaşa müdaxilə edəcək. Çavuşoğlu İraq könüllü ordusu Həşdi Şabinin Mosul əməliyyatında iştirakından narahat olduqlarını və birbaşa iştirak edəcəkləri təqdirdə Türkiyənin lazımı addımları atacağını bildirib. Eyni zamanda XİN rəhbəri Türkiyənin türkmənləri yalnız buraxmayacağını bildirib.(Musavat.com)

Oxunuş sayı 1399 dəfə
Şərh vermək üçün giriş edin
Top