Çərşənbə axşamı, 30 İyun 2020 01:07

Daha sərt qaydalar gəlir - yalnız bir dəfə icazə almaq mümkün olacaq

8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Dəyişikliyə əsasən, bundan sonra 8103 SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq.
Onun sözlərinə görə, Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.
"Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 1 kodu vasitəsilə icazə ala bilməyəcək”. 
Sui-istifadə hallarının çoxluğu ilə əlaqədar olaraq belə məhdudiyyətlərin tətbiq edildiyi bildirilir.
Vətəndaşlara təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən zaman həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəmək tövsiyə edilib.
 Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq 21 iyun tarixindən 5 iyul tarixinə qədər xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda əhalinin SMS icazələrlə evdən çıxması qərara alınıb.
8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün  icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.
Oxunuş sayı 643 dəfə
Şərh vermək üçün giriş edin
Top