Bazar, 06 Noyabr 2016 21:00

QAUİMH-da Qarabağ məsələsi müzakirə olundu

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının ofisində Qarabağ məsələsində son günlər yaranmış vəziyyətlə bağlı müzakirə keçirilib.

Tədbir iştirakçılarından olan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı beynəlxalq təşkilatların bu məsələnin həllində maraqlı olmadıqlarını, Qərb və ABŞ-ın bu məsələdə regiondan çəkilərək birmənalı olaraq Rusiya və Türkiyənin öhdəsinə buraxdığını söylədi:

“Nə ABŞ, nə Qərb, nə də Rusiya xristian təəssübkeşliyindən çəkinərək müsəlman ölkəsi olan Azərbaycanın maraqlarını müdafiə etməyəcəklər. Bu müharibədə müsəlman dövlətinin qələbə çalması bu dövlətlər üçün yolverilməz hesab olunur.

O, eyni zamanda aprel döyüşlərinə işarə edərək qeyd elədi ki, xalq torpaqlarını azad etmək üçün 100 min şəhid verməyə hazır olduğunu göstərdi: “Biz də bir qurum olaraq cəmiyyətdə daim müharibə əhval –ruhiyyəsini təbliğ etməliyik. Bu məsələdə hər hansı bir güzəştə gedilməsinə imkan verməməliyik”.

Daha sonra çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev Azərbaycan xalqını Qarabağ məsələsinin həllinə hərbi yolla hazır olduğunu bildirərək bu məsələdə hakimiyyət -vətəndaş birliyinin və siyasit hakimiyyətin iradə nümayiş etdirməyinin vacibliyini vurğuladı.

İqtisadçı ekspert Vahid Məhərrəmov bütün problemlərin həllini ədalətli cəmiyyət quruculuğunda gördüyünü dedi: “Əgər Azərbaycanda ədalətli cəmiyyət qurulsa, o zaman ermənilər də burada yaşaya bilər. Yəni bu mümkündür. Bütün münaqişələr sülh yolu ilə həll olunur”.

İlahiyyatçı Cavid Cabbarlı Azərbaycanın vilayətləşdirilməsi, quberniyaların təşkili haqqında gedən müzakirələrin əslində ölkəmizin dövlət müstəqilliyi üçün təhlükəli tenedensiya olduğunu nəzərə çatdırdı:

“Bu gün şimal-qərb bölgəsində, Zaqatala-Balakən sakinləri, eyni zamanda şimalda əsasən, Qusar rayonu ərazisində yaşayanlar Rusiyaya daha çox meyillənirlər. Bu bölgələrdə sakinlərin çoxunun ikili vətəndaşlığı olduğu üçün hətta pensiya və müavinətlərini Rusiyadan alırlar. Odur ki, bu adamlar adıçəkilən bölgələrin hüquqi cəhətdən də Rusiya ilə birləşməsini istəyirlər və bu istiqamətdə separatçı təbliğatla məşğuldurlar”.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də Ermənistanın xristian dövləti olduğunu vurğulayaraq elə buna görə, beynəlxalq arenada yetərincə müdafiə olunduqlarını söylədi: “Müharibənin həllinin tənzimlənməsində vasitəçi dövlətlər və beynəlxalq qurumlar Azərbaycana qarşı ikili standartlarla çıxış edərək məsələnin ədalətli həllində maraqlı olmadıqlarını göstərirlər. Lakin birmənalı olaraq bilmək lazımdır ki, Azərbaycan dünya birliyi tərəfindən tanınmış öz tarixi ərazilərini azad və müdafiə etmək istəyir və bu məsələnin həllində həm beynəlxalq hüquq, həm də Azərbaycan dövlətinin əsas qanunu olan Konstitusiyasının tələblərinə müvafiqdir.

R.Əhmədli eyni zamanda regionun aparıcı islam ölkələri olan Türkiyə və İranın bu məsələnin həllində daha səmimi və əlbir iştirakının vacib olduğunu bildirdi: “Bu gün ölkə daxilində çox ciddi problemlər də var ki, Qarabağ kimi həlli vacib olan məsələdə milli birliyə nail olmağa mane olur. İlk növbədə siyasi əqidəsinə və dini inancına görə, saxta ittihamlarla insanların həbs olunması, məmur özbaşınalığı, korrupsiya və rüşvətin qarşısının alınmaması, ciddi sosial-iqtisadi problemlərin günü-gündən dərinləşməsi, əhalinin böyük əksəriyyətinin yoxsulluq həddində yaşaması əhalinin təbəqələşməsini dərinləşdirib”.

R.Əhmədli Qarabağ məsələsinin müzakirə olunmasını və daim cəmiyyətin diqqət mərkəzində saxlanılmasını vacibliyini qeyd edərək bu müzakirələrin mütəmadi davam etdirilməsi təklifi ilə çıxış etdi.

Tədbir iştirakçıları bu təklifi müsbət qarşılayaraq müzakirələrin daha geniş formatda aparılmasını, cəmiyyətin bütün təbəqələrinin bu müzakirələrdə iştirakının vacibliyini bildirdilər. 

Oxunuş sayı 1209 dəfə
Şərh vermək üçün giriş edin
Top