Çərşənbə axşamı, 20 İyun 2017 22:00

Daha bir jurnalist dindirildi

Kanal13 internet televiziyasının aparıcısı, Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Bu barədə C.Cabbarlı özü facebook səhifəsində məlumat verib: “Təqribən 2 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirildim. Əsas suallar Kanal13 internet televiziyasındakı fəaliyyətim və müəllifi olduğum "Gizli həqiqət" adlı kitab barədə oldu”.

Cavid Cabbarlı həm də xeberinfo.de saytının baş redaktorudur. O, "Kanal-13"də "Sizin tribina" və "Olduğu kimi" rubrikalarının aparıcısı olub. 

Kanal13-ün Bakı bürosunun rəhbəri Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkilləri və müdafiəçiləri Ə. Orucova qarşı ittihamların əsassız olduğunu bildirib. Onlar deyir ki, onun həbsi Kanal13 internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır.

Xeber.İNfo

Oxunuş sayı 1366 dəfə
Şərh vermək üçün giriş edin
Top