Bazar, 09 Aprel 2017 22:00

Ərdoğan Avropaya "xəstə" deyir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yenə də Avropaya qarşı ritorikanı yüksəldib, deyib ki, ölkəsinin Avropa Birliyinə qoşulmaq niyyətinə yenidən baxacaq, Avropa türk xalqına qarşı etdiklərinin bədəlini ödəyəcək.
Aprelin 9-da İzmirdə çıxış edən Ərdoğan deyib ki, 16 aprel referendumundan sonra AB-yə üzvlük məsələsinə yenidən baxılacaq. Həmin referendumda Ərdoğanın səlahiyyətlərini artıracaq dəyişikliklər səsverməyə çıxarılır.
Ərdoğan Avropanı "xəstə adam" adlandırıb. Vaxtilə bəzi avropalı siyasətçiləri 19-cu əsrdə çökməkdə olan Osmanlı İmperiyasına belə deyirdilər.
Ərdoğan mühafizəkar Ədalət və İnkişaf Partiyasının (AKP) yaradıcılarındandır. 
O, 2003-cü ildə baş nazir seçilib, 2014-cü ildə bu postdan prezidentliyə keçib. Niyyəti Türkiyəni parlament hökumətindən prezident respublikasına çevirməkdir. Referenduma da bu məsələ çıxarılır. 
Ərdoğan ölkəsində sabitlik yaratmağı hədəflədiyini desə də, tənqidçilər onu hakimiyyəti əlində cəmləşdirməkdə qınayırlar.
İzmirdəki çıxışında Ərdoğan deyib ki, Avropada yaşayan türklər əzilir, alçaldılırlar.
"Avropa elədiyinin bədəlini ödəyəcək. Allah qoysa, Avropa Birliyinin məsələsinə aprelin 16-dan sonra baxılacaq", – o söyləyib.
Bəzi AB ölkələrinin Türkiyə siyasətçilərinin referendum təbliğatına imkan verməməsi ikitərəfli gərginliyi artırıb.(azadliq.org)
Oxunuş sayı 1376 dəfə
Şərh vermək üçün giriş edin
Top