Çərşənbə, 06 Oktyabr 2021 22:10

Düşmənimiz kimdir; rus, fars, erməni yoxsa?!

Dostlar, gəlin müzakirə edək. Kimdir düşmənimiz?
Müharibə və falakka (ll yazı)
“Xalq evinin içində başına avtomatın qundağı ilə vurula-vurula öldürülən nardaranlının harayını eşitmir amma İranın Təhlükəsizlik naziri Mahmud Ələvinin sabah nə düşünəcəyini müzakirə edir”
...Və milyonları olan ölkənin kölə halına salınmış insanını, onu kölə halına salanlar inandıra biliblər ki, sizin əsas düşməniniz İrandır, farslardı (Hətta o qədər inandırıblar ki, bu günlərdə xalqımız üçün əsas düşmən kateqoriyasında ermənilər farslardan sonrakı yeri bölüşür).
Milyonçu ölkənin hüquqsuz vətəndaşı isə hüququnu, haqqını tələb etmək əvəzinə "fars-rus-erməni-bunlar türkün düşməni" deyib haray çəkir və rahatlaşır. Xalq milyonların hesabını soruşmur. Əsas canındakı aqressiyanı çıxarmaqdır. Xalqın aqressiyasını yönləndiriblər Arazın o tayına…
Niyə SUSURUQ?
Xalq Allahın ölkəmizə bəxş etdiyi sərvətini talayanları qnamır, neftini, qazını kimin sümürdüyündən narahat olmur, hər gün artan qiymətlərə etiraz etmir, bütün dünyada verilən uşaqpulunun Azərbaycanda niyə verilmədiyini soruşmur. Deməli, özünün və uşuşağının haqqını tələb etməyi bacarmır.
Xalq təhsilinin, səhiyyəsinin, kənd təsərrüfatının məhv edilməsinə etiraz etmir.
Xalq kəndlinin əlindən otlaq və əkin sahələrinin, suyunun alınaraq məmurlara verildiyinə etiraz etmir.
Xalq keyfiyyətsiz qidalanmaqdan saralmış məktəblilərin haqqını tələb etmir.
Soyuducusunda Leş Tofiqin istehsalı leşlərdən hazırlanmış ən ucuz sosiska kolbasa da qəhətə çıxan azərbaycanlının beynini anasının əmcəyini kəsən “media kapitanları”, sosial şəbəkə dəllalları o həddə zəhərləyib ki, hər gün yuxudan oyanan kimi İranı necə bombalayacağı haqqında düşünür. Qazın, işığın, suyun, ərzaqların qiyməti qalxdqca xalq İrana daha çox söyür.
Azərbaycan telekanallarında isə Rusiyanın Ermənistana Azərbaycan torpaqlarından yardım daşıdığı haqqında bar-bar bağırırlar. Hətta uca xalqım bunu da görmür. Amma İran yük maşınlarını diqqətlə izləyir.
Çünki xalqın başını İran -İsrail mövzusu ilə qarışdırıblar.
Qazilərimizi Tolikə möhtac edənlərin Tərtər cinayəti
Ötən ilin sentyabrında müharibəyə aparılan qazilərimiz hələ də sənədlərini almaq üçün "Papaninin" yollarında əsir yesir edilib, neçəsi bu ədalətsizliyə dözməyib intihar edib xalq SUSUB.
Xalq, Vətən yolunda cavan canını, bütün sağlamlığını qurban verən qazisinin Tolikə, Lənbəraniskiyə möhtac edildiyinə etiraz etmir.
Göydən yerə yağış düşən kimi ölkənin paytaxtı iflic olub xalq susub.
Ölkənin ən yaxşı hərbçilərini, prezidentin təltif etdiyi qəhrəman döyüşçülərini vətən xaini damğası ilə Tərtər cinayətində məhv etdilər. 2 minə yaxın hərbçinin məhv edildiyi Tərtər qətliamına susan Azərbaycan xalqı İrandakı din xadimlərini hər gün acqarına yüz dəfə söyür.
Ay qardaşım, ay bacım, sənin zabitini atasının başına işəməyə Seyyid Həsən Amili məcbur etməyib, heç Paşniyan da məcbur etməyib.
Mənim vətənimi qoruyan hərbiçimi, ölümün üstünə atılan hərbiçimi ilanların arasına atıb onun qorxmağını seyr edənlərə, hərbiçimi zorlayanlara, dişini qırıb, sinirini toka verənlərə, su istəyəndə öz sidiyini içirənlərə bu əməlindən sonra yüksək rütbəni də İbrahim Rəisi verməyib. Bunu edənlərə orden medallar verib, rütbəsini böyüdənlər İran ayətullahları da deyil.
Xalq evinin içində başına avtomatın qundağı ilə vurula-vurula öldürülən nardaranlının harayını eşitmir amma İranın Təhlükəsizlik naziri Mahmud Ələvinin sabah nə düşünəcəyini müzakirə edir.
Yunis Səfərovu niyə qorumadınız?
Xalqı Şəhidimizi, dinimizi, dəyərlərimizi təhqir edən məmura yerini göstərən Yunis Səfərovun taleyi narahat etmir.
Xalq onun neft pullarının hara xərcləndiyini soruşduğuna görə şərlənərək həbs edilən Tale Bağırzadəyə telekanalların vurduğu "İran agenti" damğasına etiraz etmir.
Qobustan zindanında, qaynar günəşin altında çarmıxa çəkilərək günlərlə ac-sussuz işgəncə verilən Abbas Hüseyndən “xəbərsizlər” PKK-nın İran filalı olan PEJAK üzvü, ölkəsində 11 hərbiçinin ölümünə səbəb olan terror aktını törədən Ramin Hüseyn Pənahinin hüquqlarını beynəlxalq təşkilatların müdafiə etməsini tələb edib, bu terrorçuya zar-zar ağlayırlar. Bu da cəhənnəmə, xalqa bu terrorçunu “İranda ana dilimizdə şeir yazdığına görə edam edilən” şair kimi təqdim edirlər. Milliyyətcə kürd olan Ramin Hüseyn görəsən niyə görə Azərbaycan dilində-ana dilində “şeir yazırmış?”
“Səid Dadşbəyli”, “Gəncə işi”, “Nardaran işi”, “Tərtər işi” adlı cinayətlərdə minlərlə gəncimiz, ən yaxşı insanlarımız məhv edildi.
Ləyaqətli insanlarımız işgəncə ilə, döyülə-döyülə qətlə yetirildi. “Bundan xəbəri olmayanlar”, bu zülmü “görməyənlər” iranlı nazirin Azərbaycana yüz ədəd raket atacağı ilə təhdid etdiyinə and içirlər və Arazın bu tayından o tayına söyürlər o nazirin yeddi qatına.
Xalq Şəhidinin yasında qırmızı geyinib sevindiyini gözlərə soxan erməni məmurun işdən çıxarılmasını tələb etmək əvəzinə Ocaq Necatın linc edilməsini gözləyir.
Jurnalistlik fəaliyyətim zamanı öldürülmüş və ya qətlə yetirilmiş, haqsız yerə şərlənərək həbs edilmiş yaxınının, doğmasının haqqını tələb etməyə qorxan adamları gördüm. Bu adamların çoxluq təşkil etdiyi ölkəmin insanları gündə yüz dəfə İranı “bombalayır”, Yaxın Şərqdə sivil insanları terrorçulardan xilas edən Şəhid general Qasim Süleymaniyə söyür.
Uçuq MƏKTƏBİMİZ
Sözün bütün mənalarındakı məktəbimiz uçuqdur. Yəni normal məktəbi olan xalqın gözü açıq olur.
Böyük azərbaycanlı Yusif Vəzir Çəmənzəminlinin “Xarici siyasətimiz” əsərində MƏKTƏB mövzusu çox gözəl vurğulanıb:
“Hər bir məmləkətə təzə qüvvə verən, onun qabağa getməsinə səbəb məktəb olur. Hansı məmləkətin məktəbi nizami olsa və sayca artıq olsa o biri məmləkətə qalib gələr- istər davada, istər ticarətdə, istər sənətdə. Məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər. Məktəb təzə fikirli adamlar yetirir. Bunlar da cəmaətin məişətini dəgişməyə çalışırlar”.
Bəli, böyük mütəfəkkirimiz məktəb dedikdə təkcə məktəb binasını nəzərdə tutmurdu. O, təhsili nəzərdə tuturdu və düz hədəfləmişdi: “Məktəb təzə fikirli adamlar yetirir. Bunlar da cəmaətin məişətini dəgişməyə çalışırlar”. Baxın, beynimizi zəhərləyənlər, təhsilimizi məhv edənlər gözəl məktəblərin yetişdirəcəyi insanların dəyişdirəcəyi cəmiyyətdən, maariflənən xalqdan qorxurlar. Çünki bütün dövrlərdə rejimin sonunu təhsil, maariflənmə bitirib.
Azərbaycanın paytaxtı Bakıdakı orta məktəblərin bufetindən xəbəriniz var? Axı gələcək nəslin sağlam yetişməsi üçün sağlam qidalanma əsas şərtdir. Niyə görə Azərbaycan xalqnın sərvəti ilə milyonlar qazanan haramzadalara məcbur edilmir ki, öz hesablarına orta məktəbləri sağlam, pulsuz qida ilə təmin etsinlər? İnanın ki, bizim xalq olaraq başımız bu İran-İsrail söhbətindən ayrılsa məktəblərimizdə bu pulsuz, sağlam qidalanma tələbimizi qoyarıq və həyata keçirməyi də bacararıq. Yetər ki, ÖZÜMÜZÜ düşünək!
Rusiyada körpələrə pulsuz qida verilir, bəs Azərbaycanda niyə verilmir? Məgər biz kasıb ölkəyik?
Xalqın təhsili məhv edilib amma buna susan bizlər İrandakı azərbaycanlıların təhsilindən daha çox narahatıq. Evdə uşağının dərslik kitabına bir dəfə baxmayan, vərəqləməyən, mövzulara münasibət bildirməyən valideyinlər İrandakı azərbaycanlıların təhsilsizliyindən narahat olur. Çünki qaydadır, özünə umac ova bilməyənlər həmişə başqasına əriştə kəsməyə can atır.
Məsələn bizim kəndimizdəki yeganə orta məktəb uçub. 1968-ci ildə tikilən məktəbin bünövrəsi yoxdur. Qardaşımın 11 yaşlı oğlu da bu məktəbdə təhsil alır. Məktəb hər dəqiqə uça bilər. Amma qardaşımı məktəbin uçmasından, neft və milyonlar səltənətində oğlunun uçuq məktəbdə qorxa-qorxa oturmasından daha çox "İrandan hər gün Ermənistana daşınan silah dolu tırlar" narahat edir. Sübut istəyəndə, sosial şəbəkələrdəki montaj videolarını göstərir.
Qardaşım Qarabağda 3 il könüllü döyüşüb, bütün sağlamlığını itirib Vətənin müdafiəsində. Bu gün 80 manat prezident təqaüdü alır. Aşıq Ulduz isə saz çaldığına görə 1450 manat prezident təqaüdü alır. Qardaşımın bundan xəbəri yoxdur və xəbər tutanda da buna məsələn, İran tırları qədər əhəmiyyət vermədi.
Qardaşıma 190 manatlıq yardımı da vermədilər ki, bəs prezident sənə təqaüd verir. Hətta qardaşımın xanımına da 190 manatlıq yardımı vermədilər ki ərin prezident təqaüdü alır.
Üstəlik, kəndimizin suyunu kəsiblər deyə, qardaşımın borc pulla yer şumladıb əkdiyi bostanı məhv oldu. Daşkənddə təhsil alıb gələn qardaşım indi qoyun otarıb xəstəliyini müalicə etdirir. Uşaqlarını hazırlığa qoymağı planlaşdırır amma pul tapa bilmir.
Evdə üşüyə-üşüyə gəzir evi qızdırmağa ürək eləmir ki, işıq pulu limitini keçər və əlavə pulu ödəyə bilməz.
Və ən dəhşətlisi odur ki, qardaşımın xəstəliyi ilə bağlı İrandakı müalicəsi də yarımçıq qalıb. Azərbaycandakı dərmanların həddindən artıq bahalığı və keyfiyyətsizliyi isə müalicəyə mənfi təsir göstərir.
Baxın, biz belə azərbaycanlıyıq. Düşmən təpəmizi yumruqlayıb, qanımızı içir, sümüklərimizi qırır, gözlərimizi ovur, beynimizin içini dağıdır biz isə lap uzaqlara boylanıb gözümüzün içindəki düşməni axtarırıq. Kimdir DÜŞMƏN?
Arzu Abdulla 
Oxunuş sayı 639 dəfə
Şərh vermək üçün giriş edin
Top