Şənbə, 18 Avqust 2018 23:35

QAT-ın yaşı YAP-ın yaşı qədərdir – bir statusun iziylə

Qarabağsız ölə bilməyənlər niyə DAS-a daş atırlar?

Hörmət etdiyim tanınmışlardan biri, QAT-ın sədri Akif Nağı facebook səhifəsində “AVROPADAKI SİYASİ MÜHACİRLƏRƏ“ başlıqlı bir status yazıb. Status bir qədər tənqid üslubunda başlasa da, sonu tövsiyyə ilə bitib. Nə ilə başlayıb, necə bitməsi Akif müəllimin taktikasıdır, özü bilər, necə yazır.

Əvvəlcə, QAT-ın qatını açım ki, müəllimin müraciət etdiyi mühacirlərin əksəriyyəti bu terminin mənasını bilmir. Ona görə, yox ki, ölkəsindən didərgin salınan mühacir gənclər Qarabağı sevmir, ona görə ki, QAT son bir ildə azı iki dəfə Qarabağla bağlı mitinq təşkil etmək üçün hökumətə bər-bəzəkli müraciət göndərsə də, müraciətin zər-zibasını az etdiyindən, ya onun üçün cızılan xətti tapdaladığından “hə“ cavabı almayıb. Hə, QAT – Qarabağ Azadlıq Təşkilatı, deməkdir. QAT-ın Bakı merinə göndərdiyi „sevgi məktublarından“, azadlıq təşkilatı olmasından bir az sonra sazla söz açacam. İndi Akif müəllim Nağının tənqid və tövsiyyə dolu statusundan danışım.

“ AVROPADAKI SİYASİ MÜHACİRLƏRƏ

Hörmətli soydaşlar.
Yayılan məlumatlara görə, avqustun 22-də Berlin şəhərində mitinq keçirməyə hazırlaşırsınız. Mitinqdə Almaniyanın kansleri A.Merkelin Azərbaycana səfərinə, burada "diktator"la görüşünə etiraz etmək istəyirsiniz. Hər bir siyasi qurumun, ictimai birliklərin, hər kəsin fikir və hərəkətlərinə hörmətlə yanaşırıq. Amma milli maraqların diqqətdə saxlanılması, milli qürur hissinin öndə tutulması hər şeydən vacibdi. Öz ölkəmizdə vəziyyəti özümüz düzəltməliyik. Düzəldə bilmiriksə, yerimizdə oturmalıyıq, ondan-bundan xahiş etməli deyilik. Təsəvvür edirsinizmi, alman, ingilis, gürcü, lap elə murdar erməni kimdənsə xahiş etsin ki, gəl mənim evimdə qayda yarat, hakimiyyəti dəyiş? Elə şey mümkün deyil. Biz isə buna gedirik. Bununla milli qürurumuzu ayaqlar altına atırıq. Yaxşı düşünün“.39585450 306580326743294 6027618396684681216 n

Bəli, avqustun 22-də Berlində biz, Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatı aksiya təşkil edəcəyik. Bu aksiyanın məqsədi barədə bir müddətdir ki, mətbuatda açıqlamalar veririk, hətta xanım Angela Merkelə ünvanladığımız müraciəti də ictimaiyyətin diqqətinə çatdırmışıq. Siz, tanış olmamısınızsa, yaxud aksiyanın məqsədini məqsədli şəkildə başqa yönə yönəltmək istəyirsinizsə, sizin üçün təkrar edim. Biz, DAS olaraq xanım Merkelə Azərbaycana getmə demirik. Əksinə, DAS-ın yaranmasını zəruri edən səbəblərdən biri də, Azərbaycanla beynəlxalq əlaqələrin normal qurulmasıdır. Çünki, sizin də dəstəklədiyiniz qəsbkar hakimiyyət Azərbaycanı sivil dünyaya heç də yaxşı tanıtmayıb.

Aksiyanın məqsədi, Azərbaycanda insan hüquq və azadlıqlarının məhz hakimiyyət tərəfindən pozulmasını, kürü diplomatiyasının fəsadlarını, Azərbaycandan oğurlanan kirli pulların hətta bəzi alman banklarında yuyulması faktlarını və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu Kanslerin diqqətinə bir daha çatdırmaqdır. Bildiyiniz ki, xanım Merkel Ermənistana da gedəcək. Siz Bakıda Qarabağ üçün aksiya keçirməyə görə, merin qapısını yetim uşaq kimi kəsdirəndə, Ermənistanda demokratik dəyərlərin qorunması nümunəsi yaradılırdı. Bax elə, dünən Paşinyan demokratik inqilabının 100 gününü qeyd etdi. Siz isə, “Akif Nağı merdən narazıdır“ başlıqlı bir xəbərlə mətbuata düşdünüz.

Bizim İlham Əliyevə diktator deməyimiz sizi niyə narahat edir? Bəli, biz Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya kanslerindən tələb edirik ki, ikili siyasət aparmasın. Ya Azərbaycandan gələn siyasi mühacirlərə siyasi status verməsin, ya da xalqını didərgin salan diktatorla görüşməsin. Eyni zamanda, xanım Merkelə, işğalçı Ermənistana səfər edərkən, ermənilərin Xocalıda törətdikləri soyqırımı unutma, deyəcəyik. Siz isə, ildə iki dəfə hökumətdən verilən qrant kəsilməsin deyə, “ermənilərlə çaxır içmişik yenə içəcəyik“ deyənlərə etiraz edəcək cəsarətdə deyilsiniz. Milli qürurdan dəm vurursuz. DAS üçün milli qürur, günahsız məhbəs həyatı yaşayanlardır. Bəziləri isə, adının Ziyafət Əsgərov tərəfindən hardasa çəkilməsini qürur sayır.

Hörmətli Akif müəllim, bizə gürcülər belə etməz, deyib, ermənilərə oxşatmağa cəhd edirsiniz. Sizin kimi biri tərəfindən belə bir müqaisə çox pis göründü. Əslində, mənim də bir müqayisəm var. Siz bu tənqidlə göstərdiniz ki, ya hökumətdən birbaşa sifariş almısınız, ya da hökumətin xoşuna gəlmək üçün edirsiniz. Çünki, hökumət bizim aksiyamızdan bərk narahat olub. Hətta, eyni gündə, eyni yerdə və eyni saatda Qarabağ mövzusunda aksiya keçirmək üçün alman polisindən icazə də alıb. Lakin o aksiyada azərbaycanlılar olmayacaq, hakimiyyət xalqdan çırpışdırdığı pulun hesabına gürcü və türk vətəndaşlarını yığacaq ora.

Akif müəllim davam edir:

“Bizim Qarabağ problemimiz var. Həmin mitinqdə Merkelin qarşısında məsələ qoya bilərsiniz ki, nə üçün Qarabağ məsələsində obyektiv deyilsiniz, işğalçı Ermənistana qarşı sərt mövqe tutmursunuz? İspaniya kimi Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməlisiniz, Kataloniya kimi Dağlıq Qarabağdakı qondarma rejimi də ittiham etməlisiniz. İşğalçı Ermənistana səfərdən çəkinməlisiniz. 
Məsələni bu şəkildə qoysanız milli maraqlarımıza uyğun olar. Baxaq görək demokratik Avropa bu tələblərinizi eşidəcəkmi. Görək onlara inanmaq olarmı?
Hörmətlə, Akif Nağı. QAT sədri“.

Biz xanım Merkeldən Qarabağla bağlı nə tələb edəcəyik, onu qeyd etdim. Hesab edirik ki, ondan artığını istəmək sizin dediyiniz kimi qürursuzluq olar. Davamını özümüz etməliyik. Amma Ermənistanla sərt mövqe nümayiş etdirməyi gərək Əliyev rejimindən istəyək. Təbii ki, QAT olaraq bu məsələdə qabağa siz düşməlisiz. Axı hamıdan yaxşı siz bilirsiniz ki, hakimiyyətin erməni sövdası kəllə-çarxa vurub. Hətta ermənilərə dığa deyənin dilini dağlayır hakimiyyət. Lazım gəlsə, tezliklə “ermənistan məhbusu“ da olacaq ölkəmizdə. Yəni, Ermənistanı tənqid edənlərə cinayət işi açıb, həbs edəcəklər ki, Azərbaycanın beynəlxalq aləmdə imicini korlayırsız.

Nə isə… sizin Qarabağ mitinqinizdən danışaq. Deməli, 12 may 2018-ci ildə Bakıda 5-10 minlik Qarabağ mitinqi təşkil edəcəkdiniz. Yadımdadır, düz bir ay əvvəldən Bakı şəhər İcra Hakimiyyətinə icazə üçün müraciət də etmişdiniz. Nəhayət, “Qarabağ məsələsi ilə hökumət məşğul olur və bu məqsədlə başqa heç bir tədbirə ehtiyac yoxdur“, deyib, əlinizi boş qaytardı, Cənab Əliyev.

Siz də şüar səsləndirəcəkdiniz ki, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”. Görünür, nə Qarabağ var, nə də ölüm. Deyəsən, Qarabağsız ölüm də yoxa çıxıb.

Sonda 12 may aksiyasını QAT-ın ofisində təşkil etməyi qərarlaşdırdınız. İslamçılardan tutmuş, liberal-demokratlara qədər bəzilərini də şirniyyat süfrəsinə qonaq elədiz.

Sonda belə bir qərar qəbul eləmişdiz, „Qarabağ Mitinqinə hakimiyyət tərəfindən icazə verilməməsi qətiyyətlə pislənilsin, hakimiyyətin bu mövqeyi Qarabağın azadlığına biganəlik kimi dəyərləndirilsin və hakimiyyətdən bu xalqazidd praktikaya son qoyması tələb edilsin“.

Amma insafən həmin qərarda bir müddəa da var idi: „Qarabağın azadlığı tələbinin daim, davamlı, fasiləsiz gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin fasiləsiz olaraq keçirilməsi məqsədəuyğun hesab edilsin və avqust ayında Qarabağ Mitinqinin keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun“.

Hörmətli Akif müəllim, Azərbaycan çox balaca ölkədir. Kimin əli, kimin cibində, kimin qulağını kimin dırnağıyla qaşıyırlar, qoxusunu hamı duyur, səsi tez çıxır. Siz isə bir şeyi unutmayın, QAT-ın yaşı YAP-ın yaşı qədərdir. YAP 93-də hakimiyyəti qəsb elədi, QAT da 93-də doğulanda YAP-ın burulğanına düşdü. Bəlkə elə QAT-ı YAP-ın burulğanı gətirdi dünyaya. Bax, orasını - QAT-ın göbəyinin harda kim tərəfindən kəsilib, harda basdırıldığını, siz bilərsiniz!

Cavid Cabbarlı

DAS İdarə Heyətinin üzvü

Oxunuş sayı 925 dəfə
Şərh vermək üçün giriş edin
Top