Çərşənbə, 03 Fevral 2021 22:01

“Nuriyev, harda nəyi danışdığınıza fikir verin”

Əlbəttə, verlişlərin birində etiraf etdiyin kimi, hətta ailən qarşısında həmişə üzü kölgəli olacaqsan

"Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!" bu fikir hüquq müdafiəçisi Novella Cəfəroğluna məxsusdur. Nuriyev haqqında çox sərt ifadələr qazanıb, mən daha uyğununu seçdim. Bu barədə bir qədər sonra danışacam.

Əvvəlcə keçmiş deputat haqqında yazma səbəbimi izah edim: Bir neçə gün əvvəl Cümşüd Nuriyev cənabları TV efirlərin birində qarşıdurmaya səbəb ola biləcək davranışda bulunub. O, dini ayrımçılıq edərək, şəhidlərimiz haqqında namünasib sözlər istifadə edib: Azərbaycan ordusunun qazandığı qələbəyə kölgə salınır. Nə vaxtdan Azərbaycan ordusu İmam Hüseyn ordusu olub? Bizi xristian dünyası ilə üz-üzə qoymağa çalışırlar. Fars yönümlülüər çox güclü işləyirlər. Gənclərimizin qeyrətinə, şərəfinə niyə kölgə salırlar? Bunlar hamısı 5-ci kalondur”.

Nuriyevin bu cür danışması ilk deyil, son da olmayacaq. Təqribən bir il əvvəl I Qarabağ savaşında iştirak edən qadınlara əxlaqsız deyərək, gündəmə gəlmişdi. Hüquq müdafiəçisi Novella xanım və digərləri ona yerini göstərdilər, əlinə qaşıq verdilər. Ağıllanacağını düşünürdüm, ağıllanmamış!

Xüsusi qeyd etməliyəm ki, Təfəkkür Universitetində (1995-ci ildə təsis edilib) hüquq oxuyan Nuriyev (1955-ci ildə doğulub), ziddiyyətli hadisələrlə əhatlənmiş bir zatdır. Məsələn, təqribən 37 yaşlı, Ali Sovetin deputatı (1990-1995) Cümşüd cənabları I Qarabağ savaşında Ağdama erməniyə güllə atmaq üçün deyil, mebel gətirmək üçün gedib, iddia edilir. Mebel gətirdiyi səfərdə saxta veteran vəsiqəsi “qazandığı” da deyilir. Bir zamanlar tanınmış Qarabağ qazisi Vaqif Əlisoy Qarabağ savaşçılarına səslənirdi: “Cümşüd Nuriyevin saxta “Qarabağ veteranı” vəsiqəsin ləğv olunması üçün ayağa qalxsınlar. Qoy o, indiyədək aldığı müavinəti dövlətə qaytarsın”.

Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993-1995) işləmiş Nuriyev 28 il sonra asqırıb, ayılmışdı ki, eyni hakimiyyəti paylaşdığ(lar)ı şəxs(lər) dövlət əmlakını talayırmış. Özü yaxşı bilir, hansı məsələni nəzərdə tuturam. Niyə 28 il sonra yadına düşüb, deyə soruşsanız, “ağaları o zaman əmr veriblər”, deyə bilərəm.

Bunları təsadüfən qeyd etmirəm, haramdan ibarət həyatı olan bir şəxsin İmam Hüseyn (ə) və onun məktəbi haqqında müsbət fikir səsləndirdiyi tarixdə görünməyib, demək istəyirəm. Müstərih olun cənablar, əksini eşitsəydik, təəccübümüz rahatımızı pozardı.

İndi isə bəzi dostların rahatsızlığına səbən olan ziddiyyətli sözləri haqqında bir neçə cümlə…

Azərbaycan ordusunun qazandığı qələbəyə kölgə salınır. Nə vaxtdan Azərbaycan ordusu İmam Hüseyn ordusu olub?”

Bu zat təqribən 45 yaşında hüquq oxusa da, tarix oxumağa heç zamanı olmayıb, anlaşılan. Sualı belə qoymalıydı: Nə vaxt Azərbaycan ordusunda İmam Hüseynə sevgi olmayıb? Azərbaycanın bir kəndini göstərsə ki, orada İmam Hüseynə ən azı sayğı yoxdur, o zaman üzr istəyib, bütün yazdıqlarımı geri çəkəcəm. Əks halda insanların düşüncəsinə və inancına sayğı göstərmək zorunda deyilmi?

II Qarabağ savaşı başlayan gündən indiyə qədər, Azərbaycan Ordusunun və xalqının fədakarlığı, cəsarət və torpağa sevgisini təqdir etmişəm. Bu, günəş kimi aydındır. Cümşüd Nuriyev, lütfən cavab verin, Azərbaycan ordusunun tərkibi hansı xalqdan ibarətdir? Azərbaycan xalqından ibarətdirsə, İmam Hüseyn (ə) sevgisini qanında və ruhunda gəzdirən xalqın övladlarından ibarət olan orduya İmam Hüseyn ordusu demək niyə suç olsun? İmam Hüseyn şüarı ilə düşmən üstünə yürümək və şəhid olmaq qələbəyə kölgə salır, yoxsa döyüş zamanı fürsətçilik edib mebel daşımaq?

Nuriyev cənabları iddia edir ki, Azərbaycanı xristianlarla üz-üzə qoymağa çalışırlar: “Bizi xristian dünyası ilə üz-üzə qoymağa çalışırlar. Fars yönümlülüər çox güclü işləyirlər.

Yalançının və iradəsi öz əlində olmayanın yaddaşı olmaz. 44 günlük savaşda ermənilər özlərini dünyaya məzlum və yazıq göstərmək üçün yaşlıların, hətta keşişlərin əlinə silah verib cəbhə xəttinə göndərmirdilərmi? Keşiş paltarında bizə güllə atan ermənini normal döyüşçü, İmam Hüseyn deyərək, şəhid olan əsgərimizi təxribatçı adlandırırsan? Bir mülki geyimli azərbaycanlı bu savaşda əlinə silah almadısa, bütün döyüş hərb qaydalara uyğun aparıldısa, indi sən bu sözünlə kimə hansı mesajı verirsən?

Sən necə siyasətçisən ki, bir yerdə Əfqanistanla əməkdaşlığın zəruriliyini deyir, başqa yerdə farsı düşmənçiliyini iddia edirsən? Sənin dərdin fars, yaxud digər millətlə deyil, şiə əqidəsi və inancıyladır. Sən və sənin kimi təlimat alanlar erməni ilə hər zaman bir süfrəni paylaşmağa hazır olduğunuz halda, İmam Hüseyn adını kabus hesab edirsiniz.

Gənclərimizin qeyrətinə, şərəfinə niyə kölgə salırlar? Bunlar hamısı 5-ci kalondur” – deyirsən. Azərbaycanın şərəfinə kölgə salan nökərçiliyini etdiyin Heydər Əliyev və ləyaqətsiz davamçıları olublar. Qeyrətini də qumarbaz İlham Əliyev sənin kimilərin vasitəsilə zorlayıb. Bu gün şəhid olan gənclər sən nazir müavini olanda yox idilər. Sonra da təmsil olunduğun YAP Azərbaycanın şərəfini qoruyan gəncləri taleyin ümidinə buraxmışdı. Onlar ayaqyalın, ac uçuq komalarda böyüdülər. Böyüdülər və “Azərbaycan şərəfsizlərin (sənin kimi) əsiri olsa da, bizim vətənimizdir” deyib, canlarını fəda etdikləri VƏTƏNdən əbədi uyumaq üçün doğulduqları koma boyda məzar yeri pay aldılar. Sən nə fəda etmisən? Əksinə daha çox mənimsəmək üçün qatı açılmamış yaltaqlıq nümunələri kəşf etməklə məşğulsan.

Əlbəttə, verlişlərin birində etiraf etdiyin kimi, ailən qarşısında həmişə üzü kölgəli olacaqsan.

İmam Hüseyn (ə) və şəhadət məktəbi haqqında bəhs etmədim. Ona görə ki, sənin kimi harama dolaşmış bir düyün şəhadətdən danışmaqla çözülməz. Çünki bütün varlığını şərə təslim edənlər qəlbləri möhürlənmişlərdir.

Dadaş Dadaşlinski sənə verdiyi nəsihəti unutma, Nuriyev - “Harda nəyi danışdığınıza fikir verin”.

P.S. İnanıram ki, Cümşüd Nuriyevin övladları (2 övladı olsa da, oğul övladının olduğunu dəqiq bilmirəm) və heç bir yaxın qohumu Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyib.

 Cavid Cabbarlı

Oxunuş sayı 909 dəfə
Şərh vermək üçün giriş edin
Top