Çərşənbə axşamı, 17 May 2016 22:00

İran ABŞ-dan kompensasiya tələb edir

İran parlamenti hökumətə ABŞ-dan 63 illik antiiran fəaliyyətinə görə kompensasiya alması tapşırığını verib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərdə bildirilir ki, parlament səs çoxluğu ilə məsələ ilə bağlı qərarı təsdiqləyib. Qərara əsasən, parlamentə tapşırılıb ki, İranda pozuculuq fəaliyyətlə məşğul olduğu üçün ABŞ-a qarşı maddi və mənəvi ziyanın ödənilməsi haqda iddia qaldırsın. Bura ABŞ və Britaniya xüsusi xidmət orqanlarının iştirakı ilə 1953-cü il avqustun 19-da İranın o vaxtkı baş naziri Məhəmməd Müsəddiqin hökumətinin devrilməsi də daxildir.

Qeyd edək ki, Məhəmməd Müsəddiq İranın neft-qaz sektorunun milliləşdirməyə çalışıb.

Sənəddə 1980-ci ildə iranlı hərbçilərin yardımı ilə ölkənin o vaxtkı prezidenti Əbülhəsən Bənisədr və İranın ali lideri, ayətullah Ruhulla Musəvi Xomeyni hakimiyyətinin devirilməsinə cəhddən də bəhs edilib.

Parlament üzvləri İran-İraq (1980-1988-ci illərdə) müharibəsinə və başqa belə hadisələr görə ABŞ-dan kompensasiya istəyiblər.

Xatırladaq ki, İran bu iddianı ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların terrordan zərərçəkən ameriklaı ailələrə verilməsi haqda qərar qəbul etdikdən sonra irəli sürüb.

ABŞ Ali Məhkəməsi bununla bağlı aprelin 21-də qərar çıxarıb. 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb..

Oxunuş sayı 1220 dəfə
Şərh vermək üçün giriş edin
Top