Cümə axşamı, 02 May 2019 12:34

"Hazırladığımız sənəd məlum sazişə etiraz etmək üçün hüquqi baza yaradır" - Cavid Cabbarlı

Yaxın günlərdə (13.05.19) Azərbaycanla Avropa Birliyi arasında saziş imzalanacaq. Bu sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti ola bilər. Sazişin detalları ictimaiyyətə məlum olmadığı üçün, konkret fikir bildirməkdə çətinliklər yaranıb. Hökumət sazişin mətnini ictimai müzakirəyə çıxarıb, dövlət maraqlarımıza zidd olan bəndlərinə qarşı, xalqın dəstəyindən yararlana bilərdi. Lakin etmir, heç etməyəcək də. Gizlində, tələm-tələsik imzalanma törəni keçirmək, görünür hamıdan çox Azərbaycan hökumətinə sərf edir.
Məlum sazişlə bağlı bir daha mövqeyimi bəyan edirəm, Avropa Birliyi və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq sazişi imzalamaq ölkəmiz üçün zəruri addımlardan biridir. Ən azı demokratik dəyərlərə açılım etmiş olarıq. Amma indiki vəziyyətdə hansısa əməkdaşlıq sazişinə imza atmaq dövlətimiz və xalqımız üçün ziyanlı ola bilər. Məhz bu məntiqə əsaslanaraq, Avropada yaşayan azərbaycanlılar olaraq, məlum sazişlə bağlı mövqe sənədi hazırladıq. Hazırladığımız sənəd ictimaiyyətə təqdim olunandan sonra bəziləri tərəfindən çox ciddi təpki gördük və hələ də təzyiqlər davam edir.
Əvvəl şayiə yaydılar ki, guya mən köklü olaraq, sazişə qarşıyam, sonra dedilər, hazırladığımız sənəd plagiatdır. Lakin məlum oldu ki, bu iddialar böhtan, yalan və əleyhimizə aparılan qara piardan başqa bir şey deyil. Sonra sənədi imzalayanları dövləti-xəyanətdə suçlamağa başladılar. İndi də deyirlər ki, heç bir etiraz etməyin, hökumətin oyununa qarşı çıxmayın, imkan verin saziş imzalansın, ratifikasiya mərhələsində etiraz edərik. Göründüyü kimi çox məntiqsiz tələbdir və insanların məlumatsızlığından sui-istifadə etməkdir.
Avropa Birliyi tərəfindən hər hansı bir saziş imzalanacaqsa, əvvəl həmin sənəd üzv ölkələrin parlamentlərinə göndərilir. Hər dövlət həmin sənədin öz qanunlarına uyğunluğunu yoxlayır, irad və təkliflərini bildirir. Beləliklə sənəd imzalanmaya hazırlanır. İmzalanandan sonra protokol qayda olaraq, sadəcə ratifikasiya olunur. Yəni təsdiqlənir. Həmin sənədə ratifikasiya dövründə müdaxilə etmək mümkün deyil. Bu tələb - ratifikasi dövründə etiraz edərik - sadəcə hökumətə və AB-ə zaman qazandırmaqdan başqa bir şey deyil. Və hesab edirik ki, hökumətin mövqeyilə tam üst-üstə düşür.
Digər tərəfdən, fərz edək ki, ratifikasi dövründə etirazların faydası olacaq, bizim indi tələb və şərtlər irəli sürməyimiz, bunların dediyini təkzib edir? Əlbəttə, etmir. Əksinə həmin dövrdə etirazlarımızı daha təsirli etmək üçün, hüquqi baza yaradır.
Bir məsələni də anlamaq çətindir, məlum sazişin konkret tələblər çərçivəsində imzalanmasını əks etdirən sənədə imza atmaq, niyə xəyanət hesab olunmalıdır? Düşünürəm ki, bu iddia, hökumətin “erməni dəyirmanına su tökmək“ ittihamına çox oxşayır.
Avropada yaşayan səmimi vətənpərvər azərbaycanlılara bir daha səslənirəm, sənədlə tanış olun, istəsəniz dəstək verin ki, qəsbkar rejimdən xilas ola bilək.
Sənədin ən son variantını təqdim edirəm:
“ Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanacaq Sazişlə bağlı
MÖVQE SƏNƏDİ
Bu sənədi imzalayan Avropa Birliyi ərazisində yaşayan azərbaycanlılar düşünürlər ki,
- Azərbaycan Respublikasında demokratik dəyərlərin, insan hüquq və azadlıqların oturuşması, ölkədə hüquqi dövlətin və azad vətəndaş cəmiyyətinin qurulması və möhkəmlənməsi;
- Azərbaycan Respublikasının sivil dünya ilə açıq, şəffaf, ardıcıl və stabil inkişafı şərtləndirən münasibətlərin qurulması;
- Azərbaycan Respublikasının təbii resurslarından xalqın rifahı üçün istifadə olunması və ölkədə normal iqtisadi sistemin qurulması
naminə Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında hərtərəfli inteqrasiya nəzərdə tutuan Sazişin imzalanması bu gün Azərbaycan Respublikası üçün həyati əhəmiyyət kəsb edir və bu Saziş Azərbaycan Respublikasında ən azı aşağıdakı məsələlərin təxirəsalınmaz həllini nəzərdə tutmalıdır:
1. Azərbaycanda hakimiyyət bölgüsü ilə bağlı
Azərbaycan Respublikası 1969-cu ildən etibarən keçmiş SSRİ rəhbərliyinin təyin etdiyi və dəstəklədiyi KGB generalı H.Əliyev tərəfindən idarə olunub. 1982-ci ildə H.Əliyev o zamankı SSRİ rəhbəri Y.Andropovun dəstəyi ilə SSRİ-nin ali rəhbərliyinə aparılıb, KP Siyasi Bürosunun üzvü və SSRİ NAzirlər Soveti sədrinin 1-ci müavini təyin olunub. 1993-cü ildə demokratik yolla seçilmiş ilk postkommunist hakimiyyət Rusiyanın yardımı ilə hərbi çevriliş nəticəsində devrildikdən sonra H.Əliyev yenidən Azərbaycana rəhbərlik etməyə başlayıb. Onu vəfatından sonra 2003-cü ildə oğlu İ.Əliyev saxta yolla və Rusiyanın birbaşa yardımı ilə prezident kürsüsünə otuzdurulub. Buna etiraz edən əhaliyə qarşı görünməmiş qəddar zorakılıqlar törədilib. İnsanlar döyülüb, işgəncələr verilib, kütləvi siyasi həbslər və repressiyalar həyata keçirilib.
Azərbaycan Respublikasının Konstitusiyası saxta referendumlar təşkil edilməklə son 25 ildə 3 dəfə oğul Əliyevin istək və arzularına uyğun yazdırılıb. Ölkə parlamenti (Milli Məclis) tam tərkibdə prezidentin nəzarəti altındadır. Ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur və o, prezidentdən asılı vəziyyətdədir. Hakimiyyətin hər üç qolu: qanunverici, icra və məhkəmə hakimiyyəti birinci ailə tərəfindən mənimsənilib və ölkədə mütləqiyyətə əsaslanan bir rejim hökm sürür.
2. Seçkilərlə bağlı
Ölkədə seçki institutu işləmir. Ata və oğul Əliyevlərin hakimiyyəti dövründə keçirilən bütün və hər növ seçkilər (bələdiyyə, parlament və prezident seçkiləri) bu illər ərzində saxtalaşdırılmışdır. Ata və oğul Əliyev öz hakimiyyətlərinə hər dəfə saxta seçkilər vasitəsilə qanuni don geyindirməyi bacarıblar. Xalqın seşkilər yolu ilə öz iradəsini ifadə etmək hüququ onun əlindən faktiki olaraq alınıb. Sekilər ərəfəsində ölkədə seçki şousu qurulsa da, hamı bilir ki, parlamentə və bələdiyyələrə üzvlər təyinatlıdır. Parlamentə prezidentin razılığı olmadan kimsə düşə bilməz. Ölkədə seçki keçirilməsinə məsul olan struktur - Mərkəzi Seçki Komissiyası tam tərkibdə prezidentin nəzarəti altındadır. Qanunvericilikdə proporsional seçki sistemi ləğv edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki pozuntuları ilə bağlı yüzlərlə işə baxıb və hökuməti cərimələyib.
3. Siyasi məhbuslarla bağlı
Beynəlxlaq hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, ölkədə hazırda siyasi mövqeyinə görə 100-dən artıq məhbus var. İki ay əvvəl onların sayı 160 nəfər idi. Siyasi məhbus sayına görə Azərbaycan post-sovet ölkələri arasında liderdir.
4. İşgəncə faktlarıla bağlı
Azərbaycanda Cəzaçəkmə Müəssisələrində, müvqqəti saxlama kameralarında və xüsusən polis bölmələrində yüzlərlə igşəncə faktları qeydə alınır. Polis bölmələrində işgəncə nəticəsində ölüm hallarının baş verməsi ölkədə adi qarşılanır. Son aylarda Qazax, Gəncə, Şirvan, Lənkəran, Xəzər polis bölmələrindəki ölüm hallarını göstərmək olar. İşgəncələrə daha çox şübhəli şəxs qismində saxlanılan şəxslər məruz qalırlar. Burda da məqsəd həmin şəxslərə etmədikləri cinayəti etiraf etdirməkdir. Siyasi motivlərə görə. həbs olunanlar isə bütün həbs boyu daim işgəncə altında olurlar. Son aylar şərti adı “Gəncə İşi“ olan hadisəyə görə, 70-dən çox şəxs həbs olunub. Onların çox dəhşətli işgəncələrə məruz qoyulmasıyla bağlı faktlar mövcuddur. Həbsxanalarda vəziyyət dözülməz dərəcədədir. Burada elementar qaydalara riayət olunmur.
5. İfadə azadlığıla bağlı
Müstəqil mətbuat rejimin təzyiq və basqıları nəticəsində sıradan çıxarılıb. Bir dənə də azad qəzet çap olunmur, müstəqil saytların böyük əksəriyyəti məhkəmə qərarları ilə bloklanıb. Sosial mediada siyasi hakimiyyət haqqında tənqidi fikir paylaşan blogerlər, müxaliflər həbs olunurlar. Bu gün Seymur Həzi, Əfqan Muxtarlı həbsdədirlər. Jurnalistlər peşə fəaliyyətlərinə görə təqiblərlə üzləşirlər. Elmar Hüseynov, Rasim Əliyev, Mehman Qələndərov, Novruzəli Məmmədov isə rejim tərəfindən öldürülən jurnalistlərin və blogerlərin siyahısında yer alırlar. Ölkədə azad media əvəzinə “məddah jurnalistika“ formalaşdırıb. Hər il dövlət büdcəsindən hökuməti tərifləyən və ona yaltaqlanan heç kimin oxumadığı bir neçə qəzetə milyonlarla vəsait ayrılır. Hökumət televiziya kanallarını da tam nəzarətə götürüb. Hətta Azərbaycan Dövlət Televiziyası (AzTv) və İctimai Televiziyada (İTV) ictimai maarifləndirici, yaxud siyasi, vətənpərvər, elmi və bu kimi cəmiyyətə faydalı proqramlara rast gəlmək mümkün deyil. Sosial şəbəkələrə də çox ciddi nəzarət mövcuddur. Hökuməti tənqid edən status sahibləri dərhal təqib olunur, həbs təhlükəsinə qədər üzləşirlər.
6. Sərbəst toplaşma azadlığıla bağlı
Azərbaycanda sərbəst toplaşma azadlığı təmin edilmir. Hökumət bu azadlığı tam məhdudlaşdırıb. Son üç ayda, müxalifət qüvvələri təqribən 11 dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edib. Lakin heç bir əsas göstərilmədən aksiyalara icazə verilməyib. Hökumət zorla və qeyri-qanuni vasitələrlə vətəndaşların hər növ etirazının qarşısını alır, həbs və digər təhlükələrlə insanları qorxu içində saxlayır. Etiraz aksiyalarında iştirak edən vətəndaşlar polis tərəfindən təqib olunur, işləyirlərsə, işdən qovulurlar. Hakimiyyət həm etiraz aksiyalarına icazə verməməklə, həm də insanlara təhdid və təzyiq etməklə sərbəst toplaşma azadlığını məhdudlaşdırır.
7. Korrupsiya ilə bağlı
Ölkədə oturuşmuş rüşvət və korrupsiya mexanizmi mövcüddür. Korrupsialaşmanın başında ən yüksək vəzifəli şəxslər və onların ailə üzvləri durur. Hökumətin ali vəzifəli şəxslərinin və ailə üzvlərinin dünyanın müxtəlif bölgələrində, xüsusilə Avropa ölkələrində dəyəri 10 milyonlarla ölçülən varidatları var. Bu barədə dəfələrlə dünyanın nufuzlu mətbu orqanları reportajlar yayınlayıb. Vəzifəsindən uzaqlaşdırılan məmurlar barədə bir qayda olaraq milyardlarla ölçülən varidatlar üzə çıxır. Ölkədə neft, qaz, vergi, gömrük, ordu, təhsil, səhiyyə, məhkəmə və penitensiar sistem, icra hakimiyyətləri və polis kimi sahələr rüşvətin daha çox yayıldığı sahələr hesab olunurlar. Burada ən xırda işləri belə rüşvət vermədən yoluna qoymaq mümkün deyil.
8. Müstəqil məhkəmə hakimiyyəti və vəkillik institutula bağlı
Hakimiyyət məhkəmələrdən siyasi rəqiblərini əzmək və zəiflətmək üçün istifadə edir. Məhkəmələr hakimiyyətin “cəza maşını” hesab olunur. Məhkəmələr tək siyasi motivli işlərdə deyil, hətta ən adi boşanma və aliment işlərinə baxış zamanı ciddi ədalətsizliyə yol verirlər. Onlar ya hakimiyyətin siyasi sifarişinə uyğun, ya da rüşvət qarşılığında qərar çıxarırlar. Ölkədə vəkillik institutu sıradan çıxarılıb. Siyasi mövqeyinə görə, həbs olunan vətəndaşlar hüquqi yardımdan məhrum olur və müdafiəsiz qalırlar. Vəkillər Kollegiyası hökümətin tam nəzarətindədir. Siyasi fəaliyyətinə, yaxud hansısa məmurun qəzəbinə tuş gəldiyi üçün həbsə atılan şəxsləri müdafiə edən vəkillər o qurumdan uzaqlaşdırılır və bəzi hallarda hətta məsuliyyətə də cəlb edilirlər. Vəkillərin sayı azdır. Ölkədə əhalinin hər 10 min nəfərinə cəmi 1 vəkil düşür.
9. Dağlıq Qarabağ konfliktilə bağlı
Azərbaycan Respublikasının ən ciddi problemlərindən biri də ölkənin ərazi bütövlüyü və onun bir hissəsinin işğal olunması ilə bağlıdır. Ölkənin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətraf rayonları Rusiyanın dəstəyilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 1988-ci ildən başlayan müharibə nəticəsində 1992 və 93-cü illərdə Azərbaycanın 10 şəhər və rayonu və ərazisinin 20 faizi işğal olunub. 1994-cü ildən bu problemin həlli ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ) tapşırılıb. Lakin bu günə qədər nəticəsiz danışıqlar aparılır. Azərbaycan xalqı və ictimaiyyəti bu problemi dünyanın sivil hüququ və Avropa Birliyi hüququnun prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağa Avropa standartları çərçivəsində özünüidarə hüququnun verilməsi çərçivəsində həllinə tərəfdardır və Avropa Birliyindən belə bir ədalətli mövqe gözləyir.
10. İqtisadi sistem və sosial vəziyyətlə bağlı
Ölkədə normal iqtisadi sistem yoxdur, ölkə iqtisadiyyat enerji resursların xammal satışı əsasında bərqərardır, o, neft və qazdan asılı vəziyyətdədir. İşsizlik, yoxsulluq, vətəndaşların səfil günə düşməsi də hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Orta əməkhaqqı və təqaüdlər 150-250 dollar civarında dəyişir. İşsiz qalan vətəndaşların əksəriyyəti Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə və digər ölkələrə üz tuturlar.
Yuxarıda qeyd edilənlərdən çıxış edərək, Biz – Avropa Birliyində yaşayan azərbaycanlılar tələb edirik ki, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında bağalanması gözlənən sazış Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyası üçün mühüm təməl yarada bilsin və aşağadakı şərtlər nəzərə alınmaqla imzalasın:
1. Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü prinsipinin təminilə bağlı islahatlara başlanılsın;
2. Azərbaycan Respublikasında ədalətli və demokratik seçki mühitinin yaradılması üçün Seçki Komissiyasının təşkili də daxil olmaqla seçki qanunvericiliyi yenidən işlənsin;
3. Bütün siyasi dustaqlar dərhal sərbəst buraxılsın;
4. İşgəncələrə son qoyulsun və işgəncə faktlarıyla bağlı dərhal araşdırma başlanılsın;
5. İfadə azadlığıla bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın;
6. Sərbəst toplaşma azadlığı qeyd-şərtsiz bərpa olunsun;
7. Beynəlxlaq mətbuatda Azərbaycan Respublikasıyla bağlı gedən korrupsiya faktları araşdırılsın və xalqdan oğurlanmış vəsaitlər ölkəyə qaytarılsın.
8. Ölkədə qanunun aliliyi, müstəqil məhkəmə hakimiyyətinin mövcüdluğu və normal vəkillik institutunun formalaşması üçün islahatlar həyata keçirilsin;
9. Avropa Birliyi Dağlıq Qarabağ konfliktini Azərbaycanın ərazi bütövlüyü əsas götürülməklə və orada yaşayan əhaliyə özünüidarə haqqı tanımaqla beynəlxalq hüquq normaları əsasında qiymətləndirsin;
10. Ölkədə xalqyönümlü normal iqtisadi sistemin bərqərar olunması üçün islahatlara başlanılsın.
Dərin hörmətlə:“
Oxunuş sayı 746 dəfə
Şərh vermək üçün giriş edin
Top