Çərşənbə axşamı, 15 Dekabr 2015 21:00

“Azərbaycanda mülkiyyət hüququ elə məmurlar tərəfindən pozulur”

Raiz Zeynalov: “Vətəndaşın əmlakını zorla əlindən almaq artıq ənənəyə çevrilib”

 “Azərbaycanda mülkiyyət hüququ qorunmur. Elə məmurlar tərəfindən pozulur. Yüksəkçinli məmur ordusu ölkədən şəxsi obyekti kimi istifadə edir. Məmur xoşu gələn istənilən şəxsi mülkü özününküləşdirə bilir. Hər kəs sabah əmlakının əlindən alınacağı qorxusu ilə yaşayır. Mülkiyyət hüququ qorunmayan yerdə dövlətin əsasları sarsılıb, deməkdir”. Bu sözlər Raiz Zeynalovun göndərdiyi məktubda öz əksini tapıb. R.Zeynalov əmlakının zorla əlindən alındığını iddia edir. R.Zeynalovun sözlərinə görə, 1994-cü ildə Nizami Rayon Məhkəməsi İcra Şöbəsinin rəisinin qohumları elə həmin rayonda yerləşən 2 otaqlı mənzilini zəbt ediblər. R.Zeynalova məxsus evdə yaşayan anası və bacısını aldadan dələduzlar evin qəzalı vəziyyətdə olduğunu və yaşayış üçün təhlükə törədə biləcəyini deyiblər. Beləliklə mənzil boşaldıqdan sonra zəbt olunub.

R.Zeynalov həmin mənzilin ona məxsus olduğunu desə və kifayət qədər hüquqi dəlillər göstərsə də, şəxsi əmlakına sahib ola bilmir. Əksinə, öz halal və hüquqi mənzilini tələb etdikcə, təhdid və təzyiqlərlə üzləşdiyini bildirir. O, mülkü qaydada dəfələrlə məhkəməyə müraciət etdiyini deyir. Lakin məhkəmə heç bir əsas gətirmədən, mülkün boşaldılması və R.Zeynalova verilməsi barədə qətnamə çıxartmır. Mənzilin istifadə hüququ Zeynalova aid olduğu halda o, mənzilə yaxın gedə bilmir. Zeynalov polis orqanlarına da şokayət etdiyini deyir. Lakin səsini eşidən bir nəfər hələ ki, yoxdur. Əlini hər yerdən üzən R.Zeynalov 2012-ci ildə ədaləti Avropa Məhkəməsində axtarmaq qərarına gəlir. Şəxsi əmlakını geri almaq üçün Avropa Məhkəməsinə üz tutan Zeynalova təzyiqlər daha da sərtləşib. Avropa Məhkəməsi R.Zeynalovun mülkiyyət hüququnu tanıyan qərar çıxardıb. Azərbaycan hökuməti isə “kor tutduğundan buraxmaz”, prinsipini əsas götürərək, heç Avropa Məhkəməsinin qərarını da tanımaq fikrində deyil.

R.Zeynalovun iddiasına görə Avropa Məhkəməsinin cavabından sonra məmurlar tərəfindən daha ciddi təhdid və təzyiqlərə məruz qalıb. Hətta həyat yoldaşının fiziki təzyiqlərlə üzləşdiyini iddia edir. Zeynalov yoldaşının döyülməsini və xəsarət almasını sübut edən tibbi ekspert rəyinin olduğunu da deyir.

“Azərbaycan hökumətini təmsil edən ayrı-ayrı məmur oliqarxlar belə hallara tez-tez yol veririr. Vətəndaşın əmlakını zorla əlindən almaq artıq ənənəyə çevrilib” – deyən R.Zeynalov mülkiyyət hüququnun tanınmasını tələb edir.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Oxunuş sayı 1356 dəfə
Şərh vermək üçün giriş edin
Top