Bazar ertəsi, 24 Fevral 2020 22:47

Mühacir jurnalist hökumətin saxta Xocalı aksiyasından yazdı

Almaniyada yaşayan azərbaycanlılar, soydaşlar, qardaşlar və bacılar! Fevralın 26-da Berlində Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək. Bir aydan artıqdır ki, bununla bağlı elanlar sosial şəbəkədə və saytlarda paylaşılır. Ancaq aksiyaya gəlmək istəyən yoxdur. Həm təşkilat, həm fərd olaraq susmusunuz. Səbəbini bilmək olarmı?
Bir neçə gün əvvəl Azərbaycan hakimiyyəti də Berlində aksiya keçirdi, xəbərimiz var. Mən bu aksiyaya qoşulmadım. Hakimiyyətin indiyə qədər Azərbaycanda normal şəkildə, izdihamlı Xocalı aksiyası keçirdiyi yadıma gəlmir. Hər il ölkədə Xocalı, 20 yanvarla bağlı aksiyalara hakimiyyət utanmadan polis zorakılığı ilə müdailə edir, xalq, müxalifət heç milli məsələlərlə bağlı toplaşa bilmir. Ancaq bir Avropa ölkəsinin paytaxtında aksiya təşkil olunur və bir neçə Avropa ölkəsindən də azərbaycanlılar iştirak edirlər. Bu insanlar aksiyaya pulla gəlmişdilər, günlük xərcləri, yemək, hotel, yol xərci, hamısı qarşılanmışdı. Dövlətin büdcəsindən pul yemək lazım idi çünki. Ölkədən didərgin düşən azərbaycanlılar da həvəslə bu tədbirə qatılıb bayraq qaldırırdılar. Niyə? Berlində bir günlük gəzintiyə Xocalını dəyişə bildinizmi və ya əksinə? Mənim bu gəzintiyə və diasporanın bir qapının qarşısında keçirilən tədbirə görə verəcəyi 50 avroya ehtiyacım yox idi, buna görə aksiyaya qatılmadım. Həm də o aksiyaya qatılan siyasi mühacirlərin hamısının yerinə utandım.
Fevralın 26-da keçiriləcək aksiyanı “Kölgə” təşkilatı olaraq elan etmişik. İdarə Heyətində cəmi altı nəfərik. Deyəsən aksiyada da elə bu qədər olacağıq. Sizlər Xocalının yerləşdiyi Azərbaycandan gəlməmisiniz? Bu soyqırım sizin üçün doğrudanmı əhəmiyyətsizdir? İldə bir-iki dəfə Azərbaycanla bağlı tədbirdə iştirak etmək çoxmu çətindir? Nəqliyyat xərcinin bahalığını, pulsuzluğu, sülhpərvərliyinizi və digər səbəbləri başa düşürəm. Bu səbəblər ildə bir dəfə aksiyaya gəlməmək üçün keçərli deyil amma...
Xocalıda 28 il əvvəl baş verənlər dəhşətdir, soyqırımdır, insanlığa sığmayan cinayətdir. Sizlər bunun fərqində deyilmisiniz? Faciədən paylaşılan fotolar, kiçik donmuş körpələr, dəhşət dolu şəkillər heç nə demirmi sizə? Üzr istəyərək soruşum: Heçmi hissləriniz və qürurunuz yoxdur sizlərin? Aksiyadan sonra erməni qonşularınızın üzünə baxa bilməyəcəksiz? Siqaret istəsəz, verməyəcəklər? Birlikdə qeybət etməkdən məhrum olacaqsız? Yoxsa nə?...
Anlayıram, çoxunuz Avropaya gəlib sülhpərvər olmusunuz. Biz də ayın 26-da Ermənistan, Rusiya və digər iki səfirliyin qarşısında keçirəcəyimiz aksiyalarda müharibə tələb etməyəcəyik. Hakimiyyətdən fərqli olaraq, aksiyamız hansısa bir qapının qarşısında da keçirilmir: işğalçı, terrorçu Ermənistan və ona dəstək verən işğalçı Rusiyanın Almaniyadakı səfirliklərinin qarşısına gedəcəyik, tələblərimizi, şüarlarımızı səsləndirəcəyik. Hakimiyyətdən fərqli olaraq aksiya iştirakçılarının xərclərini qarşılaya bilməyəcəyik, biz dövlət büdcəsindən maliyyələşmirik. Mühacir olaraq imkanımız cəmi bir böyük plakat hazırlamağa çatıb. Siz plakatsız gələ bilərsiz. Gəlin və bu genosidə, həmçinin Ermənistanın, Rusiyanın işğal siyasətinə etiraz edin. Çoxmu çətindir?!!!

Röya Rəfili, "Kölgə" Yardım Birliyi İdarə Heyətinin üzvü, jurnalist, siyasi mühacir

Oxunuş sayı 1094 dəfə
Şərh vermək üçün giriş edin
Top