Bazar ertəsi, 11 May 2015 21:00

Hökumətyönlü deputat müstəqil siyasətdən imtinaya çağırır

Azərbaycan hakimiyyətinin antimilli siyasəti o qədər aşkardır ki, istənilən şəxs dövlətin zərərinə olan təkliflərdə, təşəbbüslərdə buluna bilir. Məsələn, Azərbaycan hakimiyyəti Rusiyaya təzim etdiyinə görə, aşağılarda da Rusiya sevgisi təbliğ edilir və hökumətin xoşuna gəlmək üçün  antiQərb kampaniyası aparılır. 

Bugünlərdə hökumətyönlü deputat Qüdrət Həsənquliyev yenidən Rusiya ilə qardaşlığın vacibliyini sübut etməyə çalışıb: “Mənim fikrimcə, Azərbaycan rəsmi qaydada hansı hallarda Avrasiya Ittifaqına daxil ola biləcəyini açıqlamalıdır. Məsələn, qeyd etməlidir ki, Azərbaycan BMT-nin tanıdığı dövlət sərhədləri çərçivəsində Avrasiya Ittifaqına üzv ola bilər. Bunun üçün də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımalı vəÿ Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz hətta öz enerji siyasətimizi Rusiya ilə razılaşdırılmış formada həyata keçirə bilərik. Bilindiyi kimi, Rusiya böyük bazardır, iş adamlarımız bu ölkəylə əlaqədən yararlana bilərlər. Yəni bu ittifaq hər iki tərəfin faydasınadır”- deyə Qüdrət Həsənquliyev bildirib.

Xatırlayırsızsa, bir müddət əvvəl bu deputat Rusiya qoşunlarının Azərbaycana dəvət olunmasından da söhbət açımşdı. Indiki həssas məqamda isə yenidən “5-ci kolon” rolunu oynamağa başlayıb.

Millətə vəkillik etmək statusu götürmüş bir şəxsin, millətə faciələr yaşadan bir dövləti təbliğ etməsi qədər iyrənc nə ola bilər? Rusiya faktiki olaraq 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, Qarabağın işğalına müəlliflik edib. Bugünə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Son günlər isə Rusiya prezidenti qondarma erməni soyqırımı abidəsini ziyarət etdi, rusiyalı müşahidəçilər qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı seçkiləri tanımağa çağırdı. Üstəlik, Rusiya Ermənistanın ayaqda qalması üçün bütün vasitələrdən istifadə edir, bu ölkəyə maddi və siyasi dəstəyini əsirgəmir. Hansıki, Azərbyacan hakimiyyəti bütün komandası ilə dünyada “ermənipərəst” axtarışına çıxıb. Yeri gəlmişkən, Ermənistan prezidenti bugünlərdə etiraf etdi ki, bu ölkəyə bütün hərbi yardımları Rusiya edir və Rusiya olmasa bu işlərin öhdəsindən gələ bilməzlər.

Ən dəhşətlisi isə budur ki, Azərbaycan hakimiyyəti Rusiyaya səcdə etdikcə, bu ölkə Azərbaycanı daha da çox əzir. Yəni Azərbaycan hakimiyyətinin bu qədər sədaqəti qarşılığında nəinki Qarabağ torpaqları, heç Kəlbəcərdə əsir götürülmüş 2 soydaşımız da geri qaytarılmır.

Indi Qüdrət Həsənquliyev deyir ki, biz Avrasiya Ittifaqına qoşulmalıyıq. Deməli, Rusiyanın bu qədər xəyanətinə baxmayaraq, rəsmən də bu ölkənin tabeliyinə keçmək həvəsindədilər. Dünənə qədər Milli Şuranı Rusiyanın proyekti kimi təqdim edənlər indi açıq şəkildə Putinin vəkilliyini edirlər. 

Azərbaycan Rusiyaya görə faktiki olaraq dünya ilə konfrantasiya vəziyyətindədir, Ukrayna məsələsində Azərbaycan heyəti Rusiyanın leyhinə səs verdi, bütün beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyətləri Rusiyanın müdafiəsi ilə məşğul olur. Xatırlayırsızsa,  Ukraynanın Azərbaycandakı səfiri də bildirmişdi ki, ona müəyyən təzyiqlər var və Rusiya əleyhinə danışmaması tövsiyə olunur. Yəni Azərbaycan hakimiyyəti Rusiyaya görə siyasi etikanı, dövlətlərarası münasibətləri də korlamağa hazırdır.  Amma Qüdrət Həsənquliyev hesab edir ki, Rusiyanın adekvat addımı üçün bunlar çox azdır. Belə çıxır ki, Azərbaycan rəsmən Rusiyanın tabeliyinə keçməsini bəyan etməlidir ki, Rusiya bizə “sağ ol” desin. Qüdrət Həsənquliyev daha da irəliyə gedərək, enerji siyasətini də Rusiya ilə razılaşdırmağı təklif edir. Açıq şəkildə bəyan edilir ki, düşmənə təslim olmaq lazımdır. 

Ən absurdu isə budur ki, Qüdrət Həsənquliyev bütün bunları Rusiyanın böyük bazar olması ilə əsaslandırır və Rusiya ilə bir ittifaqda yer almağın iş adamları üçün böyük imkan yaradacağını söyləyir. Həqiqətən də tragikomik mənzərədi.  Azərbaycana yatırılan investisiyaların 70-80 faizi Qərb ölkələrinin payına düşür, Azərbaycandan ən çox neft alan Qərb ölkələridir. Bugün biznesin inkişafı, iqtisadiyyatın şaxələnməsi, iş adamlarının effektiv fəaliyyəti üçün ən cazibədar məkan Qərbdir və bugün dünya bazarında Qərb istehsalı olan məhsullar hökmranlıq edir. Yəni bugün inkişaf da, uğur da Qərbə inteqrasiyadan keçir. Siyasi, iqtisadi, hərbi baxımdan inkişafın göstəricisi Qərblə əməkdaşlıqdan asılıdır.

Amma hökumətyönlü deputat israrla Azərbaycanı batan gəmiyə mindirmək istəyir. Rusiyanın rezervləri getdikcə azalır, bu ölkə bütün dünya ilə savaş halındadır, iqtsadi göstəricilər aşağı düşür və Avrasiya Ittifaqının heç bir perspektivi yoxdur. 

Bir sözlə, reallıq onu göstərir ki, Rusiya seçimi dövlətin və millətin zərərinədir. Sadəcə olaraq hakimiyyətin şəxsi maraqlarına xidmət etdiyi üçün, hakimiyyətin sözçüsü rolunda çıxış edən deputat da ümumi kursu davam etdirir. Hakimiyyət  ən böyük düşmənimizi, ən böyük xilaskar kimi təqdim etməyə davam edir.

İlqar Sadıqov

Oxunuş sayı 2398 dəfə
Şərh vermək üçün giriş edin
Top