Cümə axşamı, 07 Oktyabr 2021 21:54

Natiq Adilovun briqadasının hücumlarına sonuncu cavab

Bir müsibət, min nəsihətdən üstündür, deyib atalarımız. Bu kəlamla yola çıxaraq, Natiq Abdulovun başçılıq etdiyi briqadanın intensiv hücumlarına sonuncu cavab atəşimi açıram. Sonra bir "güllə" də istifadə etməyəcək. Çünki dayanmadan atəş açacağım(ız) cəbhə tam başqadır - tayfa hakimiyyətinin nadürüst mövqeləri!
Cənablar, söz və hərəkət bir-birini tamamlayaraq, əməl olur. Ancaq danışmaq, ən yaxşı halda boşboğazlıqdır ki, bunun da bariz nümunəsini Natiq Adilov sinfində müşahidə edə bilərik. Bəyimiz bir siyasi təşkilatın mətbuat xidmətçisidir. Təmsil olunduğu təşkilatın üzvləri, təəssübkeşləri bəyimizin klaviaturasından asılıblar, sanki. Bu bölüyə din düşmənlərini də əlavə eləsəm, babat briqada düzəlir.
Əlqərəz, Natiqin briqadası son aylar pusuda yatıblar, fürsəti fota vermirlər. Şəxsimə qarşı kəsici, deşici, yandırıcı silahlardan istifadə edirlər. Lakin güllələrin "xalastoy" olduğunu bilmirlər. Cənab komutan aldadır!
Deməliyəm ki, mən AXCP adlı təşkilata qarşı heç zaman müxalif olmamışam. 2019-cu ilin oktyabrında Kərimli başını sarıyıb, efirə çıxan günün səhəri Almaniyada 100 nəfərdən ibarət etiraz yürüşü təşkil etmişəm. Həmin vaxt Kərimlinin şəkliylə oturum üçün müraciət edənlərdən bəziləri məni deport elətdirmək üçün alman idarələrində sülənirdilər.
Elə o ərəfələrdə AXCP-in əsas simalarından biri və mənim də sayğı duyduğum şəxsi Almaniyada həkimə aparmaq üçün bir cəbhəçi tapılmırdı. Ayda azı iki dəfə 400 km aralıda yerləşən xəstəxanaya aparmaq lazım idi ki, əksər halda mən aparırdım. Bunu minnət üçün demirəm, gördüyüm işi dəyərdən salmamaq üçün ad da çəkmirəm. Bilənlərdən rica edirəm, siz də ad çəkməyin. Cəbhəçi adlandıran zatlar o zaman ancaq şəkil çəkdirmək üçün həmin şəxslə görüşməyə can atırdılar. Demək istəyirəm ki, siz beləsiz, dəyərlərinizə belə sahib çıxırsınız...
Bir il Almaniyada yaşadığı dövrdə bir cəbhəçi qapısını açmadı, qonaq aparmadı. Ad günündən bir həftə sonra mən qonaq gətirdim. Dedi ki, 9 ayda ilk dəfə siz məni qonaq edirsiz. Amma indi görürəm ki, ad günü ərəfəsi şəklini paylaşırsız. Ayıb olsun, sizin kimi ikiüzlülərə. (Hamıya aid deyil).
Dəqiq yadımdadır, 06 avqust 2020-il tarixdə axşam zəng edib dedilər ki, səhər saat 08:00-da həkimdə olmalıdır. Çox vacib işlərim olsa da, hamısını kənara qoyub, yola düşdüm və xəstəxanaya 200 metrə qalmış maşın yoldan çıxdı. Allah saxladı. Gecəni yatmamışdım, 400 km yolu birbaşa sürmüşdüm. O adam dərindən ah çəkib, bir nəfər sizinlə gəlsəydi yaxşı olardı, dedi və başını aşağı saldı. Cəbhəçilərə zəng etsələr də heç kim aparmamışdı, dedi. Cəbhəçilər heç yardımçı sürücü kimi də getmirdilər. Çünki o şəxsin nələrsə edəcəyinə inanmır, şəxsi maraqlarını düşünürdülər.
Mən həmin Cavidəm. O zaman da məni təhqir edir, haqqımda böhtan yazırdınız. Hər dəfə söhbət düşəndə deyirdi ki, cahildirlər, fikir verməyin. İran agenti hesab etdiyiniz Cavid sizin etməli olduğunuz işləri görüb, minnət qoymadan, təmənna güdmədən. Yenə də edərəm və edəcəm. Çünki mənim tərbiyyəm budur. Siz isə cahil və fürsətçil olaraq qalacaqsız.
Öz əqidədaşına maraqları çərçivəsində münasibət göstərənlər lənətlə yad olunurlar.
Qeyd edim ki, bu mövzuda Natiq Adilovun briqadası kəskin hücuma keçməsəydi, bir kəlmə də yazmaq fikrində deyildim. Təəssüflər..!
Cavid Cabbarlı
 
Oxunuş sayı 485 dəfə
Şərh vermək üçün giriş edin
Top