Cümə, 13 Sentyabr 2019 00:11

Hökumət bilərəkdən AXCP-nı gücləndirir?

Hacıyev Hafizi davakar olduğu üçün dəvət etmədiyini boynuna aldı, Fəzail əmi

Elçibəy hakimiyyətinin nazir vəzifəsini icra edən, Ana Vətən Partiyasının sahibi, 5 qat deputat Fəzail bəy Ağamalinin “təşkilatçılığı“ ilə keçirilən tədbirin nə adı, nə də özü anlaşıldı. Əslində rejim tərəfindən belə tədbirlərin keçirilməsinə əvvəllər də təşəbbüs olub. Hətta bir neçə dəfə müxtəlif formatlarda hökumətə sərf edəcəyi qədər toplantılara şahid olmuşuq.

Hamı yaxşı bilir ki, “ölkə siyasətinə xaricdən müdaxilə“ adıyla, tədbir təşkil etmək məsələnin görünən paslı tərəfidir. Hamı onu da yaxşı başa düşür k, xaricdən heç bir müdaxilə filan yoxdur. Hansı müdaxilə, müdaxiləni edənlər kim? Bax bu suallar açıq qalır. Ümumi hay-küy salmaq izi itirməkdən başqa bir şey deyil. Yaxşı, deyək ki, müdaxilə var, bunun qarşısını kim almalıdır?! Hökumətin qazanından daşanları yalamaq üçün növbəyə duran “müxalif“lər?

Məlum toplantıda Fəzail müəllimin fəzilətini şübhə altına alan bəzi məqamlar da oldu. Məsələn, Azər Həsrətin üzünə durdu ki, şəxsən özü dəvət üçün zəng edib. Azər mandata həsrət də sona qədər dirəndi ki, əşşiii dəvət, zad boş şeydi, Cənabın başı sağ olsun..!
Hacıyev Hafizi isə davakar olduğu üçün dəvət etmədiyini boynuna aldı, Ağamalı əmi. Guya İlqar Məmmədov telefonu açmayıb, Əflatun Amaşov tədbirdə imiş, Fərəc Quliyevin gəlməməsi də bərk qəzəbləndirib, təşkilatçını. Fəzail müəllimin etirafına görə, yeganə çağırmadığı təşkilat AXCP, siyasətçi də Əli Kərimli olub.

Sən demə, Əli Kərimli siyasi mühacirlərin yanında imiş, onlara dəstək verirmiş. Rejimin məntiqi ilə desək, ölkəsindən didərgin salınan, qovulan mühacirlərin yanında dayanan yeganə lider Əli Kərimlidir. Elə bu məntiqlə düşünsək, hökumət bilərəkdən, ya Fəzailin məsləhətinə qulaq asdığı üçün narazı kütləni Əli Kərimlinin ətrafına toplayır, AXCP-nı gücləndirir.

Və nəhayət!

Hökumət mühacirlərdən niyə qorxur? Hansısa dövlət və beynəlxalq təşkilat hökumətin siyasətinə müdaxilə eləmir. Bu, tam aydındır. Çünki rejim Azərbaycanın sərvətindən xalq ixtisna olmaqla, bütün dünyaya paylayır. Lap elə götürək Almaniyanı, Merkel xala niyə gizli yolla İlhamın siyasətinə müdaxilə eləsin, lazım gələndə istədiyini açıq şəkildə alırsa? Yoxsa, Trump, ya Putin İlhamdan narazıdır?! Bəlkə Tayyib yaxud Ruhani İlahmın şahlığına qarşı çıxır? Lukaşenkonun bir zəngi ilə 900 milyonu büdcədən götürüb, dədəsinin malı kimi göndərən oliqarxdan hansı xarici qüvvə narazı qalar?

Şahənşahı narahat edən Avropanın müxtəlif şəhərlərində təşkil olunan aksiyalardır. Demokratik dəyərlərin kölgəsində gizlənən ölkələr belə tədbirlərə biganə qala bilmirlər. Məcbur olurlar ki, Avropanın küçələrinə səpələnmiş azərbaycanlıları dinləsinlər. Bax o zaman, vaveyla başlayır. Dünya İlham “hünkar“dan demokratiya tələb edir, o, da yarıyuxulu Fəzailə tapşırı ki, xarici müdaxilədən danış. Əlfatihə!!

Cavid Cabbarlı

Almaniya

Oxunuş sayı 861 dəfə
Şərh vermək üçün giriş edin
Top