Bazar, 21 Oktyabr 2018 22:34

Lerikdən Prezidentə 400 imzalı şikayət göndərildi

Lerik rayonunun 400-ə yaxın sakini öz imzaları və şəxsiyyət vəsiqələrinin seriya nömrələrini qeyd etməklə ölkə başçısına müraciət ünvanlayıblar. Rayonun Şingədulan icra nümayəndəliyinə daxil olan kəndlərin sakinləri prezidentə müraciət etməklə, rayon rəhbərliyindən narazılıqlarını ifadə ediblər.

Bu barədə sakinlər Vizualaz.org-a məlumat veriblər.

Sakinlər deyiblər ki, rayon rəhbərliyi ölkə başçısını aldadır. Onlar bildiriblər ki, oktyabrın 16-da cənub regionuna səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev Astara və Lerikdə də olub. O, Lerikdə bir sıra obyektlərin, yeni avtomobil yolunun, park kompleksinin və idman obyektlərinin açılışında iştirak edib. Amma Noda-Şingədulan və Xanagah yolunun rəmzi açılışını edib.

Sakinlər deyiblər ki, yol tanınmaz halda olduğuna görə, ölkə başçısından gizlədiblər.

Bundan başqa, Şingədulan icra nümayəndəliyinə daxil olan kəndlərin sakinlərinin ölkə başçısı ilə görüşməsinə maneə yaradılıb. Heç kəsə problemlərlə bağlı ölkə başçısına müraciət etməyə imkan verilməyib.

Sakinlər deyiblər ki, bu kəndlərin əsas problemi mavi yanacaqla bağlıdır. Kəndlər meşədən odun qırıb gətirməklə soyuqdan qorunur, gündəlik yemək tədarüklərini odun peçləri vasitəsilə həyata keçirilər. Amma son bir neçə ayda onlara meşədən hətta quru və yararsız odunları da yığıb gətirməyi qadağan ediblər.

Ölkə başçısına müraciət edən sakinlər rayon rəhbərliyinin, xüsusən də, icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyevin fəaliyyətindən şikayətçidirlər. Müraciət müəlifləri deyiblər ki, rayonu faktiki dözülməz idarəçilik həddinə gətirən Baxşıyev "Dırıq" bölgəsi üçün heç bir iş görmür.

Sakinlərin ölkə başçısına ünvanladıqları müraciətin tam mətnini yaxın günlərdə dərc edəcəyik.

Oxunuş sayı 658 dəfə
Şərh vermək üçün giriş edin
Top