Bazar, 28 Fevral 2016 20:39

Ərdoğan Afrikaya getdi: "Yola çıxıram, ortalıq qarışa bilər...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada fevralın 17-də törədilmiş terror aktından sonra ilk dəfə xarici səfərə çıxıb.

Ərdoğan Afrika qitəsinə yola düşüb. Onun səfəri uzaq Fil Dişi sahilindən başlayacaq. Daha sonra Türkiyə prezidenti Qanaya keçəcək. Oradan isə səfər Nigeriya və Qvineyada davam edəcək. Ərdoğan Türkiyəyə martın 3-də dönəcək.
Səfərə yola düşərkən Ankara hava limanında keçirdiyi brifinqdə Ərdoğan jurnalistlərin suallarına cavab verib. Konstitusiya Məhkəməsinin Suriyaya silah daşıyan TIR-lar barədə yazdıqları xəbərə görə casusluq və xəyanət ittihamı ilə həbs edilmiş “Cümhuriyyət” qəzeti jurnalistlərinin azadlığa buraxılması haqda verdiyi qərara “hörmət etmədiyini, ancaq səssiz qalmağa üstünlük verdiyini” bildirib. Ərdoğan israr edib ki, bu jurnalistlər ifadə azadlığına görə deyil, “casusluq olayına görə” həbs edilmişdi. Çünki dövlətin Suriya türkmənlərinə göndərdiyi yardımları deşifrə etmişdi.
Ərdoğan türkmənlərə gedən yardımları dayandıranlara yardım edən jurnalistlərin azadlığa çıxmasına qərar verilməsini anlamadığını deyib:“Küsura baxmasınlar, mən bu qədər rahat deyiləm. Bilirsiniz, mən yola çıxıram, ortalıq qarışa bilər”.
Türkiyə prezidentinin “ortalıq qarışa bilər” deyərkən nəyi nəzərdə tutduğu məlum olmayıb.
Qeyd edək ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Strateji Tərəfdaşlıq Yüksək Şurasının iclasında iştirak etmək üçün Gəncəyə səfər etməliydi. Azərbaycan prezidenti İlham Əliyev də həmin ərəfədə Gəncəyə getdi, lakin qatı duman üzündən iclası Bakıya təyin etmək qərara alındı. Ardınca isə Ankara terroru səbəbindən Ərdoğan səfərini ümumiyyətlə təxirə salmalı oldu. Türkiyəninn Bakıdakı səfiri bu səfərin“ən qısa zamanda həyata keçiriləcəyini” açıqlayıb.
Oxunuş sayı 1451 dəfə
Şərh vermək üçün giriş edin
Top