Bazar ertəsi, 29 Aprel 2019 23:38

İmzalanacaq sazişlə bağlı Mövqe Sənədi hazırlanıb

Avropa Birliyi ilə Azərbaycan arasında saziş imzalanacağı planlaşdırılır. Sazişlə bağlı müxtəlif fikirlər, münasibətlər var. Ümumilikdə böyük əksəriyyət sazişin imzalanmasını dəstəkləyir. Lakin müzakirə mövzusu belə bir hakimiyyətlə sazişin imzalanması məsələsidir. Avropada yaşayan azərbaycanlılar da düşünürlər ki, bəzi tələblər və şərtlər icra olunduqdan sonra saziş imzalanmalıdır. Bununla bağlı Mövqe Sənəd hazırlanıb. Xeberinfo.de həmin sənədi olduğu kimi təqdime dir: 

"Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanacaq Sazişlə bağlı

MÖVQE SƏNƏDİ

Bu sənədi imzalayan Avropa Birliyi ərazisində yaşayan azərbaycanlılar düşünürlər ki,

-        Azərbaycan Respublikasında demokratik dəyərlərin, insan hüquq və azadlıqların oturuşması, ölkədə hüquqi dövlətin və azad vətəndaş cəmiyyətinin qurulması və möhkəmlənməsi;

-        Azərbaycan Respublikasının sivil dünya ilə açıq, şəffaf, ardıcıl və stabil inkişafı şərtləndirən münasibətlərin qurulması;

-        Azərbaycan Respublikasının təbii resurslarından xalqın rifahı üçün istifadə olunması və ölkədə normal iqtisadi sistemin qurulması

naminə Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında hərtərəfli əməkdaşlıq Sazişin imzalanması bu gün Azərbaycan Respublikası üçün həyati əhəmiyyət kəsb edir və bu Saziş Azərbaycan Respublikasında ən azı aşağıdakı məsələlərin təxirəsalınmaz həllini nəzərdə tutmalıdır:

  1. 1.Azərbaycanda hakimiyyət bölgüsü ilə bağlı

Azərbaycan Respublikası 1969-cu ildən etibarən bir ailə (Əliyevlər) tərəfindən idarə olunur. 1969-1982 və 1993-2003-cü illərdə ata Əliyev, 2003-2019-cu illərdə isə oğul Əliyev sərt diktatura formasında ölkəni yönləndirir. Azərbaycan Respublikasının Konstitusiyası saxta referendumlar təşkil edilməklə son 25 ildə 3 dəfə oğul Əliyevin istək və arzularına uyğun yazdırılıb. Ölkə parlamenti (Milli Məclis) tam tərkibdə prezidentin nəzarəti altındadır. Ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur və o, prezidentdən asılı vəziyyətdədir. Hakimiyyətin hər üç qolu: qanunverici, icra və məhkəmə hakimiyyəti birinci ailə tərəfindən mənimsənilib və ölkədə mütləqiyyətə əsaslanan bir rejim hökm sürür.

  1. 2.Seçkilərlə bağlı

Ölkədə seçki institutu işləmir. Ata və oğul Əliyevlərin hakimiyyəti dövründə keçirilən bütün və hər növ seçkilər (bələdiyyə, parlament və prezident seçkiləri) bu illər ərzində saxtalaşdırılmışdır. Ata və oğul Əliyev öz hakimiyyətlərinə hər dəfə saxta seçkilər vasitəsilə qanuni don geyindirməyi bacarıblar. Xalqın seşkilər yolu ilə öz iradəsini ifadə etmək hüququ onun əlindən faktiki olaraq alınıb. Sekilər ərəfəsində ölkədə seçki şousu qurulsa da, hamı bilir ki, parlamentə və bələdiyyələrə üzvlər təyinatlıdır. Parlamentə prezidentin razılığı olmadan kimsə düşə bilməz. Ölkədə seçki keçirilməsinə məsul olan struktur - Mərkəzi Seçki Komissiyası tam tərkibdə prezidentin nəzarəti altındadır. Qanunvericilikdə proporsional seçki sistemi ləğv edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki pozuntuları ilə bağlı yüzlərlə işə baxıb və hökuməti cərimələyib.

  1. 3.Siyasi məhbuslarla bağlı

Beynəlxlaq hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, ölkədə hazırda siyasi mövqeyinə görə 100-dən artıq məhbus var. İki ay əvvəl onların sayı 160 nəfər idi. Siyasi məhbus sayına görə Azərbaycan post-sovet ölkələri arasında liderdir.

  1. 4.İşgəncə faktlarıla bağlı

Azərbaycanda Cəzaçəkmə Müəssisələrində, müvqqəti saxlama kameralarında və xüsusən polis bölmələrində yüzlərlə igşəncə faktları qeydə alınır. Polis bölmələrində işgəncə nəticəsində ölüm hallarının baş verməsi ölkədə adi qarşılanır. Son aylarda Qazax, Gəncə, Şirvan, Lənkəran, Xəzər polis bölmələrindəki ölüm hallarını göstərmək olar. İşgəncələrə daha çox şübhəli şəxs qismində saxlanılan şəxslər məruz qalırlar. Burda da məqsəd həmin şəxslərə etmədikləri cinayəti etiraf etdirməkdir. Siyasi motivlərə görə. həbs olunanlar isə bütün həbs boyu daim işgəncə altında olurlar. Son aylar şərti adı “Gəncə İşi“ olan hadisəyə görə, 70-dən çox şəxs həbs olunub. Onların çox dəhşətli işgəncələrə məruz qoyulmasıyla bağlı faktlar mövcuddur. Həbsxanalarda vəziyyət dözülməz dərəcədədir. Burada elementar qaydalara riayət olunmur.

  1. 5.İfadə azadlığıla bağlı

Müstəqil mətbuat rejimin təzyiq və basqıları nəticəsində sıradan çıxarılıb. Bir dənə də azad qəzet çap olunmur, müstəqil saytların böyük əksəriyyəti məhkəmə qərarları ilə bloklanıb. Sosial mediada siyasi hakimiyyət haqqında tənqidi fikir paylaşan blogerlər, müxaliflər həbs olunurlar. Bu gün Seymur Həzi, Əfqan Muxtarlı və digər onlarla jurnalist peşə fəaliyyətlərinə görə həbs olunublar.. Elmar Hüseynov, Rasim Əliyev, Mehman Qələndərov, Novruzəli Məmmədov isə rejim tərəfindən öldürülən jurnalistlərin və blogerlərin siyahısında yer alırlar. Ölkədə azad media əvəzinə “məddah jurnalistika“ formalaşdırıb. Hər il dövlət büdcəsindən hökuməti tərifləyən və ona yaltaqlanan heç kimin oxumadığı bir neçə qəzetə milyonlarla vəsait ayrılır. Hökumət televiziya kanallarını da tam nəzarətə götürüb. Hətta Azərbaycan Dövlət Televiziyası (AzTv) və İctimai Televiziyada (İTV) ictimai maarifləndirici, yaxud siyasi, vətənpərvər, elmi və bu kimi cəmiyyətə faydalı proqramlara rast gəlmək mümkün deyil. Sosial şəbəkələrə də çox ciddi nəzarət mövcuddur. Hökuməti tənqid edən status sahibləri dərhal təqib olunur, həbs təhlükəsinə qədər üzləşirlər.

  1. 6.Sərbəst toplaşma azadlığıla bağlı

Azərbaycanda sərbəst toplaşma azadlığı təmin edilmir. Hökumət bu azadlığı tam məhdudlaşdırıb. Son üç ayda, müxalifət qüvvələri təqribən 11 dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edib. Lakin heç bir əsas göstərilmədən aksiyalara icazə verilməyib. Hökumət zorla və qeyri-qanuni vasitələrlə vətəndaşların hər növ etirazının qarşısını alır, həbs və digər təhlükələrlə insanları qorxu içində saxlayır. Etiraz aksiyalarında iştirak edən vətəndaşlar polis tərəfindən təqib olunur, işləyirlərsə, işdən qovulurlar. Hakimiyyət həm etiraz aksiyalarına icazə verməməklə, həm də insanlara təhdid və təzyiq etməklə sərbəst toplaşma azadlığını məhdudlaşdırır.

  1. 7.Korrupsiya ilə bağlı

Ölkədə oturuşmuş rüşvət və korrupsiya mexanizmi mövcüddür. Təbii ki, korrupsialaşmanın başında prezident və onun ailəsi dayanır. Əliyev ailəsinin hər bir üzvü milyardlarla ölçülən varidata sahibdirlər. İlham Əliyevin qızlarının və oğlunun Avropa ölkələrində, Dubayda və Rusiyada dəyəri milyonlar olan mülkləri var. Bu barədə dəfələrlə dünyanın nufuzlu mətbu orqanları reportajlar yayınlayıb.Vəzifəsindən uzaqlaşdırılan məmurlar barədə bir qayda olaraq milyardlarla ölçülən varidatlar üzə çıxır. Ölkədə ordu, təhsil, səhiyyə kimi sahələr rüşvətin daha çox yayıldığı sahələr hesab olunurlar. Burada ən xırda işləri belə rüşvət vermədən yoluna qoymaq mümkün deyil.

  1. 8.Müstəqil məhkəmə hakimiyyəti və vəkillik institutula bağlı

Hakimiyyət məhkəmələrdən siyasi rəqiblərini əzmək və zəiflətmək üçün istifadə edir. Məhkəmələr hakimiyyətin “cəza maşını” hesab olunur. Məhkəmələr tək siyasi motivli işlərdə deyil, hətta ən adi boşanma və aliment işlərinə baxış zamanı ciddi ədalətsizliyə yol verirlər. Onlar ya hakimiyyətin siyasi sifarişinə uyğun, ya da rüşvət qarşılığında qərar çıxarırlar. Ölkədə vəkillik institutu sıradan çıxarılıb. Siyasi mövqeyinə görə, həbs olunan vətəndaşlar hüquqi yardımdan məhrum olur və müdafiəsiz qalırlar. Vəkillər Kollegiyası hökümətin tam nəzarətindədir. Siyasi fəaliyyətinə, yaxud hansısa məmurun qəzəbinə tuş gəldiyi üçün həbsə atılan şəxsləri müdafiə edən vəkillər o qurumdan uzaqlaşdırılır və bəzi hallarda hətta məsuliyyətə də cəlb edilirlər. 10 milyon əhalisi olan ölkədə təqribən 750 vəkil çalışır.

  1. 9.Dağlıq Qarabağ konfliktilə bağlı

Azərbaycan Respublikasının ən ciddi problemlərindən biri də ölkənin ərazi bütövlüyü və onun bir hissəsinin işğal olunması ilə bağlıdır. Ölkənin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətraf rayonları Rusiyanın dəstəyilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 1988-ci ildən başlayan müharibə nəticəsində 1992 və 93-cü illərdə Azərbaycanın 10 şəhər və rayonu və ərazisinin 20 faizi işğal olunub. 1994-cü ildən bu problemin həlli ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ) tapşırılıb. Lakin bu günə qədər nəticəsiz danışıqlar aparılır. Azərbaycan xalqı və ictimaiyyəti bu problemi dünyanın sivil hüququ və Avropa Birliyi hüququnun prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağa Avropa standartları çərçivəsində özünüidarə hüququnun verilməsi çərçivəsində həllinə tərəfdardır və Avropa Birliyindən belə bir ədalətli mövqe gözləyir.

  1. 10.İqtisadi sistem və sosial vəziyyətlə bağlı

Ölkədə normal iqtisadi sistem yoxdur, ölkə iqtisadiyyat enerji resursların xammal satışı əsasında bərqərardır, o, neft və qazdan asılı vəziyyətdədir. İşsizlik, yoxsulluq, vətəndaşların səfil günə düşməsi də hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Orta əməkhaqqı və təqaüdlər 150-250 dollar civarında dəyişir. İşsiz qalan vətəndaşların əksəriyyəti Rusiyaya və digər ölkələrə üz tuturlar.

Yuxarıda qeyd edilənlərdən çıxış edərək, Biz – Avropa Birliyində yaşayan azərbaycanlılar tələb edirik ki, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında bağalanan Saziş aşağadakı şərtlər nəzərə alınmaqla imzalasın:

  1. Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü prinsipinin təminilə bağlı islahatlara başlanılsın;
  2. Azərbaycan Respublikasında ədalətli və demokratik seçki mühitinin yaradılması üçün Mərkəzi Seçki Komissiyasının təşkili də daxil olmaqla seçki qanunvericiliyi yenidən işlənsin;
  3. Bütün siyasi dustaqlar dərhal sərbəst buraxılsın;
  4. İşgəncələrə son qoyulsun və işgəncə faktlarıyla bağlı dərhal araşdırma başlanılsın;
  5. İfadə azadlığıla bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın;
  6. Sərbəst toplaşma azadlığı qeyd-şərtsiz bərpa olunsun;
  7. Beynəlxlaq mətbuatda Azərbaycan Respublikasıyla bağlı gedən korrupsiya faktları araşdırılsın və xalqın vəsaiti ölkəyə qaytarılsın.
  8. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin mövcüdluğu və normal vəkillik institutunun formalaşması üçün islahatlar həyata keçirilsin;
  9. Avropa Birliyi Dağlıq Qarabağ konfliktini Azərbaycanın ərazibütövlüyü əsas götürülməklə beynəlxalq hüquq normaları əsasında qiymətləndirsin;
  10. Ölkədə xalqyönümlü normal iqtisadi sistemin bərqərar olunması üçün islahatlara başlanılsın.

Dərin hörmətlə:"

Oxunuş sayı 719 dəfə
Şərh vermək üçün giriş edin
Top