Bazar ertəsi, 11 Aprel 2016 22:00

“Qarabağ probleminə Kremlin münasibətini Medvedev ifadə etdi”

Əli Əliyev: “Qarabağ probleminə Kremlin münasibətini isə Rossiya-1 kanalına müsahibədə Medvedev ifadə etdi”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP)  sədri  Əli Əliyev özünün “Facebook” səhifəsində Qarabağ cəbhəsindəki dörd günlük və savaş və Rusiyanın planları haqqında geniş yazı yerləşdirib. Xeber.İnfo həmin yazını təqdim edir:

“Müharibə səngidikcə, kampaniyanın "tozu" yatdıqca, 1 saylı problemimizin ətrafında vəziyyət aydın görünməyə başlayır. Bəzi suallar havadan asılı olaraq qalır. Bu suallara cavab verilmədikcə, ictimai fikir azdırılır.

Nədən təmas xəttində atəşkəs pozuldu? Niyə məhz hər 2 prezident Vaşinqtonda olan zaman güllə atıldı? Müharibənin fitnəkarı Rusiya nə güdür? Bu gün və yaxın gələcəkdə Qarabağda nə gözləyək?

Təmas xəttində belə hərəkətlənmə son 22 ildə ilk dəfə idi. Qarabağ müharibəsində ehtiyatlı mövqe tutan hər 2 dövlətin iqtidarlarının birdən-birə bu sayaq qərar verməsinin daxili amilləri görünmür. Çünki ölkələrin iç dəngəsində radikal dəyişiklik və ya onun ehtimalı görünmürdü. Deməli, müvazinatın pozulma səbəbini xarici amillərdə axtarmaq lazım gəlir. Bu hadisənin ABŞ-da keçirilən sammitin gedişində baş verməsi, xarici faktor versiyasını gücləndirir. Nəzərə alınmalıdır ki, prosesə ən ciddi təsir imkanllarına malik Rusiya, tədbirə qatılmaqdan imtina etmişdir.

Sirr deyil ki, Obama administrasiyası Rusiyaya qarşı zəiflətmə mövqeyində qalmaqdadır. Bir sıra xarici mətbuat qurumları Vaşinqton görüşləri zamanı rəsmi Bakı və İrəvandan beynəlxalq məsələlərdə aydın mövqe sərgiləmələrinin istənilməsinə vurğu edir. Bu məsələdə Azərbaycanın mövqeyi nisbətən "dumanlı" olsa da, Ermənistanın mövqeyindən fərqlidir. Azərbaycan Kremlin heç bir regional layihəsində iştirak etmir, müqavilə öhdəliyi ilə bağlanmayıb, üstəgəl Moskvanın enerji bazarında ən ciddi rəqibinə çevrilməkdədir. Mediada yazılanlardan aydın olur ki, kasıblamış Rusiyadan Sərkisyan məsafələnmək üçün Vaşinqton panelindən istifadəyə cəhd göstərib, lap müflisləşmiş sevgilisindən qaçan aşna kimi. Rusiya hansısa kanallarla bu haqda məlumatlanıb.

Bu versiya ona görə inandırıcı görünür ki, hərbi əməliyyatlaırın gedişatı zamanı Rusiyanın davranışı da bu ehtimala uyğun idi. Kreml strateqləri yaranmış situasiyadan yaralanmaq üçün düzgün hesablama aparmış kimi görünürlər. Erməni tərəfindən provokasiyanın yaranması ilə rəsmi Moskva eyni həmlədə bir neçə məsələni həll etmiş oldu:

- Dünyaya Cənubi Qafqazın açarının kimdə olduğunu yada saldı;

- Erməni siyasi rəhbərliyinə sahibini göstərdi;

- Azərbaycana, bir neçə gün hərəkətsizliyi ilə, Qarabağın aran hissəsinin, yəni 5 rayonu qaytarmaq imkanında olduğuna şirnikləndirməyə çalışdı;

- Nəzarətində saxlamaq istədiyi bölgədə vəziyyətə baxış keçirdi;

- Azərbaycanın Avrasiya ittifaqına sürüklənməsi üçün yeni gündəm yaratdı.

Gərgin günlərdə Rusiyanın diplomatik fəallığı diqqət çəkirdi. Lavrov, Roqozin, Medvedev səviyyəli məmurların səfərləri, Bordyujanın bəyanatı, Putinin telefon bağlantısı Moskvanın marağının dərinliyindən xəbər verirdi. Qarabağ probleminə Kremlin münasibətini isə Rossiya1 kanalına müsahibədə Medvedev ifadə etdi. Ona görə, "tərəflər kompromisslərdən yayınırlar. Belə olan halda insan tələfatındansa, vəziyyətin dondurulması məqsədəuyğundur". Necə deyərlər- Şərhsiz.

Hərbi fəallığın 4 günü ərzində qarşıdurmanın mübhəm reallığı ortaya çıxdı. Beləliklə, Rusiyanın seyrçi qalacağı təqdirdə, Azərbaycan tərəfinin suverenliyini və ərazi bütövlüyünü bərpa edəcəyi günlərə bağlı olması həqiqəti aşkar şəkildə təsbit olundu. Zatən, əvvəldən nəzəri bilinən, həyatda təsdiqini tapdı.

Bu şərtlər daxilində hərbdə qələbənin bir yolu qalır- Rusiyanın zəifləməsini gözləmək. Çünki başqa variant bizim xeyrimizə deyil. Bunun üçün 2 qaçılmaz həqiqət var:

1. Rusiya heç bir şərt daxilində erməni maraqlarından vaz keçməyəcək. Yəni rusların həlledici iştirakı ilə münaqişənin həlli zamanı yalnız 5 rayonun qayıtması mümkündür.

2. 5 rayonun müqabilində Rusiya bizdən müstəilliyimizdən keçərək, Avrasiya İttifaqına, Gömrük sazişinə və hərbi ittifaqlarına qoşulmağı tələb edəcək.

Ona görə də problemin ətrafında yaranmış hay-küyün səngiməsini gözləməli, yaranmış status-kvonun möhkəmlətməli, 4 günlük kampaniyanın nəticələrini tədqiq etməli və növbəti fəalaşma dönəminə hazırlaşmalıyıq.”

Oxunuş sayı 1504 dəfə
Şərh vermək üçün giriş edin
Top