Çərşənbə axşamı, 19 Dekabr 2017 21:00

"Normal qaydalar çərçivəsində mübarizədə uduzan hakimiyyət..." - Raul Qurbanov

“Azərbaycan hökuməti REAL Hərəkatının lideri İlqar Məmmədovu həbsdə saxlamaqla Avropanın təzyiqini öz üzərinə çəkir. İlqar Məmmədov ciddi siyasi iddiası olan şəxsdir. Normal qaydalar çərçivəsində mübarizədə uduzan hakimiyyət zorakılıqla siyasi opponentlərini sıradan çıxartmağa çalışır”. Bu sözləri ictimai fəal Raul Qurbanov deyib.

R.Qurbanov hesab edir ki, Azərbaycan hökumətinin beynəlxalq təzyiqləri üzərinə çəkməsi dövlətimizin imicini zədələyir: “Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmaması başa düşülən deyil. İ.Məmmədovun Avropa konvensiyasının 18-ci maddəsi üzrə hüquqlarının pozulmasının tanınması faktı onun təqib edilməsinin siyasi xarakter daşıdığını təsdiqləyir. Hökumət siyasi məhbusun olmadığını iddia etsə də məhz bu hal iddianın yalan olduğunu təsdiqləyir. Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmalı, qısa müddətdə İlqar Məmmədovu həbsdən azad etməlidir”.

Avropa Məhkəməsinin qərarının icra olunmamasını İlham Əliyevin real alternativi hesab olunan İ.Məmmədovun və onun sədrlik etdiyi Hərəkatın siyasi fəaliyyətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndirirəm – deyən R.Qurbanov əlavə edib: “Bu həm də Azərbaycan hakimiyyətinin siyasi plüralizmə, fikir ayrılığına və rəqabətə qarşı dözümsüzlüyünün bariz nümunəsidir.
Avropa Məhkəməsinin
qərarı Azərbaycan hakimiyyəti üçün gözlənilməz olub və hakimiyyəti bir daha qeyri-qanuni və ölkə imicinə xələl gətirən yeni ittiham uydurmağa vadar edib”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. O, 7 il azadlıqdan məhrum edilib.

İlqar Məmmədov beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb.

Oxunuş sayı 1491 dəfə
Şərh vermək üçün giriş edin
Top