Bazar ertəsi, 15 Fevral 2016 21:00

"Hakim komandada gərginlik artmaqda davam edir"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ölkə başçısının Avropa səfərlərini şərh edib. Xeber.İNfo Ə.Əliyevin şərhini təqdim edir: 
Ölkədə yaranmış və anbaan dərinləşən böhran hakimiyyəti tam olaraq, hərəkətləndirib. Diqqət edin, bölgələrə kimlər gedir - Əli Həsənov, Fuad Ələsgərov, Fikrət Məmmədov, Cavid Qurbanov... Prezidentə ən etibarlı sayılan, vacibi isə təsir gücü olan komanda üzvləri ictimaiyyətlə işə cəlb edilib. Vəziyyətin ağırlıq əmsalını prezident Əliyevin öz dinamikliyi də əks etdirir. Fikrimcə, bunu yalnız siyasi komponentlə əlaqələndirmək düzgün olmaz, siyasi tərkibin təsirini azaltmaq da yanlışa yuvarladar. Maraqlısı odur ki, bu gün baş verənlər hakimiyyətin son 20 ildə üzləşdiyi ən mürəkkəb müşküldür. Situasiyanın ağırlıq inqredientləri çoxdur. Siyasi, maliyyə, iqtisadi problemlərlə yanaşı dolaşıq beynəlxalq situasiya da tablonu tündləşdirir. İqtidarın istinadgahı olan 2 dövlət - Türkiyə və Rusiya münasibətlərinin müharibə həddində olması, Rusiyanın bütün sivil dünya ilə konfrontasiya şəraitində yaşaması, ABŞ və Avropa birliyinin, ATƏT və Avropa Şurasının son dövrlər YAP hakimiyyətinə nümayiş etdirdiyi davranış gərginliyi bir qədər də artırır. Ona görə də Prezidentin səfər coğrafiyasını bir qədər geniş çapda dəyərləndirmək daha düzgün olardı. Düşünürəm, hakimiyyət üçün vəsait axtarışı mühüm əhəmiyyətlidir. London və Münhen səfərləri siyasi xarakterli görünsə də, iqtisadi alt yapısı üzə çıxmaqdadır. Dövlət başçısının London səfərindən sonra iqtisadi mahiyyətli 2 xəbər ictimailəşdi. Fevral ayının 12-sində iqtisadi inkişaf naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbəri Suma Çakrabati ilə görüşüb. Təqribən eyni vaxtda Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Azərbaycan məzmunlu açıqlama verdi. Bu hadisələrdə İlham Əliyevin beynəlxalq əlaqələri və nüfuzu rol oynamış görünür. Dubay səfərini isə heç bir halda siyasi məqsədli saymıram. Hakimiyyət dar macalda bir neçə vacib problemi həll etmək zorundadır. Maliyyə probleminin çözüm yolunu qeyd etdim. Lakin mövcud iqtisadi struktur və neftin qiymətləri sosial və siyasi fəallığın iqtidarın ziyanına dəyişəcəyini görməmək mümkün deyil. Paralel olaraq, hakim komandanın içində də gərginlik artmaqda davam edir. Son 2 həftədə baş verənlər dərindən baxılsa, hakim komandada çatın dərinliyi aydın görünər.
Xeber.İnfo

Oxunuş sayı 1255 dəfə
Şərh vermək üçün giriş edin
Top