Cümə axşamı, 07 Aprel 2016 22:00

Panama sənədləri: Putin korrupsiya iddialarını rədd edir

Rusiya prezidenti ilk dəfə Panama sənədləri haqqında danışıb

Rusiya prezidenti Vladimir Putin onun ətrafındakıların adına qeydiyyata alınmış ofşor şirkətlər barədə sənədlərin yayılmasını daxili sabitliyi pozmaq cəhdi adlandırıb.

Prezident Putin Panama sənədlərinin sızmasının ardından "istənilən korrupsiya elementini" təkzib edib.

Dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənədin mediaya sızmasından sonra Rusiya prezidenti ilk dəfə bu haqda danışıb.

Prezidentin fikrincə, "Rusiya milləti, çoxmilli Rusiya xalqının birliyi", hökumətin rəqiblərini narahat edir və bununla əlaqədar onlar sabitliyi pozmağa cəhdlər göstərirlər.

Prezident bir daha qeyd edib ki, sızdırılmış sənədlərdə onun adı birbaşa çəkilmir.

Bu zaman Putin əlavə edib ki, o, dostu violonçel çalan Sergey Roldugin ilə fəxr edir. Dərc edilmiş sənədlərə görə, Sergey Roldugin şübhəli sövdələşmələrdən şəxsən yüz milyonlarla dollar mənfəət əldə edib.

"O, demək olar ki, qazandığı bütün pulu xaricdə musiqi alətlərinin alınmasına xərcləyib və onları Rusiyaya gətirib", - Putin deyib.

Violençel çalan Sergey Roldugin Vladimir Putini yeniyetməlik illərindən tanıyır və prezidentin qızı Mariyanın xaç atasıdır

Prezident əlavə edib ki, Roldugin bizneslə məşğul olmaq istəyir, amma milyard dolları yoxdur. Rolduginin özü əvvəllər deyib ki, özünü sahibkar saymır.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun üzərində işlədiyi Mossack Fonseca 

sənədlərinin nəticələri aprelin 3-də axşam saatlarında bir neçə aparıcı media vasitələrində dərc edilib.

Sənədlərdə "Rusiya" bankı və Putinin yaxın tanışları, o cümlədən, prezidentin köhnə dostu musiqiçi Sergey Roldugin ilə əlaqəsi olduğu bildirilən şirkətlərin adı çəkilir.

Musiqiçi sənədlərdə Putinin digər yaxınları və prezidentə yaxın qurumlarla şübhəli müqavilələri olan iki ofşor şirkətin rəhbəri kimi göstərilir.

Putin Panama sənədlərində adı qeyd olunmuş yeganə dövlət başçısı deyil. Sənədlərdə Suriya prezidenti Bəşər Əsəd, Ukrayna prezidenti Pyotr Poroşenko, həmçinin Azərbaycan prezident ailəsinin adları da var (BBC).

Oxunuş sayı 1293 dəfə
Şərh vermək üçün giriş edin
Top