Çərşənbə, 16 Yanvar 2019 22:32

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

AXCP funksioneri ona işgəncə verildiyini bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsində işlərinə baxılan AXCP Rəyasət Heyətinin üzvləri Babək Həsənov, Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli özlərini təqsirli bilməyiblər.

Azadlıq Radiosunun məlumatına görə, ittihamda təqsirləndirilən şəxslərlə yanaşı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, partiya fəallarından Eltac Əlisoy və başqalarının adları hallanır. Onların mütəşəkkil dəstə yaradıb, cinayət yoluyla əldə olunan pulları leqallaşdırdıqları iddia olunur. İttihama əsasən, Saleh Rüstəmli qardaşı oğlu və digər təqsirləndirilən şəxslər vasitəsilə pullar göndərib. İttihamda ümumilikdə 770 min manatdan söhbət gedir. Saleh Rüstəmli və qardaşı oğluna əlavə narkotik ittihamı da verilib.

İttiham olunanlardan yalnız Babək Həsənov ifadə verib. O, bildirib ki, taksi fəaliyyətilə ailəsini dolandırır. Mayın 25-də metronun “Nərimanov” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində sərnişini düşürəndən sonra iki maşından düşən 7-8 nəfər mülki geyimli ona hücum edib.

Dörd nəfər avtomobilə daxil olaraq, onu çıxarıb, öz maşınlarından birində əyləşdirib. Bir qədər gətirəndən sonra metronun yaxınlığında təxminən 15 dəqiqə saxlayıb, kiminləsə danışıblar. Sonra deyilib ki, Yeni Günəşli qəsəbəsinə - yaşadığı evdə axtarış aparmağa gedirlər:

“Mənim maşınımı da başqa biri sürürdü. O maşın indi də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyətindədi. Günəşliyə çatanda qəsəbənin müxtəlif yerlərində 10-15 dəqiqə dayandılar. Yenə kimlərləsə danışırdılar. Mən etiraz edirdim ki, vəkil olmasa, axtarışa imkan verməyəcəm. Günəşlidə bir xeyli vaxt keçirəndən sonra məni idarəyə gətirdilər. Sonradan bilmişəm qəsəbədə vaxt keçirdikləri müddətdə bizim evdə axtarış gedibmiş”.

Babək Həsənovun sözlərinə görə, idarədə ondan telefonunu açmaq üçün kodu istəyiblər, o isə verməkdən imtina edib. Deyib ki, ancaq vəkilinin iştirakıyla telefonuna baxış keçirilməsinə icazə verəcək:

“Məni bir otağa apardılar, 7-8 nəfər mülki geyimli vardı. Bir-birini adlarıyla çağırmırdılar ki, bilməyək. Otaqda xüsusi işgəncə aparatları vardı. Əllərimi qandallamışdılar, biri baş barmaqlarıma “şnur” bağladı. Dedilər ki, “sənə göstərəcəyik burada kodu verməmək, danışmamaq necə olur”. Bunlara göstəriş verənlərdən biri müstəntiq Sənan Paşayev idi”.

Tok buraxan kimi yıxıldım

Babək Həsənov deyir ki, ikinci qrup Qarabağ əlili, onurğasında problem olduğunu həmin vaxt onlara deyib. Amma nəzərə almayıblar. Barmaqlarına bağlanan naqilə cərəyan buraxıblar:

“Tok buraxan kimi yıxıldım, bir nəfər ayaqlarımın, biri də belimin üstünə çıxdı. Eyni zamanda, hərəsi təxminən 3 dəqiqə olmaqla, 5 dəfə tok verdilər. Hər dəfəsindən sonra soruşurdular ki, danışacaqsan? “Yox” cavabından sonra davam etdirirdilər. Axırıncıdan sonra biri dedi ki, “toku artırın, qoy ürəyi partlasın”. Artıranda sanki beynim, damarlarım dağılırdı. Ona görə məcbur olub telefonun kodunu verdim...”.

Oxunuş sayı 546 dəfə
Şərh vermək üçün giriş edin
Top