Cümə, 13 Aprel 2018 22:00

Polis Akademiyasının sabiq müəlliminin iddiası Ali Məhkəmə tərəfindən təmin olunmadı

Azərbaycan Respublikasında məhkəmə sistemi siyasi hakimiyyətin, onun korrupsiya və rüşvətxorluq yolu ilə varlanmış nazir, məmurlarından asılı vəziyyətdə olmasını və onlardan çəkindikləri dəfələrlə mətbuat səhifələrində, bilavasitə məhkəmə çəkişmələrində, gizlində olsa da məhkəmə hakimlərinin ağzından çıxdığı kəlmələrdən görüb və eşitmişik. Bu qanunsuzluq və özbaşınalıqlar olub, var və çox təəssüflər olsun ki, bu eybəcərliklər bu gün də davam edir. Bunu saysız hesabsız məhkəmə baxışlarında və barəmdə olan əmrin ləğv edilməsi iddiası ilə əlaqədar 12 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılan, əgər buna baxılmaq demək olarsa, bu şounun kənardan müşahidəçisi oldum. Buna görə də bir daha vətəndaşların hüquq mühafizə və məhkəmə orqanlarına inanmının nəyə görə aşağı səviyyədə olmasını başa düşür və onların dərdləri ilə bölüşürəm.

Qısa da olsa bildirirəm ki, iddiam barəmdə 07.04.2016-cı il tarixli, Ə318-001-16 saylı DİN-nin əmri ilə “qeydiyyatdan keçdiyim “Facebook” sosial şəbəkəsində ictimai-siyasi məzmunlu yazılara tənqidi şərhlər verməklə xidməti fəaliyyəti ilə birbaşa bağlı olmayan məsələlərə əsassız müdaxilə etdiyinə, ailəli olmasına baxmayaraq vət. Ə.Ağacanova ilə cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibətlər qurduğuna və rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları adına və polisin nüfuzuna xələl gətirdiyinə görə” DİN-nin Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oğlu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməyim ilə əlaqədardır. Mən bu barədə bundan əvvəlki 27 iyul 2017-ci il tarixli “ARTIQ BU DÖVLƏT MƏNİM QİSMİMDƏ BİR ƏSGƏRİNİ İTİRDİ”, 28 dekabr 2017-ci il tarixli “Azərbaycan məhkəmələrinin əksər hakimləri siyasi sifarişli qərarlar qəbul edir və ancaq möhür vurmaqla notariat kontorunun funksiyalarını yerinə yetirirlər” məqalələrimdə siyasi sifariş əsasında başıma gətirilən qanunsuzluq, özbaşınalıq və dərəbəylik barədə geniş məlumat verilmişdir.

Bu dəfə də Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılan şou ənənələrinə sadıq qalan hakimlərin tamaşaları davam etdirilmişdir. İddia ərizəsini araşdıran məhkəmə kollegiyası iki kişidən, onlardan biri hakim İlqar Dadaşov və bir qadından ibarət olmuşdur. Həmişəki kimi məhkəmə baxışı birtəfəli, heç bir araşdırma aparılmadan, sübutlar təqdim olunmadan, onlara qiymət verilmədən, heç bir şahid dindirilmədən, heç bir sənəd təqdim edilmədən DİN-nin xeyrinə baxılmış, hakimlər oturduqları kürslərini və vəzifələrini yaddan çıxarmış, DİN-nin vəkillərinə çevrilmişlər. Qısa müddət ərzində baxılan iddam, buna heç baxılma da demək olmaz, təmin edilməmiş, əvvəlcədən hazırlanmış barəmdə çıxarılmış əmrin ləgv edilməsi iddiamın təmin olumaması barədə qərəzli qərar Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən məharətlə, vicdansızcasına qüvvədə saxlanılmışdır.

Çünki iddia ərizəsi əgər normal hüquqi ölkədə olan məhkəmədə baxılsaydı Azərbaycan generallarının qanunsuzluğu, özbaşınalığı və saxtakarlığı, nahəyət törətdikləri çoxsaylı cinayətlər üzə çıxardı. Ancaq məhkəmə hakimləri qorxduqlarından, çılız, əqidəsiz və prinsipial olmadıqlarından bunu etməyə çürətləri, cəsarətləri çatmamış və çatmayacaq da. Onlar DİN-nin rəhbərliyindən qorxur və çəkinirlər, onlara yazığım gəlir, görəsən insan bu qədər də kölə və nökər olmağı ilə necə barışa bilər. Ancaq bu deyilənlər bu günə kimi bu işə baxan və bundan sonra da baxacaq məhkəmə hakimlərini nə Uca Allah, nə də ki, Qanun qarşısında nə vaxtsa cavab verəcəklərindən azad etmir, etməyəcəkdə. Əqidəsi, amalı, siması, vicdanı, şərəfi, ləyaqəti və həyatda insan kimi yaşamaq prinsipi düzgün olan hakimlər ya qanuni düzgün qərar çıxarmalı, ya da ki, işə baxmaqdan imtina etməli, sonda istefa verməli və bu saxtakar Qərarlara imza atmamalıdırlar. Təəsüflər olsun ki, hələ ki, mən belə bir məhkəmə hakiminə rast gəlməmişəm, belə bir hadisə barədə eşitməmişəm və əminəm ki, bundan sonra da bu mühütdə, bu idarəçilik sistemində eşitməyəcəyəmdə.

Uca Allah səbirli və təmkinli insanları sevir, həmişə də onlara yardımçı olur, olacaq da. Azərbaycan Respublikasında sonuncu məhkəmə Konstitusiya məhkəməsidir. Bu məhkəmə baxışından da heç nə gözləmirəm. Yeganə məqsədim ölkədaxili bütün məhkəmə instansiyalarını keçəndən sonra, onsuzda bilirəm ki, digər həmvətənlərimin əksəriyyəti kimi Azərbaycanda pozulmuş hüquqlarımın bərpası qeyri-mümkündür, çünki bu hüquqları pozanların arxasında qanunusuz və coxsaylı cinayətlər törətməklə varlanmış, əllərində küllü miqdarda haram pul kütləsi və kifayət qədər inzibati resurslar cəmlənmiş oliqarx, monopolist nazir və məmurlar dayanırlar. Bu instansiyadan sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm, əminəm ki, Qanunların, İnsan Hüquq və Azadlıqların aliliyi bərqərar olunan Avropa İnsan Haqları Məhkəməsində kobud və cinayətkarçasına pozulmuş hüquqlarımın bərpasına nail olacağam. Mən bu məqsədlərimlə səhərlərimi açır, həyatda yaşayır və haqlı mübarizəmi sona kimi davam etdirilməsi üçün əlimdən gələni edirəm, edəcəyəm də. Bizlər onsuz da bu hakimiyyətin əksər harın nazir və məmurları kimi korrupsiya və rüşvətxorluq, mənmsəmə və talama yolu ilə xalqdan milyardlar oğurlamamışıq ki, onlar kimi bu maddiyyatların itirilməsindən qorxaq. Ancaq bu azğınlaşmış hakimiyyət məxluqları yeganə təmiz adımızı və kişiliyimizi də ləkələyib, bizləri alçaldmaq və sındırmaq istəyirlər. Onlar bu günə kimi görün nə qədər insanların həyatını məhf edib, ailələr dağıdıb, nə qədər çirkab işlərlə məşqul olub, nə qədər gunahsız insanları sifarişlə ləkələyib, şərləyib və həbsə atdırıblar. Ancaq bu dəfə mənim simamda ünvanlarını səhf salıblar, mən onları əmin edirəm ki, onlar düzgün hədəf seçməyiblər. Mübarizəmi sona kimi aparacağam və gec də olsa haqq-ədalət öz yerini tapacaq. Digər insanları da öz haqlı mübarizə yolundan dönməməyə, haqq sözünü deməkdən belə çəkinməməyə və bütün zəruri vasitələrdən istifadə edib, hakimiyyətdə tutduğu vəzifəsindən və mövqeydən aslı olmayaraq nazir, məmurlar tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün mübarizə aparmağa səsləyirəm. Bu qanunsuzluqları edən nadürüstlərin müdafiəçisi hakimiyyət, vəzifə, oğurlanmış milyardlar, əllərində olan müvvəqqəti təsiretmə resurslardırsa, bizlərin yanında Uca Allah, düzgün yol, əqidə, şərəf, ləyaqət, mənlik, mərdlik və dözümlük var. Haqq yolunda mübarizə aparan və bundan sonra da aparacaq hər bir şəxsə uğurlar arzulayıram.

Sonda bu qanunusluqda, özbaşınalıqda və cinayətlərdə əli olanlara və olmaqda da davam edən kimliyindən aslı olmayan hər bir şəxsə müraciət edirəm:” Bizlər bu həyata bir dəfə gəlib, bu həyatda müvəqqəti yaşayırıq, öz missiyamızı yerinə yetirib vaxtı gələndə də bu həyatdan köçəcəyik. Heç kim bu həyatda daimi deyil, bizlərə qalan da elədiyimiz əməllərə Uca Allahımız və bu həyatda bizdən sonra qalıb yaşayacaq, elədiyimiz hərəkətə görə övladlarımıza verilən qiymətdən aslı olacaq. İnsan bu həyatdan köçəndən sonra ya rəhmət qazanır, ya da gorbagor lənətinə məruz qalır. Görəsən bəs Sizlər doğurdan da Uca Allahdan qorxmursunuz, görəsən Sizlər doğurdan da vicdanınızı, insanlığınızı və kişiliyinizi tamamilə itirmisiz ? Ancaq bilin ki, yaşınızdan və harada olmanızdan belə aslı olmayaraq hərə öz elədiyi hər bir çirkin əməllərinizə görə cavab verəcəksiz, buna həm özünüz və həm də yaxınlarınız tam əmin ola bilərsiz və bunları da heç vaxtı yaddan çıxarmayın.

5cd3404b81e1b1afeecd5ba49e2fa4df XL

 

 

 

 

 

 

 

 Məqaləni hazırladı: Polis Akademiyasının sabiq müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oğlu.

Oxunuş sayı 1947 dəfə
Şərh vermək üçün giriş edin
Top