Şənbə, 18 Fevral 2017 21:00

Siyasi quduzluq diaqnozu - Qurban Cəbrayıl yazır

Yaxud, bəzi Qərb liderlərinin yoluxduğu ağır mərəzin yenidən ortaya çıxan əlamətləri barədə

(Dəyərli pedaqoq, professor, millət vəkili Şamil Qurbanovun əziz xatirəsinə)

Ruhun şad olsun, Şamil müəllim! Doğrudur, o məşhur qiymətləndirmən (“Jak Şirak qudurub..!”) zamanı Qərb səfirləri nümayişkəranə şəkildə Milli Məclisin iclasını tərk elədilər, deputat həmkarlarının, partiya sahiblərinin qınağına tuş gəldin, psevdoimicmeykerlər mətbu qaralama kampaniyası başlatdılar (və nəticədə parlament fəaliyyətinin ikinci dövrəsini başa vurmadan ürəyin partladı), lakin tam səmimi, bəzək-düzəksiz və diplomatik don geyindirmədən, fikrindən keçən həqiqətləri söylədin.

Həmin hadisədən 15 ildən artıq vaxt keçir, amma “demokratik seçki yolu ilə” milyonlarla insanın taleyi tapşırılmış bir para siyasətçilər tutulduqları qəribə xəstəlikdən heç cür nicat tapmırlar; bəlkə də belə daha xoşdur, özləri sağalmaq istəmirlər, nə bilim… Bəla bundadır ki, sonra rəhbərliyə gələnləri, qonşu ölkələrdəki, okeanın o tayındakı həmkarlarını, beynəlxalq qurumlarda yüksək kürsülərdə əyləşənləri, başqalarını da eyni dərdə mübtəla eləyirlər – Nikola Sarkozi gəldi-getdi, Fransua Olland gəldi, gedir… nə dəyişdi ki?! Əgər məsələnin sərt və bədbin qoyuluşuna kiminsə etirazı varsa, onda gəlin aşağıdakı mətnə diqqət yetirək:         

“Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik. Bu problemin həlli üçün tələsmək həqiqətən də var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləməkdən ötrü hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir.

…Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Konfliktin nizamlanmasına yönəlik real danışıqlara başlamalıyıq. Böyük bir səhv olardı düşünmək ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"ndə əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Həmçinin bilirik ki, həmin prinsiplərin tətbiqi Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək".

Bu sərsəm, əzici və narahatlıq doğuran sözləri hazırki Fransa prezidenti ölkəsindəki ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə səsləndirib. Bu sərhədlər daxilində erməni diasporunun vüsəti hər kəsə yaxşı məlum olduğundan, rəsmi Parisin oxşar addımlarından (hətta dünyada sülh və insan haqlarını qoruma iddiasına, tolerantlıq, sivilizasiya məkanı statusuna uyğun gəlməsə belə) umu-küsünün mənasızlığı başadüşüləndir.

Ancaq Fransanın ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri postunu məşğul etməsi məsələni xeyli qəlizləşdirir. O qurum ki, Dağlıq Qarabağ probleminin ATƏT prinsipləri çərçivəsində həllinə siyasi-əməli dəstək nümayişindən ötrü yaradılıb və əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və mövcud düyünün dinc vasitələrlə açılmasına bilavasitə kömək etməkdir. Lakin indiyə qədər ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib; səbəbini isə çox da uzaqlarda yox, elə əlahəzrət Ollandın yuxarıdakı söyləntilərində axtarmaq lazımdır. Əvvəla, çıxışın ilk abzasındakı kəskin təzad adamın üzünü qarsıyır. “Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik.

Bu problemin həlli üçün tələsmək həqiqətən də var” bəyanı naşı aktyor oyunundan və iyrənc riyakarlıqdan başqa bir şey deyil. Görəsən, nakam talelərin canıyananı qiyafəsində görünməyə çalışan və “ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür” ah-vaylı siyasətçi reallığa ikili baxışları, “dovşana qaç, tazıya tut” variantları, ocağı benzin atmaqla gurlaşdırmaq funksiyaları üzrə baş verən faciələrdə özlərinin də günahkar olduqlarını anlayırmı?

Anlayırsa, o zaman “Dağlıq Qarabağ xalqı”, yaxud da bu “xalqın müqəddəratını təyinetmə hüququ” nə deməkdir? Məgər vaxtilə beynəlxalq güclər Fransua cənablarının təəssübünü çəkdiyi vələdüzina sürüsünü Qafqaza dürtüşdürərək, tarixi torpaqlarımızda yerləşdirməklə “müqəddərat təyinatına şərait yaratmaqla” regionu da qan gölünə döndərmədilərmi?  

Yelisey sarayının belə bir hərifləmə və gözə kül üfürmə kampaniyasında adamı ən çox yandıran yenə də öz-özümüzə mənasız təsəllilərimizdir. Məsələn, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyir: “Fransa perzidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçkilərlə (!) bağlıdır”.

“Fransa prezidenti Fransua Olland artıq aprel ayında prezidentlik kürsüsü ilə vidalaşır. Biz belə halların şahidi olmuşuq ki, vəzifəsi ilə vidalaşan şəxslər daha çox ermənipərəst mövqedən çıxış etməyə başlayırlar. İndi eyni yolu Fransua Olland tutur.” Bu fikirlərsə Milli Məclisin deputatı Elman Nəsirova məxsusdur.

“5-6 ay öncə Polşanın paytaxtı Varşavada Fransua Ollandın da qatıldığı NATO sammitində iştirakçı dövlətlərin hamısı yekdilliklə qərara aldılar ki, postsovet məkanındakı bütün münaqişələr yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir” (Qabil Hüseynli); “bütün bunlar Ollandın erməni vurğunluğundan irəli gəlir” (Elxan Şahinoğlu) rəyləri də eşidilməkdədir. Düzdür, politoloqlarun “erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, ölkənin imicinə böyük zərbə vururlar”; “Minsk qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də bəzən o qədər də obyektiv və düzgün mövqedə dayanmırlar”; “Fransada yarım milyondan çox erməni yaşayır, əgər millətlərin müqəddəratını təyini hüququna belə hörmət bəsləyirsinizsə oradakıa ermənilərə lazımi müstəqilliyi verin”; “bəs, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü niyə dəstəkləyirsiz?” kimi kiçik korrektələri də ortaya çıxdı. Hətta məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən “bəyanatla çıxış etmək və Fransa dövlət başçısının nə demək istədiyini aydınlaşdırmaq” tələbi də səsləndirildi.

Amma hələlik nə bəyanat, nə də etiraz notası var, hərçənd əvvəlkiləri unutsaq belə, baş verənlər Ollandın prezidentliyi dönəmində ilk insident deyil. Saxta erməni genosidini birinci tanıyan dövlətin başındakı şəxs puç əfsanələrin 100 illiyi münasibətilə İrəvandakı tədbirlərə qatılıb, “soyqırımı” abidəsini ziyarət edib. Hələ də həmin uydurmaların inkarına görə cəza tətbiqini qanunlaşdırmağa çalışır. Az öncə qatı ermənipərəst, separatçıların ən yaxın dostlarından biri, 2015-ci ildə Dağlıq Qarabağa icazəsiz, özbaşına səfərinə görə Azərbaycan XİN-in “qara siyahısı”na düşmüş Bruno Le Runu daxili işlər naziri qoyub.

Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə Sakisyanı, eləcə də Qarabağ separatçılarının liderlərini martın 8-də Parisə dəvət edib və sair. Sadalananlara tərəfimizdən etirazla bağlı hər hansı tutarlı sənəd də ortada yox. ATƏT-in Minsk qrupundan imtina bir yana, heç mövcud vasitəçilərin Almaniya, Türkiyə və digər dövlətlərlə dəyişdirilməsi tələbləri də irəli sürülmür. Nə üçün? Bəs biz nəyi gözləyirik? Bəlkə, Donald Trampın gəlişi ilə Ağ Evdə, apreldə Ollandın gedişindən sonra Yelisey sarayında, yaxud məsələn Putinin qızının ən yüksək kürsüsündə oturacağı Kremldə Qarabağ münaqişəsinə münasibət dəyişəcək?!

Yeri gəlmişkən, problemə ədalətsiz, qərəzli mövqe sərgiləyən təkcə Fransadırmı? Bəs, ötən il dekabrın 6-7-də ABŞ konqresində qondarma “DQR-in müstəqilliyinin 25-ci ildönümü” tədbirlərinin düzənlənməsi, konqres binasında separatçı rejimin “bayrağının” qaldırılması, “baş naziri” Araik Artunyanın ağzına gələni çərənləməsi hansı “təsəlliverici zərurətdən” irəli gəlib?

Yaxud, “Qarabağ düyünü”nün açarına malik olmaqla lovğalanan, ayrı-ayrı məmurlar və ekspertlərinin dili ilə qəsbkar niyyətlərini – keçmiş imperiya xəyallarını reallaşdırmaq cəhdlərini gizlətməyən Kremlin addımlarını necə qarşılamalı? Axı, “nədən sualın qoyuluşuna diqqət yetirməmisən” deyə hansısa jurnalisti tənqid atəşinə tutub işdən çıxarmaqla şimal qonşumuzun Qarabağ çözümünü ölkəmizin daxili işi saymayan baş diplomatı Sergey Lavrovun erməni təfəkkürü dəyişmir... “Bəlkə də hidayət olundu” duaları ilə ölkəmizə dəvət edib qonaqpərvərlik sərgilədiyimiz, pay-püşlə yola saldığımız Rusiya LDP-nin sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski absurd sayıqlamalarını dörd bir yana səpələməkdən usanmır.

Neçə gün öncə rəsmi Moskvanın “imitasiya maşını” yenə SSRİ-nin bərpası arzusuna düşmüş və müstəqil Azərbaycan Respublikasını “quberniyaya çevirmişdi.” Siyahıya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın vaxtaşırı hədələrini, Xəzərin müvafiq sektorunda donanma yaradılmasını, Dağıstan ərazisində qoşunların gücləndirilməsini, slavyan mənşəli və “rusbaşlı” şərhçilərin yönləndirmələrini də əlavə etsək, vətənimiz ətrafında daralan halqanın tam mənzərəsi canlanar.       

Deməli, ərazi bütövlüyümüzlə bağlı taleyüklü, önəmli məsələnin belə məkrli, qərəzli, obyektivlikdən, tərəfsizlikdən, ədalət prinsiplərindən uzaq, ən yaxşı halda fəaliyyətsiz tərkibli quruma tapşırılması prosesin müsbət sonluğundan bəribaşdan əl üzmək bir yana, kələfi əməllicə dolaşdırmaqdır. Bulanıq suda balıq tutmaq isə işğaldakı torpaqlarımızda at oynadan, tarixi-mədəni abidələri yerlə-yeksan edən, sərvətlərimizi talayan, müxtəlif “seçkilər” keçirən (indi də “konstitusiyaya dair referenduma” hazırlaşırlar) erməni dığaları ilə yanaşı, regionun zəngin karbohidrogen ehtiyatlarına qənim kəsilmiş dünya güclərinə də sərfəlidir. Həmin torpaqlarda daimi qalmayacaqlarını yaxşı anlayan daşnak tör-töküntüsü ən alçaq hərəkətlərdən belə, çəkinmir. Ümumiyyətlə, Ermənistana yiyələnmiş kriminal ünsürlərin mürtəce, destruktiv əməllərindən vaz keçməmələrilə bahəm, MQ təmsilçiləri də Azərbaycan rəhbərliyi tərəfindən mütəmadi şəkildə ünvanlarına söylənən tənqidlərdən nəticə çıxarmağa tələsmirlər. Prezident İlham Əliyevin açıq şəkildə bildirdiyi kimi, onlardan biri işğalçıya maliyyə, siyasi köməklik göstərir, o biri hərbi dəstək verir, digəri də təbliğatını aparır. Bir də axı, BMT-də keçirilən illik müzakirədə Azərbaycanın ərazi bütövlüyünə səs verməyən dövlətlər ərazilərimizlə əlaqədar məsələləri nə cür dürst həll edə bilərlər ki..? Yadıma İranın ölkəmizdəki sabiq səfiri Əlirza Biqdelinin 22 il öncəki sözləri düşür.

Jurnalistlərin Dağlıq Qarabağ ətrafında cərəyan edənlərə münasibəti barədə suallarını diplomat xeyli kəsə, Şərqsayağı cavablandırmışdı: “Ağa, siz münaqişənin həllini qoyubsuz Minsk Qrupunun öhdəsinə, biz də dua eləyərik ki, inşaallah, düzəlsin...” Amma müsahibin tutduğu post “düzəlişə” möhtac ünvanların dəqiqləşdirilməsinə imkan vermədi – Minsk Qrupumu islah olunsun, Qarabağ problemimi həll edilsin, quduzluq xəstəliyinə yoluxmuş (bu fikrin müəllifinə min rəhmət) liderlərmi şəfa tapsın, yoxsa belələrinə etimad göstərib iş tapşırmış bizlərmi mövqeyimizə yenidən baxaq... O zaman bütün bunları müəyyənləşdirə bilmədik, yaxud Qərbin itirdiklərimizi məcməidə bizə qaytaracağı eyforiyası üzündən heç çalışmadıq da. Bəs indi? İndi ki, hər şey gün kimi aydındır...

Qurban Cəbrayıl 

Oxunuş sayı 1630 dəfə
Şərh vermək üçün giriş edin
Top