Çərşənbə axşamı, 05 Fevral 2019 21:13

Taleh Bağırzadə, Abbas Hüseyn və Cabbar Cabbarlı aclıq aksiyasını davam etdirir

Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının (MHB) sədri Taleh Bağırzadə və MHB-nin məhbus üzvləri Abbas Hüseynlə Cabbar Cabbarlı aclıq aksiyasına başlayıblar.

T.Bağırzadə artıq 6 gündür ki, aclıq aksiyasını davam etdirir. 

Bu barədə Abbas Hüseynin anası Rəhimə xanım məlumat verib: "Abbas Hüseyn Qobustandadır. Beş gündür Taleh Bağırzadə, iki gündür Abbas Hüseyn aclıq aksiyasına başlayıblar. Onlara qarşı edilən basqı və işgəncələr davam edir. Ailəsi bildirir ki, Abbas Hüseyn bunları telefonda deyərkən belə ona təyziq olub, əlindən dəstəyi alıb ona danışmağa imkan verməyiblər”.

Bildirilib ki, Taleh Bağırzadəni hamamdan, telefonla danışmaqdan da məhrum ediblər:

"Bütün bunlara həbsxananın rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir".

Bundan əvvəl Taleh Bağırzadə yerli və beynəlxalq insan haqları təşkilatlarına, sosial şəbəkə fəallarına, Milli Şuraya müraciət edərək, Qobustan həbsxanasında insanlıq faciəsinin yaşandığını deyib və buna biganə qalmamağı xahiş edib.

T.Bağırzadə, A.Hüseyn 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunublar.

Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseyn 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirirlər.

Cabbar Cabbarlı da Nardaran məhbusudur. Ona Qobustan həbsxanasında dəfələrlə işgəncə verilib. Verilən xəbərlərə görə hətta bir dəfə Abbas Hüseyn özünü Cabbarın qarşısına atıb, "məni vurun, Cabbarı vurmayın, onun ciyərləri xəatədir, döysəni öləcək" deyib. Bu günlərdə isə Cabbarın yenidən işgəncəyə məruz qaldığı haqqında xəbərlər yayılıb.

Oxunuş sayı 796 dəfə
Şərh vermək üçün giriş edin
Top