Cümə, 22 İyul 2016 21:00

Təcili: Gülən Ərdoğan üçün sui-qəsd təlimatı verdi - “Əlimizdəki bütün imkanlar səfərbər edilsin"

Hərbi çevrilişin müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra əlindəki son daşları da oynamaq istəyən Fətullah Gülənin sui-qəsd təlimatı verdiyi bildirilir 

Avropa.info-ya xəbər verir ki, hərbi çevriliş cəhdinin boşa çıxmasından sonra ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin Türkiyədəki tərəfdarlarına verdiyi yeni təlimatlar üzə çıxıb.

Əldə olunan məlumata görə çevriliş cəhdindən sonra təşkilatın Türkiyədəki idarə heyəti təcili bir iclas keçirib. Keçirilən iclasda yeni təlimatları ilə bağlı Gülənə müraciət olunması ilə bağlı qərar qəbul olunub. 

Pensilvaniyaya şifrəli mesaj göndərən heyət “Çevriliş cəhdi uğursuz oldu. Yeni əmriniz nədir?” deyə Fətullah Gülənə müraciət ünvanlayıb. 

Geri addım atılmamasını istəyən Fətullah Gülən ordunun içində həbs olunmayan, deşifrə olmayan hərbçilərin, əmr gözləyən qrupların hərəkətə keçməsi, bütün imkanların səfərbər edilməsi, hər kəsin öz yaşadığı bölgədə olan mühüm şəxslərə sui-qəsd təşkil etməsi haqda təlimat verib. 

Gülənin ikinci dalğa ilə bağlı təlimat verməsindən sonra kəşfiyyat orqanları Türkiyənin bütün bölgələrində yerləşən bütün hərbi və polis məntəqələrinə xəbərdarlıq göndərib. 

Təlimat haqda məlumatın əldə edilməsindən sonra xüsusilə Ankara və İstanbulda hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. 

Yeni təlimata əsasən 81 vilayətdə yerləşən hərbi hissələr və hərbi bazaların hamısında, xüsusilə hərbi texnikanın və anbarların olduğu nöqtələrdə təhlükəsizlik tədbirləri görülüb. 

Fətullah Gülənin sui-qəsd təlimatından sonra mühüm siyasi xadimlər və hökumət üzvləri ilə yüksək rütbəli dövlət məmurlarının mühafizəsi gücləndirilib. 

Oxunuş sayı 1821 dəfə
Şərh vermək üçün giriş edin
Top