Çərşənbə axşamı, 19 Fevral 2019 00:47

İndi bildinizmi ölkəmiz niyə bu gündədir?

Mən həmişə o fikirdə olmuşam ki, ölkədə bu cür acınacaqlı vəziyyətin yaranmasına görə hakimiyyətlə bərabər özünü müxalifət hesab edən bir çox partiyaların və onların sədrlərinin çox böyük günahı var. Təsəvvür edin ki, biz İlham Əliyevi seçkiləri saxtalaşdırmaqda, hakimiyyəti uzun müddətə zəbt etməkdə, qeyri- demokratik idarəçilikdə, insanların sorğu və şikayətlərini dinləməməkdə ittiham edirik. Amma eyni şeyləri bir başqa formada bəzi “müxalif liderlər” edir…

Uzağa getməyəcəm, üzvü olduğum Klassik Xalq Cəbhəsi Partiyasında baş verənləri konkret faktlarla izah etməyə çalışacam. 1 il bundan öncə- 17 fevralda üzürlü səbəbdən (rayonda hüzr məclisində idim- red.) iştirak etmədiyim KXCP Ali Məclisinin toplantısında Mirmahmud Mirəlioğlunun israrlı təklifi ilə partiyanın Ali Məclis üzvülüyndən xaric olunmuşam. Partiya Nizamanməsinin hansı bəndini pozduğuma və hansı bəndə əsasən özümün iştirakım və xəbərim olmadan Ali Məclis üzvlüyündən çıxarılmağıma aydınlıq gətirilməsi üçün ötən bir ildə dəfələrlə Mirmahmud Mirəlioğluna, KXCP İdarə Heyətinə və MNTK- ya rəsmi müraciətlər etdim. Amma təəssüf ki, ötən bir ildə M. Mirəlioğlu özü partiya Nizamanməsini, “Siyasi partiyalar haqqında”, eləcə də “İnformasiya azadlığı haqqında” qanunu kobud şəkildə pozaraq bu günə qədər soğruma cavab verməyib. Sorğu ilə bağlı müzakirə açmayıb. Məsələnin həllinə təşəbbüs göstərməyib. Əksinə, Ali Məclisin iclasında iştirak etmək istəmişəm məni iclasa buraxmayıb və s. Ümumiyyətlə bu adam ona və partiya rəhbərliyinə ünvanlanan mənim, 30- a yaxın KXCP Ağsu rayon şöbəsinin gənclərinin (onlar artıq 2 ildir müraciət edib- red.) və digər müraciətləri müzakirəyə çıxarıb partiyanın düşdüyü böhranlı vəziyyətlə bağlı müvafiq strukturlarda müzakirə açmır, açmaq istəmir. Hətta bizim son müraciətləri belə partiya Qərargahında qəbul etməyib (!?). Bilirsinizmi bu nə deməkdir? Bəyənmədiyimiz İlham Əliyev höküməti vətəndaşların ərizə və şikayətlərini formal da olsa qəbul edir. Hətta bunun üçün DİN, Prokurorluq, PA və s. yerlərə qutu da qoyulub və dəftərxanalar var. Mirəlioğlu isə ona və partiyaya ünvanlanan tənqidçi məktubları hətta qəbul etmir (!?). Bu adam qanunsuz olaraq partiyadan və vəzifədən çıxarılmış, partiyanın mövcud iflic və böhranlı durumundan narazı qalan insanların iştirakı ilə KXCP- də hər hansı müzakirə aparmaq niyyətində və iqidarında deyil. Amma çox pafosla Qarabağdan, Elçibəydən, demokratiyadan, düzlükdən, ədalətdən danışır (!?).

Özü Nizamnaməni pozaraq səlahiyyət müddəti 01 avqust 2018- ci ildə bitdiyi halda qeyri- qanuni, qeyri- legitim olaraq 7 aydır partiyaya sədrlik edir. Təsəvvür edin prezidentin səlahiyyət müddəti bitir, amma o seçki keçirmir və vəzifəsini davam etdirir- eynən Mirəlioğlu kimi)). 1 ildən çox olmasına baxmayaraq partiyanın növbəti Qurultayının keçirilməsi üçün gərəkən addımları atmır. Keçrilmiş konfranslarda ciddi Nizamnamə pozuntusuna və saxtakarlıq hərəkətlərinə yol verilir. Məsələn, məlum olur ki, yola saldığımız ilin sonlarında M. Mirəlioğlu özü şimal bölgəsinə gedərək bir gündə (!?) 3 rayonda- Quba, Xaçmaz və Şabranda konfrans keçirib (!?). Amma konfranslardan bir dənə də olsun foto və video sujet yoxdur. Təsəvvür edin M. Mirəlioğlunun bəyənmədiyi Əli Kərimli, İlgar Ilgar Mammadov, Arif Hacılı, Isa Gambar gedib hansısa rayonda konfrans keçirir, amma həmin toplantıdan heç bir xəbər və ya foto dərc olunmur, paylaşılmır. Sizcə bu mümkün olarmı? Təbii ki, yox. Hələ mən 1 gündə 3 rayonda normal konfrans keçirməyin qeyri- mümkün olduğunu bir kənara qoyuram. Eyni zamanda Elçibəyin doğulduğu bölgədə onun adından saxtakarlıq edib guya konfrans keçirirlər və Qurultaya 15 nəfər “nümayəndə” seçirlər (!?). Həmin konfransdan bu günə qədər saxta protokoldan başqa heç bir foto, video sujet və digər fakt yoxdur. Araşdırdım, məlum oldu ki, ümumiyyətlə Ordubadda KXCP- nin konfransı keçirilməyib. Bu saxtakarlıq deyilmi? Bu saxtakarlıq hakimiyyətin etdiyi saxtakarlıqdan daha təhlükəli və iyrəncdir. Məlumunuz olsun ki, M. Mirəlioğlu bu şəkildə “Qurultay” keçirib özünü sədr elan etmək istəyir. Baxmayaraq ki, sonuncu 2015- ci il avqust Qurultayında bildirib ki, bu, onun sonuncu sədrlik müddətidir. Və yeri gəlmişkən mən namizədliyimi elan etdikdən sonra rayonlarda konfransları gizlin keçirir, mənə məlumat verilmir (!?).

İndi sual edirəm; iqtidar da seçkiləri saxtalaşdırıb hakimiyyəti zəbt edir, M. Mirəlioğlu kimi muxalif partiya sədrləri də. Biri 16 ildir kreslonu zəbt edib xalqa zülm edir, biri də 19 ildir təşkilatı dağıdıb insanları yarı yolda, arxasız qoyur. İndi bunların fərqi nədir?

Hakimiyyət də tənqidçi insanları şərləyib həbs edir, Mirəlioğlu kimi partiya sədrləri də öz imkanlarından istifadə edib partiyadakı tənqidçi üzvləri partiyadan və vəzifədən çıxarır (əlində imkan olsa həbs də edər- red.). Belə müxalif partiya sədrlərinin hakimiyyətlə, konkret olaraq İlham Əliyevlə nə fərqi var? Kiçik fərqi odur ki, İlham Əliyev həbs etdirdiyi şəxsin məhkəmədə iştirakını təmin edib formal da olsa ona son söz demək imkanı verir. Böyük demokrat Elçibəy libasına bürünmüş Mirəlioğlu kimi kiçik diktatorluq eşqinə düşənlər isə bunu da etmir. İnsanların özünün iştirak etmədiyi toplantıda onları üzvlükdən və vəzifədən çıxarır. Heç bəyənmədiyimiz Sovet dövründə belə etmirdilər. Dəhşətdir və faciədir…

Hakimiyyət də xalqın şikayət və soğrularını cavablandırmır, haqqını- hüququnu tapdadığı insanlardan qaçır, onları dinləmək istəmir. Mirəlioğlu kimi muxalifət “liderlər” də. Bunların fərqi nədir?

Sonra da İsgəndər Həmidov kimi şəxsinə böyük hörmət etdiyimiz şəxs Xalq Hərəkatı adlı qurum yaradır və deyir ki, aramızda Mirəlioğlu kimi dürüst, mübariz insanlar var (!?) Qarabağ Komitəsi də yarananda demişdim ki, bu insanlarla uzağa getmək mümkün olmayacaq, indi də çox təəssüflə AXH haqqında eyni fikirləri təkrarlayıram…

Bir əli Rauf Arifoğlunun, Allahşükürün, Əli Həsənovun və digər hakimiyyət yetklilərinin əlində olan insanlardan əlinizi çəkin. Belə insanlarla bir yerdə olub xalqı və özünüzü aldatmağa cəhd etməyin, onsuz da mümkün deyil…

Ancaq öz şəxsi mənafeyini düşünən, milli- əxlaqi dəyərləri ayaqlar altına atan, xalqdan uzaq düşən, öz partiya üzvlərini dinləmək gücündə və iqtidarında olmayan insanlarla təşkilat yaratmayın və bir yerdə olmayın. Xalqa, Millətə dürüst, mübariz və səmimi insanlar lazımdır. İnsanların haqqına girib, ancaq intiriqa ilə məşğul olub, olduğu qurumları dağıdıb yalnız özlərini şah görən savadsız, perspektivsiz, yalançı adamlar yox…

İndi bildinizmi ölkəmiz niyə bu gündədir?

Mirəlioğluna isə sözüm odur ki, 19 ildir partiyanın sədrisiniz və partiyanı böhran həddə gətirdiniz, dağıtdınız. Yetər. Xalq Cəbhəsi xalqın təşkilatı olub. Azacıq da olsa bu xalqa hörmətiniz, sayğınız varsa təşkilatı xalqa qaytarın!

Oktay Güləliyev

Oxunuş sayı 873 dəfə
Şərh vermək üçün giriş edin
Top