Bazar, 28 Fevral 2016 17:30

Ölmüş anasının döşünü əmən körpə

Mən Xocalıyam!

Zorlanmış, öldürülmüş, bütün varlığı işğal edilmiş Xocalının taleysiz övladı. Məndən olan uşaqların hamısı Xocalı olacaq, hamısını Xocalı çağıracaqlar. Çünki mənə ad vermək üçün nə atam var idi, nə anam. Mən də övladım doğulan kimi öləcəm. Atasız, anasız, kimsəsiz uşağı necə çağırarlar? Ya ..., ya da elə qoy XOCALI çağırsınlar.
Həyatda ən çətin və dözülməz iki müsibət var; ananın qollarında can verən övladının çırpıntısını seyr etməsi, övladın gözləri qarşısında anasının zorlanması. Mən ikisini də yaşadım. Bu müsibətlərin acısı həyat davam etdikcə bəsimdi. Zatən bu müsibətləri yaşayan bir can başqa hadisələri hiss etməz. Heç mən də hiss etmirəm...
Ətrafımda olanlar məni təəccübləndirmir. Kipriklərimi bir birindən ayıranda Xocalı qanında boğulacaq vücudların oğraş simalarını görürəm, göz qapaqlarımı bağlayanda isə ölmüş anamın soyuq döş gilələrini əmdiyim anlar rahat buraxmır məni. Həmin döş gilələrini bir damcı süd ümidi ilə somururdum. Süddən başqa heç bir qida çeynəyə bilməyən damağlarım ölmüş anamın döş giləsinə toxunanda simamda təbəssüm yaranmışdı. Bu təbəssüm kənardan bəlkə də günəş şölələrini xatırladırdı. Anamın sinəsindən axan qan təbəssüm dolu çöhrəmi qürub vaxtını yaşayan günəşə bənzətmişdi. Bu görüntü anam üçün ömrünün sonu, mənim üçün isə sabahı açılacağı bəlli olmayan qaranlıq bir gecəyə daxil olmaq anlamında idi. O gecə hələ də açılmayıb. İstəmirəm açılsın. İstəmirəm sabahın dan yeri sökülsün. Günəş buludların arasından boylanıb mənə göz atmaqla anasızlığıma eyham vursun. İstəmirəm anamın qucağından kimsə qoparsın məni, istəmirəm gecə bitsin, yerini gündüzə versin, kimsə anamın yanından aparsın məni. Qorxuram səhər açılar, anamı dəfn edərlər. “Torpağın üzü soyudur” – deyiblər. Soyuq torpaq anamı məndən alsa yaşaya bilmərəm. Nəfəssiz buz kimi ana qucağının yerini kimsəsiz, yaxınlarından ən uzaq qohumuna qədər öldürülmüş və zorlanmış körpə üçün nə əvəz edə bilər?!
İstəmirəm səhər açılsın, “zorlanmış ananın uşağı” rişxəndi ilə cəhalət dolu baxışlar mənə dikilsin. İstəmirəm, məsum gözlərim ana qatillərini, şərəfsizləri, dünya adlı birinin sevdasını yaşayanları görsün. Qorxuram gözlərimə onların iyrənc fotoları düşər. Anamın son nəfəsində iniltisini belə məndən gizlədən çöhrəsi göz yaddaşımın arxivinə köçər.
Mən həmin körpəyəm – Xocalıyam. Uzun, qaranlıq bir gecədə ölmüş anamın döş gilələrini bir damcı süd üçün gəmirirəm. Anam – XOCALI isə bərk-bərk məni özünə sıxıb. Barmağındakı dəmir parçasını çıxara bilməyən nadan düşmən barmağını kəsəndə anam son nəfəsini içinə çəkdi. Məni də özünə ona görə bərk sıxır ki, son nəfəsi ilə soyuq qış gecəsində şaxtadan qorusun.
Mən həmin Xocalıyam! Övladlarımı son nəfəsimlə qoruya biləcək Xocalı! Mən Xocalıyam, həmin Xocalı.
Ölmüş anasının döşünü əmən körpə - XOCALI
Cavid Cabbarlı,
İlahiyyatçı, jurnalist
Oxunuş sayı 1377 dəfə
Şərh vermək üçün giriş edin
Top