Bazar ertəsi, 15 Avqust 2022 19:46

Almaniyadan ailəsilə Bakıya gələn mühacir niyə həbs edilib?

Almaniyada oturum icazəsilə yaşayan Anar Əliyev Bakıda həbs edilib. O, bu ilin iyul ayının 8-də 2 azyaşlı uşağı və həyat yoldaşı ilə xəstə atasını ziyarət etmək üçün gedibmiş. Bu barədə A.Əliyevin həyat yoldaşı məlumat yayıb. Onun dediyinə görə, Anarın atası xəstə olduğundan, onu görməyə gəliblər. İyulun 25-də evlərinə tezdən bir nəfər gələrək polis bölməsindən olduğunu bildirib. Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsindən gəldiyini, Anar Əliyevin adına saxta xarici pasport aşkarlandığını bildirən şəxs, Anar öz xarici pasportu ilə bölməyə gedib rəisə öz xarici pasportunu göstərməsini istəyib. O, deyib ki, bununla Anar öz həqiqi pasportunu göstərərək saxta sənədlərlə və onu düzəldənlərlə heç bir əlaqəsi olmadığını təsdiq etmiş olacaq, bu, uzun sürməyəcək və Anar 15 dəqiqəyə evə qayıdacaq. Anar Əliyev də xarici pasportunu götürərək həmin şəxslə evdən çıxıb, onun və daha iki nəfərin olduğu maşına əyləşərək gedib. Yarım saat sonra Anarın gəlməməsindən narahat olan ailə 23-cü Polis bölməsinə gedib və orada Anarın atasına bildirilib ki, Anar sosial şəbəkədə- facebook-da yazdığı statuslara görə bölməyə gətirilib, bunu yuxarılardan tapşırıblar və nə zaman sərbəst buraxılacağı məlum deyil. İki saat sonra ailə bir daha Anarın arxasınca bölməyə getdikdə onlara bildirilib ki, Anarın cibindən külli miqdarda narkotik çıxıb, buna görə onu Nizami rayon Baş Polis İdarəsinə aparıblar. Anarın yoldaşı deyir ki, əynindəki şalvarı o, ütüləyib Anara verib, Anar hətta narkotik istifadəçisi olsaydı belə, cibinə niyə narkotik qoyub polis bölməsinə getsin ki? Bunu kim edər? Həyat yoldaşı Anarın narkotik istifadəçisi olmadığını vurğulayır, həmçinin deyir ki, yoldaşının həbsindən sonra ondan dəfələrlə Anarın narkotik istifadəçisi olması barədə yazılı rəy almağa çalışıblar, hətta qadını aldatmaqla bunu yazdırmağa çalışıblar, o isə bunu etməyib. Həyat yoldaşı deyir ki, Anar vəkilsiz dindirilib və narkotik satdığını və istifadə etdiyini boynuna alıb. O, vəkil istədikdə, vəkilsiz ifadə vermək istəmədiyini deyəndə, təzyiqə məruz qalıb. Xanımın sözlərinə görə, ilk tutduqları vəkil Səlimxan İsmayılov isə polislə əlbir olaraq, yoldaşının işini daha da çətinləşdirib. Anar vəkilə ifadəni təzyiq altında verdiyini, ifadədən imtina etmək istədiyini bildirib, vəkil isə ümumiyyətlə onun işi ilə maraqlanmayıb. Anar Əliyevin həyat yoldaşı uşaqları ilə Almaniyaya geri dönmək üçün ondan razılıq ərizəsi almaq üçün vəkilə müraciət edib, vəkil isə bunu etmək istəmədiyini bildirib, iki həftə ərzində Anardan həmin ərizəni almayıb. Həmçinin vəkil iki həftə sonra deyib ki, Anarın həbsi sifarişlidir, buna görə heç nə etmək mümkün deyil. O, bildirib ki, qadının ölkədən çıxışına stop qoyulub. Buna inanmayan Anara Əliyeva, əvvəlcədən aldığı biletlə tək ölkədən getmək istəyib. Ancaq avqustun 4-də aeroportda ona bildirilib ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Bundan sonra o, Baş Polis İdarəsinin istintaq şöbəsindən Rüfət İbayevin yanına çağırılıb və ona nə üçün ölkədən qaçmaq istədiyi soruşulub. Qadın isə deyib ki, o, ölkədən qaçmırdı, əvvəlcədən aldığı biletlə yaşadığı, işlədiyi ölkəyə gedirdi və burada qanunsuz heç nə yoxdur. Ancaq qadından bununla bağlı izahat yazması, orada ərinin narkotik istifadəçisi olduğunu təsdiqləməsi istənilib, o isə bunu etməyib. Xanımın sözlərinə görə, ondan bir neçə hüquq-mühafizə orqanının yüksək rütbəli əməkdaşı həyat yoldaşının narkotik istifadəçisi olduğunu təsdiq edən kağız yazmasını istəyiblər. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsindən Rüfət İbayev, müstəntiq Ayxan Təhməzli və digərləri həmçinin Anarın və onun valideynlərindən yazılı izahat alıblar ki, Anarə Əliyeva Almaniyaya gedəcəyi halda, bu məsələni ictimailəşdirməyəcək və xarici təşkilatlara bu barədə heç bir informasiya verməyəcək. Həmçinin qadının özü ilə söhbət zamanı da bunu istəyiblər, o da buna söz verib. Ancaq sonradan bilib ki, ölkədən çıxışına qanunsuz olaraq stop qoyulub. Bununla bağlı DİN-ə, Ombudsmana etdiyi müraciətlər isə cavabsızdır. Hazırda ailə yeni vəkillə- Elçin Sadıqovla müqavilə bağlayıb. Anar Əliyev 2016-cı ildə Almaniyaya mühacirət edib. O, “siyasi oturum” (yaşayış izni) almayıb. Özü və həyat yoldaşı işlədiyinə və peşə təhsili aldığına görə onlara “iş oturumu” verilib. Xanımı bildirir ki, Anar Əliyev orada bir müddət “Kölgə” kimi təşkilatın təşkil etdiyi aksiyalarda iştirak etsə də, üç ilə yaxındır ki, heç bir siyasi fəaliyyəti olmayıb. Bununla belə, o, hakimiyyətin “qara siyahısı”na düşərək şərlənib və həbs edilib.

Oxunuş sayı 1515 dəfə
Şərh vermək üçün giriş edin
Top