Cümə axşamı, 02 İyul 2020 00:00

Ölkəyə fərarilər rəhbərlik etdikləri dövrdə, qəhrəmanlar acı içində öləcəklər

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, ağır xəstəlikdən əziyyət çəkən kapitan Məmməd Quliyev vəfat edib. Allah rəhmət eləsin.
Məmməd Quliyev kim idi və xidmət etdiyi dövlət ona hansı qayğını göstərib?
18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, zabit olub. 2013-cü ildə ordu sıralarından tərxis olunub və ağır xəstəliklərdən əziyyət çəkirdi. Vəfat etdiyi günə qədər yataq xəstəsi olub və xidmət etdiyi dövlətdən qayğı görmədiyini iddia edib, hətta “belə vəziyyətə düşməkdənsə, şəhid olaydım“ deyib.
Müdafiə Nazirliyi isə 7 il ağır xəstəliklərdən əziyyət çəkən zabitini taleyin ümidinə buraxmışdı. Hərbi xidmət zamanı sağlamlığını itirmiş zabit haqqında Müdafiə Nazirliyinin verdiyi qərar belədir: Müdafə Nazirliyinin rəhbərliyi kapitan Məmməd Quliyevin dəfni ilə bağlı göstəriş verilib.
Bu, ilk hal deyil. Yüzlərlə zabit, minlərlə əsgər və gizir eyni taleyi yaşayır və belə davam edərsə, yaşayacaq. Bir zabiti müalicə edəcək qədər aciz və imkansızdırmı Azərbaycan dövləti?! Məncə deyil. Dövlətin ən kasıb məmuru yüzlərlə xəstəni öz hesabına müalicə edə biləcək qədər zəngindir.
Hamımız bilirik ki, Müdafiə Nazirliyi əsgər və zabitlərə qarşı bilərəkdən ögey münasibət sərgiləyir. Məmurlar dövlət adından Qarabağ qazilərinə və şəhid ailələrinə məqsədli şəkildə divan tutur, onlara qarşı düşmənçilik sərgiləyirlər. Səbəb nədir? Niyə VƏTƏN sərhədlərini, torpağını qoruyan, Qarabağda döyüşən qazi və şəhidlərimizə qarşı münasibət səmimi deyil? Niyə qazilər, tərxis olunmuş hərbçilər və şəhid ailələrinin əksəriyyəti ən ağır vəziyyətdə yaşamalıdırlar? Çünki ölkəyə fərarilər rəhbərlik edir, ən mühüm postları hərbi xidmət görməyənlər mənimsəyib. Belələri xain və qorxaqdılar, başda İlham Əliyev olmaqla! Mərd və cəsur şəxslərin varlığı bu qorxaqları təhdid edir, düşünürlər.
Amma və lakin… məsələ bu qədər ötəri və dayaz deyil. Dövlətçiliyimiz baxımından çox əhəmiyyətli və dərindir. Bir müqayisə ilə fikrimi izah etməyə çalışacam. Yəqin hamımız etiraf edərik ki, son 40 ildə xaricdən və daxildən ən çox təzyiqlərə və təhdidlərə məruz qalan ölkələrdən biri də İrandır. 1980-cı ildə başlayan İran-İraq savaşı, sonrakı illərdə Qərb ölkələri tərəfindən qoyulmuş embarqolar, blokadalar, daxildə yaradılımış çaxnaşmalar və sair. Hətta İranın dövlət olaraq dağılacağı tarxilər belə açıqlanıb, dəfələrlə. Lakin İran hələ də ayaqda. Bilirsinizmi niyə? Birinci şəxsdən tutmuş ən xırda məmura qədər əksəriyyət 1980-88-ci illərdə savaşda iştirak edib, bəziləri hələ də 30 ilin qəlpəsini daşıyır. Baxın, səfirlərin çoxu müharibə veteranları, yaxud şəhid ailəsinin üzvləridirlər. Ən həssas vəzifələrdə məhs dövlətin qorunmasında canını əsirgəməyən şəxslər dayanır. Belə şəxslər milli maraqlara zidd addım atarlarmı? Qanı və canı ilə qoruduğu dövlətinə xəyanət edərmi?
Digər tərəfdən cəmiyyətdə vətənsevgisi, vətən uğrunda şəhid olmaq həvəsi dayanmadan təbliğ olunur. Gənv nəsil qazilərə və şəhid ailələrinə dövlətin qayğısını görür, bayrağı hər şeydən uca tutmağın önəmini anlayır.
Bizdə isə dövlətimizi xaricdə ya fərarilər (əksəriyyəti hərbi xitmətdən yayınıblar) ya da harın məmur balaları təmsil edir. Onlar dövlətin və bayrağın əhəmiyyətini hardan anlayacaqlar? Daxildə də ən əsas postları belələri qəsb ediblər. Qarabağ uğrunda qızğın döyüşlər zamanı İlham Əliyev Türkiyərə qumar oynayırdı, Rusiyada dəri gödəkçə satırdı. Təbii ki, bu düşüncə ilə ölkəni idarə edəcək. Düşmənin əzələ nümayişi, əsirlikdə olan azərbaycanlıların ah-naləsi, ağır xəstəlikdən əziyyət çəkən hərbçilərin iniltisi qumarbazın vecinə olacaqmı?
Daha bir nümunə Avropadan; Covid-19 bütün dünyanı vahiməyə saldığı halda Azərbaycan hökuməti vətəndaşları ilə necə davranır, göz qabağındadır. Avropa ölkələrin də isə dövlət vətəndaşın yanında, hətta darıxmaması üçün əlindən gələni edir. Ən çətin zamanında vətəndaşın yanında olan dövləti vətəndaş unudarmı? Bütün varlığı ilə o dövlətin mövcudluğunu qorumazmı?
Əliyev tayfa rejimi təkcə bir zabitimizə diqqətsizlik etməyib, xalqın dövlətə olan inam və güvənini sarsıdıb. Təkcə Qarabağ uğrunda döyüşənlərə qarşı amansız deyil, torpağı, vətəni qorumaq istəyənləri təhdid edir. Təkcə bir vətəndaşın hüququnu pozmur, dövlətimizin hüquqi mövcudluğunu təhlükəyə salır.
Qəsbkar, zalım və cinayətkar Əliyev tayfa rejimi təkcə bu günümüzü deyil, sabahımızı da işğal edib. Vəfat edən zabitimiz bu həqiqətləri görmək üçün bizə yardımçı olmalıdır.
Hər şey aydın şəkildə görünür, düşdüyümüz rəzalət və səfillik “korluğumuza“ bağışlana bilməz. Bizi bağışlaya biləcək təkcə Məmməd Quliyevin ruhudur, qisasını alarıqsa!
Müqəddəs şəhidlərimizi ruhları bizi bağışlamayın, kor, kar və lal olduğumuz halda!

Cavid Cabbarlı

 
Oxunuş sayı 668 dəfə
Şərh vermək üçün giriş edin
Top