Cümə, 30 Sentyabr 2022 21:51

Əli Həsənovun PA-dakı varisi Mətbuat Şurasını necə nəzarətə götürüb? - Vüqar Əliyev kimləri seçdirib?

Mətbuat Şurasının sentyabrın 24-də keçirilən qurultayı ilə bağlı müzakirələr hələ də səngimir.

Sosial şəbəkə və mediada qurultayın demokratik keçirilmədiyi, bəzi pozuntuların olduğu iddia olunsa da, qarşı tərəf iddiaları qəbul etmir. Hətta sosial mediada bir nəfərin 2 bülletenlə səs verdiyi kameralara görüntülənsə də, qarşı tərəf qurultayın şəffaf keçirildiyi deyir. Bildiyimiz kimi, qurultayda "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib. Şuranın VIII qurultayında məhz onun namizədliyi irəli sürülüb. Yəni 2003-cü ildən bu vəzifəni tutan Əflatun Amaşovun yerinə. Qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Bildirilir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxil edilib. MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri bunlar olub: Rəşad Məcid, Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Elçin Mirzəbəyli, Rauf Arifoğlu, Niyaz Niftiyev, Aydın Quliyev, Azər Həsrət, Elşad Eyvazlı, Aqil Ələsgər, Hacıbəy Heydərli, Alqış Musayev, Akif Aşırlı, Səadət Məmmədova... MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri isə bu şəxslərdir: Əflatun Amaşov, Qulu Məhərrəmli, Vüqar Zifəroğlu, Bəhruz Məmmədzadə, Yadigar Məmmədli, Ceyhun Musaoğlu, Umud Mirzəyev, Müşfiq Ələsgərli, Fərid Pərdəşünas. Qurultayla bağlı əsl problem də bundan sonra başlayıb. Qurultaydan bir gün sonra məlum olub ki, Niyaz Niftiyevin üzərində şərti həbs cəzası olduğu üçün o İdarə Heyətinin üzvlüyündən uzaqlaşdırılıb. Onun yerinə isə əvvəllər Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin müşaviri olan Yeganə Hacıyeva təyin olunub. "Xeberinfo"ya daxil olan məlumata görə, Yeganə Hacıyevanı Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Vüqar Əliyev təkif edib. Vüqar Əliyev hazırda həmin şöbədə müdir əvəzidir və bütün işlər onun nəzarətindədir. Bu həmin Vüqar Əliyevdir ki, bir vaxtlar mediaya qənim kəsilən İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun müavini idi və mediada bütün "qara işləri" görür, jurnalistlərə torba tikməklə məşğul idi. Onun nəzarətində çoxsaylı "reket" jurnalistlər vardı və hakimiyyətdaxili çəkişmələrdə Əli Həsənovun propoqanda yazılarını təşkil edir, müxtəlif məmur və iş adamlarına, ictimai-siyasi şəxslərə, deputatlara qarşı qarayaxma kampaniyası aparırdı. Ona görə də mediada və sosial şəbəkələrdə Mətbuat Şurasının yeni tərkibini Əli Həsənovun komandasının qayıdışı kimi xarakterizə edirlər. Çünki Yeganə Hacıyeva, Niyaz Niftiyev və Azər Həsrət Əli Həsənovun yaxın adamları idi. Oxucular Azər Həsrətin "Mən Əli Həsənovun trolluyam" ifadəsi də tanışdı. Əldə etdiyimiz məlumata görə, Vüqar Əliyevin Yeganə Hacıyeva ilə yaxın münasibətlərinin olduğu da kimsəyə sirr deyil. Mətbuat Şurasına öz yaxın çevrəsini seçməklə yeni oyun qaydaları müəyyənləşdirən Vüqar Əliyev artıq Prezidentin digər köməkçilərinə meydan oxuyur. Vüqar Əliyev hazırda PA-da Əli Həsənovun yolunu və irsini davam etdirir, yəni Əli Həsənov mediada hələ də diridir.

Oxunuş sayı 1341 dəfə
Şərh vermək üçün giriş edin
Top