Bazar ertəsi, 18 Mart 2019 03:18

Daha bir əfv sərəncamına ehtiyac var – Cavid Cabbarlı

İlham Əliyev 28 may tarixini bəhanə edib, daha bir əfv sərəncamı imzalamaqla bütün siyasi məhbusları azad etməlidir

İki gün əvvəl hökumətin hümanistlik kimi təqdim etdiyi əfv sərəncamı nəticəsində 400-dən çox dustaq azad olundu və yaxud cəza müddəti azaldıldı. Bu siyahıda siyasi düşüncəsinə və tənqidi fikirlərinə görə həbs olunan şəxslərin adına da rast gəldik və çox sevindik. Birmənalı olaraq, Azərbaycanda siyasi məhbus probleminin həll edilməsini, təqribən 100-dən çox siyasi dustağın da dərhal azad olunmasını tələb edirəm.

Diqqətimi çəkən bir məsələni qeyd etmək istəyirəm ki, təqribən 3 il əvvəl, yəni 2015-ci ilin son aylarında bu barədə geniş bir araşdırma yazmışdım. İndi isə qısaca fikirlərimi bölüşürəm.

2015-ci ilin noyabr ayında Nardaranda baş verən hadisə nəticəsində 44 şəxs həbs olunub. Bu insanlar Cinayət Məcəlləsinin ən ağır maddələrilə (214.2.1, 214.2.3, 214-2, 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279, 282, 228.3, 228.1, 228.2, 228.4, 233, 278, 279.3, 279.2, 281.2 və 283.2.3) ittiham olunublar və 20 ilə qədər azadlıqdan məhrum ediliblər.

Cinayət Məcəlləsin azı 24 maddəsilə ittiham olunan şəxslər qanunsuz silah gəzdirməkdən tutmuş, zorla dövlət qurluşunu dəyişməyə qədər ən ağır cinayətlərdə suçlanblar. Zaman baxımından da, elə də uzaq vaxt deyil, yəni 3 il əvvəl baş verən hadisədir.

Nardaran hadisəsi baş verəndə qeyd etmişdim ki, bu şounu hökumət özü qurub və özü idarə edir. Səbəb də Azərbaycanda radikal dini camiənin hakimiyyətə gəlmə ehtimalını sünii qabartmaqla, Qərbə müsaj verir ki, bizi dəstəkləməsəz, görün kimlər hakimiyyəti ələ alacaq və sizin maraqlarınız qorunmayacaq. Nardaran hadisələrində digər səbəblər də mövcuddur, bu barədə kifayət qədər danışılıb və yazılıb. İndi dediyim, o səbəblərdən biridir.

Cəmi 3 il sonra hakimiyyətin qurduğu ssenari darmadağın oldu. Cinayət Məcəlləsinin 24 maddəsilə ittiham edilən şəxslərdən ən azı (bildiyim qədər) 4 nəfər azadlığa buraxıldı. Həmin 8 nəfərin 5-i şəxsən tanıyıram və onların Azərbaycan üçün nə qədər dəyərli və faydalı olduqlarını bilirəm. Heç bir zaman hansısa cinayət əməli törədəcəklərinə də qəti inanmıram. İndi isə belə bir sual yaranır - Dövlətə xəyanət maddəsilə 17 il azadlıqdan məhrum edilmiş şəxslər niyə 3 ildən sonra prezidentin əfv sərəncamı ilə azad olunmalıdırlar? Bildiyim qədər heç bir əfv ərizəsi filan da yazmayıblar, həbsdən azad olunmaları üçün fövqəladə vəziyyət də yaranmayıb. Məncə bu sualın iki cavabı var. Birincisi, hökumət Nardaran şousunu özü yaratmışdı, bu insanların heç bir cinayət törətmədiklərini bilirdi, özünə necə sərf edirdisə, elə də davrandı. İkincisi, ölkədə hüquq və məhkəmə sistemi elə çöküb ki, hamısı İlham Əliyevin iradəsindən asılı qalıb. Yəni o, istədiyi zaman istədiyi maddə ilə istədiyi adamı həbsə atır, istədiyi zaman da saxta əfv sərəncamı verib azad edir və hümanist prezident görüntüsü yaradılır. Məncə hər iki cavab uyğun gəlir. Nardaran hadisələri hökumətin yaratdığı şou idi, indiki addım isə Azərbaycanda dövlətin əsas dayaqlarından biri olan məhkəmə sisteminin məhv olmasını göstərir.

İndi, madam ki, bu hadisənin saxta şou olduğunu hökumət özü isbatladı və hətta 4 nəfəri də azad elədi, qalanlarını da dərhal sərbəst buraxmalıdır. Eyni maddələrlə suçlanan şəxslərin bəzilərini azad edib, bəzilərini həbsdə saxlamaq nə ədalətdir, nə də hüquq. Azərbaycan hökuməti bu məsələyə diqqət ayırmalı, Nardaran hadisəsinə görə həbs etdiyi şəxslərin hamısını buraxmalıdır.

Əvvəldə dediyim kimi, təkcə Nardaran hadisələrinə görə həbs olunanlar deyil, siyasi məhbusların hamısı dərhal azad olunmalıdırlar. Çünki onlar həbs olunacaq bir cinayət törətməyiblər və üstəgəl ölkəmiz üçün çox faydalı şəxslərdirlər.

İlham Əliyev vəziyyətini daha da pisləşdirmək istəmirsə, 28 may tarixini bəhanə edib, daha bir əfv sərəncamı imzalamaqla bütün siyasi məhbusları azad etməlidir.

Cavid Cabbarlı

Oxunuş sayı 924 dəfə
Şərh vermək üçün giriş edin
Top