Cümə axşamı, 07 Oktyabr 2021 22:53

Mən bomjam, sağ ol, ölkəm! - Arzu Abdulla yazır

Keçmiş iş yoldaşımın facebook-da paylaşdığı şəkil uzun müddət gözlərimdən asılı qaldı. Rusiyada keçrilən aksiyadan çəkilmiş şəkildə aksiyaçının əlindı tutduğu plakatda belə yazılmışıdı: “я -бомж, спасибо власть!”.
Qış gələndə bomjlığımı daha çox hiss edirəm. Bomj dedim yadıma Elmlərdə kirayədə qaldığım günlər düşdü. 35 il orta məktəbdə rus dili müəlliməsi işləmiş Tamilla adlı bir iudey qadının evində qalırdım. Evdə daha 3 kirayənişin qız vardı. Çox hövsələsiz və amansız olan qarı bütün işlərimizə burnunu soxub bizi çərlədirdi.. Hərəmizə həftədə iki dəfə evdə təmizlik işi düşürdü. Nəinki təmizlik işində, hətta mətbəxdə yemək hazırlayanda da , hamamda da Tamilla başımızın üstünü kəsdirib zəhləmizi tökürdü. Hamama 10 dəiqəq vaxt qoymuşdu. Gecikən kimi qapını təpikləyirdi. Biz isti su üzünə həsrət idik. Baxmayaraq ki, evin bütün kommunal xərclərini yarı bölürdü bizimlə.

Bir dəfə üstümə qışqırıb qəzeti masanın üstünə qoymağımı mənə irad tutdu. Sabahı günü o, yenicə istifadə etdiyi “klizma”sını həmin masanın üstünə qoyanda dünən mənə dediklərini ona qaytarmalı oldum. İndi təsəvvür edirsiz də evdə nə mərəkə qopdu. Çox pulgir olan bu qadının puldan başqa da həvəsləri var idi. Seriallara baxmağı və evdə gül becərməyi çox sevən qarı qabları yuduğu suyu pəncərədən atmağı da sevirdi. Daha çox sevdiyi isə yemək idi. O, doymurdu. Evdə bir soyuducu var idi. Soyuducuda 4 qızın ərzağını bütün günü ora-bura qurdalayır, ora-bura itələyirdi ki, özünün ərzağını daha rahat yerləşdirsin. Kənddən bizə göndərilən səbət isə onun lap qanını qaraldırdı. Məsələn, bir dəfə Şirvandan olan qız evlərindən iki iri ziyad balığı gətirmişdi. Tamilla onun ətrafında fırlanıb, balığı çox sevdiyini, xüsusilə, balğın bu növündən doymadığını təkrarlayırdı. Qızın yoldan gəlməsi, yorulması “xozeykan”ı “çox narahat edirdi”. O, qıza “balığın birini mənə gətirmisən” deyəndə qız “yox, qardaşıma gətirmişəm, həm də soyuducuda sənin ziyad balığın var axı” dedi. Vəsallam. Tamillanın sifəti 180 dərəcə döndü və bayaqdan yol gəlib yorulan qızın üstünə qışqırıb: “Mənim evimə balıq qoyma, iyindən xoşum gəlmir, elə indi hara aparırsan apar, evdə balığı bişirdiyini də görməyim”.
Bir dəfə axşam evdəkilər həyəti bürüyən üfunət qoxusunun mənbəyini araşdırmalı oldular. Səhəri bazar günü olduğundan evdəkilər hamısı səfərbər olub bu qoxunu axtarmağa başladıq. Biz işıq yanan tərəf deyil, dəhşətli qoxu gələn tərəfə gedib onu tapdıq. Binanın zirzəmisində o, sakitcə oturmuşdu. Sanki tələyə düşmüş, gücsüz, çarəsiz zavallı idi. O, bomj idi. Tamilla onu qışın soyuğunda çölə atmağa çalışanda yenə biz ona mane olduq. Sabahı günü işdən gələndə həyətdəki mərəkənin səbəbi də bu bomj idi. Tamilla qonşuları narahat edən qoxunun səbəbkarını az qala edam edəcəkdi. O, qışqırır, bomj isə əynindəki cırıq paltarın içində soyuqdan əsirdi. Bilmirəm nədənsə, bu sarışın, hündürboylu, ağ bənizli, düz qamətli, gömgöy gözləri olan bomj mənə doğma gəldi. Nədənsə mənə elə gəldi ki, o, uzaq Sibirdən gəlib. Özü də heç vaxt pislikləri və pisləri görsə də onların mahiyyətini duymayıb. Çünki gözləri çox təmiz idi. O, soyuqdan əssə də çox qürurlu görünürdü və Tamillaya yalvarmaq fikirində deyildi. Həyətdə aləm bir-birinə dəysə də mənim fikrim bomjda idi. Onu müdafiə etmək üçün qonşulara yaxınlaşanda o, bunu duydu. Mənə baxıb gülümsədi və geri dönüb, Tamillaya qürurla “Kimlərinsə evi var, mənə isə çox soyuqdur, sən bunu anla” dedi. İlk dəfə idi onun səsini eşidirdim. O, qışqırıb evsiz olduğunu demirdi, sadəcə Tamillanın onu anlamasını sakit səslə eşitdirirdi. O, doğrudan da qeyri-adi idi. Mən isə o, vəhşi qadını hər gün görməmək üçün yeni kirayə ev axtarmağa başladım.
...Qış gələndə bomjlığımı daha çox hiss edirəm. İndi soyuq, rütubətli otaqda üşüdükcə bu sözləri təkrar edirəm: mən bomjam, sağ ol, ölkəm!

Arzu Abdulla

Oxunuş sayı 837 dəfə
Şərh vermək üçün giriş edin
Top