Çərşənbə, 17 Yanvar 2018 21:00

Taxıl zəmisi yanan kişinin əhvalatı

Bir zəhmətkeş kəndli torpaq sahəsində buğda əkir. Əkin vaxtı zəmini biçib bir yerə toplayır. Birdən görür ki, ailəsinin illik qidası hesab olunan zəmi tayası yanır. Bu da taxıl tayasını söndürmək üçün özünü vurur tayaya. İsti yay günü, quru zəmi,alovdan yaxın düşmək olmur. (Kənd uşaqları hadisəni daha yaxşı təsüəvvür edə bilərlər). Nə isə, adam özünü atır alovun içinə, camaat bir təhər alovun içindən xilas edib, xəstəxanaya çatırırlar. Adamın doğmaları xəbəri eşidən ki, tökülüşürlər xəstəxanaya. Bütün yanığ şöbələrini axtarırlar, adamı tapmırlar, öldüyünü zənn edib gedib, ölüxanaları da axtarırlar, tapa bilmirlər. Bir tikə “çörək” olub Əzrailin qanadına yapışıb, yoxsa divin girovuna düşüb, hərənin düşüncəsinə bir şey gəlir. Nəhayət məlul-müşkül xəstəxanada sınıq şöbəsinin qabağından keçən bir qohumu zarıltı səsi eşidir. Xəstəotağına yaxınlaşanda görür ki, taxıl zəmisi yanan qohumunu tamam salıblar gibsə, yazıq af-uf edir. Yaxınlaşıb soruşur ki, biz səni yanıq şöbəsində axtarırdıq, səni sınıq şöbəsinə niyə uzadıblar?Kişi deyir, yanmağına yanmışam, amma söndürənlər lapatka ilə söndürdülər.

Məndən cəmiyyətin halını soran olsa, heç düşünmədən taxıl zəmisi yanan kişinin vəziyyəti kimidir, camaatın vəziyyəti, deyərəm.

Yarın övladına nə yedirdəcəyini bilməyən valideyn, özünü ya yandırır, ya asır, da uca bir yerdən atır. DİN, Prokurorluq da ilin əvvəlində bir açıqlama hazırlayıb, belə hadisə baş verən kimi adamın adını, soyadını yazıb yayınlaıyr ki, adamın psixoliji problemi var imiş.

Bir tərəfdən də, hakimiyyət açıb büdcənin ağzını, dünyanın tanınmış mətbu nəşrlərinə paylayır ki, rejimi tərifləsinlər. Büdcənin bir iki yerindən iynəylə deşik açıb ki, arada prezidentə ata, əmi deyən bəzi yerli mətbu nəşrlər də deşikdən şirəsi axan büdcəni yalaya bilsinlər. Və gündəmi gic-gic şeylərlə dəyişsinlər ki, rejimin iyrənc əməlləri gündəmə gəlib ürək bulandırmasın. Məsələn, bir gədənin kiminsə haqqında yazdığı statusu, yaxud bəzi sözlərin başına açılan “oyunu” gündəmi dəyişmək kimi dəyərləndirirəm.

O qədər yanlış taktikadır ki, məhz bu starategiya rejimin sonunu gətirəcək. Daha düşünmürlər, kimlərəsə payladıqları vəsaitinin yarıdan yarısını əhaliyə versələr, İlham Əliyevi ömürlük padişah edərlər. Necə ki, döyülən də, söyülən də, vuran da, vurulan da İlham Əliyevə müraciət edir, şikayət göndərir, ondan ümid gözləyir, onun siyasətini dəstəklədiyini deyir. Bu xalq, bu camaat elə özü dediyi kimi, siyasətə qarışmır, yaşamaq istəyir, vəssalam!

Sən demə, əhalini yatırtmaq üçün rejimin bu zamana qədər oxuduğu nağılların sonunda göydən 3 alma düşmürmüş. 92,93-cü illəri xaos ili kimi az qalırdılar camaatın gözünə soxsunlar ki, bəs biz sizi silahlı basqınlardan, quldur dəstələrindən qurtarmışıq. Ona görə ölkənin bütün təbii sərvətləri, nefti, qazı, qızıl yataqları və sair bizim olmalıdır. Üstəgəl qazancınızın yarısını da verməlisiniz. Lap elə həqiqətən Əliyev rejimi həmən illərdə ağ atlı oğlan kimi çiynində qızıl quşu, əlində də misri qılıncı, qıratın belində gəlib ölkəni xilas eləyib, bu bölgüyə haqq edirmi? Etmir. İkincisi, lap elə dedikləri həqiqət olub, 25 il sonra xalqı, ölkəni xaosdan çıxarda bilibmi, bu yırtıcı və vəhşi rejim? Yox. Hacı Məmmədovun dəstəsi, Eldar Mahmudovun komandası və yüzlərlə belə irili-xırdalı qruplar saymaq olar. Bunlar cəhənnəmə, gizlində baş verib və üstü açılan kimi guya şahənşahın qəzəbinə tuş gəliblər. Bəs zindanda heç bir günahı olmayan insanların çürüməsinə nə deyirsiniz? Məhkəmələrdə saxta ittihamlarla uzun illər azadlıqdan məhrum edilənlərə nə deyirsiniz? Günün günorta çağı küçənin ortasında başına torba keçirilərək, oğurlanan insanların haqqında azmı eşitmisiniz? Qanunların, hüququn çeynənilərək tüpürüldüyü barədə azmı fakt var? Bunlar da cəhənnəmə, siyasi statusuna görə kiminsə atasını, qardaşını, hətta bacısını polis idarəsinə aparıb işgəncə vermək, xaos deyil, nədir? 92, 93-cü illərdən belə bir fakt göstərmək olarmı? Siyasi fəaliyyətinə görə, doğmaları qohumluq əlaqəsini kəsməyə məcbur edən, bu rejim deyil? Bu kimi hallar tarixdə çox az şahların dövrünə təsadüf edə bilər ki, həmin şahlar da ən pis formada yad olunurlar. Avropada yaşayan bir gəncin xəstə atasını və digər qohumunu DİN oğurlayaraq aparıb işgəncə verir, anasını ürəkparçalayan müraciət yaymağa məcbur edir. Belə bir hakimiyyət ölkəni hansı dövrə aparıb, düşünmək belə çətindir.

Hə, sonda cəmiyyətdə intihar səbəblərini axtaran “zəka”lara da ipucu verim, rayondan oğurlanıb DİN-ə gətirilən yaşlı və xəstə ata, oğluna deyirdi: “Həmin statusu silməsən intihar edəcəm”.

Dağa, daşa düşmək lazım deyil. Rejim – Əliyev hakimiyyəti bir parça çörəklə birlikdə bizi yandırır, sonra lapatka ilə söndürüb sınıq şöbəsinə uzadır ki, yanığ göynəltisi ilə baş-başa qalaq!

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist 

Oxunuş sayı 1693 dəfə
Şərh vermək üçün giriş edin
Top