Çərşənbə axşamı, 29 Mart 2016 10:22

Müdafiə Nazirliyində silah korrupsiyası: polkovnik işdən qovuldu, barəsində cinayət işi açıldı

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.

Bu barədə “AzPolitika.info”ya məlumat hərbi mənbələrdən daxil olub.

Virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən verilən məlumata görə polkovnik Yaqub Əhmədov “xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb.

“AzPolitika” dəqiqləşdirib ki, polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Mənbə polkovnik Yaqubovun 3.3 milyon dollarlıq hansısa gizli sövdələşməyə görə işdən çıxarıldığını deyib, ancaq təfərrüatları açıqlamayıb. Gözlənilir ki, onu tezliklə həbs edəcəklər.

Roqozin martın əvvəllərində Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, Roqozinin və onu müşaiyət edən “Rosoboroneksport”un nümayəndələrinin qəfil səfərində məqsəd Azərbaycanın Rusiyadan sifariş verdiyi silahlara görə ödənişləri gecikdirməsidir. Belə ki, sifariş verilən texnika yola salınıb, ancaq pulu ödənilmədiyindən sifarişçiyə təhvil verilmir.

Lakin daha sonra Roqozin bəyan etdi ki, Azərbaycan hərbi-texniki sahədə etbarlı tərəfdaşdır. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində Azərbaycanın sifariş verdiyi texnikaya görə ödənişləri gecikdirdiyini təkzib edib, bu məsələdə heç bir problem olmadığını deyib. Nazir bildirib ki, problem bəzi silahların parametrlərinin “müqavilədə göstərilənlərə uyğun olmamasında” idi və bu problem tezliklə aradan qaldırılacaq.

E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.

“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, – deyə nazir əlavə etmişdi.

Belə görünür ki, polkovnik Əhədovun işdən çıxarılmasının və barəsində cinayət işi qaldırılmasının səbəblərini də məhz Elmar Məmmədyarovun müsahibəsində toxunulan nüanslarda axtarmaq lazım gəlir. İstisna deyil ki, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi Rusiya ilə bağlanmış müqavilədən hansısa formada ciblərini doldurmaq üçün yararlanmağa çalışıb. Lakin deyəsən o, Müdafiə Nazirliyi sistemində Səfər Əbiyevin dövründə hökm sürən korrupsiya ənənələri ilə hərəkət etməkdə ciddi səhvə yol verib. Çünki MN sistemində korrupsiyanın kökünün kəsilməsində həm prezident İlham Əliyev, həm müdafiə naziri Zakir Həsənov tam qətiyyətlidir...

Oxunuş sayı 1595 dəfə
Şərh vermək üçün giriş edin
Top