Çərşənbə, 07 Dekabr 2016 21:00

Xoşbəxtliyini başqasının bədbəxtliyində arayanlar - Elçin Qəmbərov yazır

Azərbaycanda illər getdikcə çətin gəlir. Ölkənin vəziyyəti xeyli mürəkkəbdir. Əvvəlki illərdə ölkədə xalqın bir hissəsi aclıq və səfalət çəkirdisə, hazırda məmurların da gəlirləri əsaslı olaraq azalıb. Əvvəla ona görə ki, daha korrupsiyanın əsas hədəfi olan neft pulları ölkəyə gəlmir. Ancaq məsələ tək bunda deyil. Vəziyyətin mürəkkəbliyini şərtləndirən daha bir neçə amil var. Hesab edirəm ki, əsas məsələ ölkədəki insan haqqları ilə bağlıdır. Təsəvvür etmək belə çətindir ki, ölkənin hüquq mühafizə orqanları haqqını tələb edən xalqına qarşı niyə bu qədər avressiv davranır. İnternet saytları sadə vətəndaşa polis zorakılığını əks etdirən videolarla doludur. Axı niyə, nə üçün haqqını tələb edən xalqa qarşı belə zor tətbiq edilir? Bu sualın cavabını biz bilmirik amma yaqin ki, bu ölkənin başbilənləri arasında bilən var... Varsa onda bir gün də cavab verməli olacaq...

Vətənimiz çox unikal bir ölkədir. Burda heç bir cinayət etməsən sənə 10 il iş verə bilərlər, amma hər gün media məmurların etdiyi cinayətlər barədə yazır, hayqırır, bağırır lakin nə fayda, kim baxacaq ki... Ən ağır vəziyyət iqtisadi durum deyil, ən ağır vəziyyət ölkədə vətəndaşların hüququnun qorunması ilə bağlıdır. Azərbaycan hökümətinə və hökümətdə müxtəlif funksiyaları həyata keçirən məmurlara nə qədər desələr də, yazsalar da, tədbirlər planını təqdim etsələr də baxan yoxdur. Olmuyacaq da.. Çünki onlar bu ölkəni öz meşə qanunları ilə idarə etməyi öyrəniblər. Pazı isə atalar deyib ki, pazla çıxarmaq olar.

Dünya indiyə qədər insan hüquqlarını iyrəncliklə pozaraq diktaturalar qurmağa nail olan çox ağılsızlara şahidlik edib. Dədəmiz Qorqud demiş: "hanı indi o dünya mənim deyənlər?"... Mən də üzümü tuturam bu ölkəni diktatura ocağına çevirənlərə: sabah da sizi axtaracaq tarix. Axtarcaq və soruşacaq: "Hanı onilliklər boyu ölkəni talayıb, xalqı əzib, bu torpaq mənimdir deyənlər?" Amma sizə demək istəmirəm ki, nə qədər ki, gec deyil özünüzü düzəldib, bu xalqı bu qədər əzməyin. Çünki bu xalqın qəzəbi sizi bir gün odsuz-alovsuz yandıracaq. Amma demirəm... ona görə demirəm ki, gecdir... Siz bu yoldan dönən deyilsiniz, xalq da sizi bağışlayan deyil. Ölümünüzə bu xalqın nifrətində boğularaq qovuşacaqsız. Zülm etdiyiniz bu torpaqda bircə məzarınız belə olmaycaq.. İnanın.

Soruşacaqsız ki, bəlkə də niyə bu qədər qəzəbliyəm, niyə bu qədər bədbinəm. Məni öz ölkəmdən də elə bu məmurların yaratdığı hüquqsuzluq mühiti didərgin saldı. Allahın bizə verdiyi ən təbii hüquq olan azad yaşamaq və başqasını əzmədən, əzilmədən yaşamaq haqqını tapa bilməyəndə anladım ki, hansı ölkədə əzab çəkməyə, zəncirlərdə yaşamağa məhkum olunmuşam. Başımı alıb qaçdım... qaçdım uzaqlara, qaça bildiyim qədər. Təkcə hüquqlarını tapa bilməmək üçün yox. Həm də keçmiş hüquq mühafizə orqanı işçisi olaraq başqasının hüquqlarını tapdayan günah sahibi olmamaq, övladıma başqasının göz yaşı üzərində qazanılan çörək yedizdirməməyim üçün. Bəlkə bu yazımdan sonra onu oxuyan bir çoxlarının da yatmış vicdanı oyandı. Oyanın. Başqasının hüququnu tapdalayaraq qurduğunuz səltənət üzərində xoşbəxt ola bilməmək qorxusunu, o bədbəxtlik gəlmədən hiss edib çəkilin. Bu xalq, bu insanlar və uca İNSANLIQ naminə!

Oxunuş sayı 1278 dəfə
Şərh vermək üçün giriş edin
Top