Cümə axşamı, 17 Avqust 2017 22:00

Fuad Ələsgərovla Əli Həsənov nəyin savaşını aparır? - ANALİZ

II yazı

Məmurlararası qovğa  2018-ci ilə hesablanıb

Prezident Administrasiyasında yüksək vəzifə tutan iki məmur arasında qrup savaşına start verilməsi barədə məlumat vermişdik. Xural.com-a ekspertlərin şərhlərinə əsasən, savaş Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovla Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov arasında gedir. Qrup maraqlarının toqquşması xeyli müddətdir başlasa da, ictimaiyyət və media üçün qapalı idi. İlk açıq həmlə isə Fuad Ələsgərov tərəfindən gəldi. Belə ki, onun nəzarətində olan saytlardan biri “Əli Kərimlini Prezident Administrasiyasından kimlər və nəyin qarşılığında maliyyələşdirir?” sərlövhəli yazı ilə çıxış edərək, Əli Kərimlinin əsas maliyyə mənbəyinin elə  Prezident Administrasiyasında əyləşdiyini yazdı. Yazıda ad çəkilməsə də, ekspertlər hesab edirlər ki, yazıda hədəf administrasiyada ictimai-siyasi məsələlərdən sorumlu olan şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovdur. F.Ələsgərov Ə.Həsənovu radikal müxalifət hesab edilən partiyanı maliyyələşdirməsi ilə bağlı gündəmə gətirərək, onu “vurmağı” hədəfləyib.

Təbii ki, bu zaman ortaya suallar çıxır. Demək olar ki, eyni səviyyəli səlahiyyətlərə malik olan iki administrasiya məmuru niyə bir-birini bitirməyə çalışır? Özü də prezident seçkilərinin keçiriləcəyi qaynar 2018-ci ilə hazırlaşılan bir dövrdə hakimiyyətdaxili savaş niyə bu qədər alovlanıb? Xeyli müddətdir gizli gedən administrasiyadaxili savaş nədən mətbu sferaya daşındı?

Məsələni xural.com-a şərh edən ekspertlər bildirir ki, Həsənovla Ələsgərov arasındakı savaş elə 2018-ci ilə hesablanıb. Belə ki, ötən ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya edilən dəyişikliyə əsasən, 2018-ci seçkisində və bundan sonrakı dönəmlərdə prezident 5 il deyil, 7 il müddətinə seçilmiş olacaq. 2018 seçkisində YAP-ın namizədinin kim olması tam dəqiqləşməyib. Hakimiyyət daxilindəki qruplardan biri İlham Əliyevin, digəri isə hazırda birinci vitse-prezident postunda olan Mehriban Əliyevanın namizəd olmasına çalışır – ən azından kənardan görünən, ya da cəmiyyətə yeridilən budur. Maraqlıdır ki, administrasiyada təmsil olunan F.Ələsgərovla Ə.Həsənovun hər ikisi M.Əliyevanın prezident olmasını arzulayan qrupa aiddir – gələn informasiyalar belə qənaətə gəlməyə imkan verir. Onların arasındakı savaş isə M.Əliyevanın prezident olacağı dövrdə şəxsi ambisiyaları ilə bağlıdır. Belə ki, onların namizədinin prezident olması reallaşarsa, administrasiya daxilində ciddi kadr dəyişikliyi labüddür. Administrasiya rəhbəri də daxil olmaqla bir çoxlarının vəzifəsi ilə vidalaşaçağı, bəzilərinin isə səlahiyyət sərhədlərinin məhdudlaşacağı və ya genişlənəcəyi gözlənilir. Bu qovğanın içərisində güclü bəndlər var ki, onların əsas hədəfi isə məhz administrasiya rəhbəri olmaqdır – ya da yeni komandanın əsas simalarından biri. Bu sıradakı əsas fiqurlar isə Fuad Ələsgərov və Əli Həsənovdur ki, onlar artıq xeyli müddətdir ki, bir-birilərini gözdən salaraq, gələcək karyeraları üçün həlledici nəticələrə nail olmaq istəyirlər. Bunun ilk açıq həmləsi isə, qeyd etdiyimiz kimi, Əli Həsənova qarşı “müxalifəti maliyyələşdirmə ittihamıdır”. Ancaq gələn xəbərlərdə qeyd edilir ki, qarşı tərəf də boş durmayaraq, kompromat yolu ilə güclü və həlledici həmlələrə hazırlaşır. Çünki qarşı tərəf qismində Əli Həsənov dayanır ki, onu nəzarətində çox böyük media arsenalı var. Və Əli Həsənov belə zarafatları sevmir…

Mövzunu davam etdirəcəyik. Görünən isə odur ki, 2018-ci il seçkisi dönəmində əsas savaşlar elə hakimiyyətin daxilində gedəcək.

Mövzunu davam etdirəcəyik.

Oxunuş sayı 721 dəfə
Şərh vermək üçün giriş edin
Top