Bazar ertəsi, 19 İyun 2017 22:00

Arif Hacılının “AZADLIQ SALNAMƏSİ”nə sözardı əvəzi - Sərdar Əlibəyli yazır

Surət Hüsynova bir gündə üç böyük vəzifə niyə verilmişdi???!!!

Arif Hacili:“biz onu rusiyanin əlindən alib azərbaycanin adami eləmək istiyirdik”

PənahHüseyn: “biz onu rəhim qaziyevə qarşi kullanmaq istiyirdik”

“Azadlıq Səlnaməsi”ndə Arif Hacılının müsahibəsinin birinci hissəsinə baxdım. Bütün hallarda maraqlı müsahibədi və güman edirəm ki, ölkənin siyasi və mətbu gündəmində, hələ uzun müddət müzakirə və mübahisələrə səbəb olacaq açıqlamalarda bulunub Arif bəy. Olsun, məsələnin bu boyutu ilə işim yox, zatən belə müsahibələr və bir də hakimiyyətin “balta incəlikli” bəzi “əməliyyat” xarakterli addımları olmasaydı, gündəm ümumiyyətlə boş qalardı. Burası da mənim ilgilənmək istəmədiyim və məni heç ilgiləndirmiyən məsələdi. Sadəcə olaraq, Arif Hacılınin bu müsahibəsindən diqqətimi bir məqam çəkdi ki, Surət Hüseynov necə, niyə və hansı strateji maraqları təmin eləmək üçün Elçibəy hakimiyyətində və o dövr fəaliyyətdə olan hökumətdə yüksək postlara gətirilib? Ən maraqlısı isə odur ki, Arif bəyin özü də iddia və etiraf eliyir ki, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Baş Nazirin Birincü müavini və faktiki olaraq ön cəbhədə döyüşləri aparan hərbi birləşmələrin rəhbəri təyin edilən şəxsin kimliyini, daha doğrusu, yuvarlaq şəkildə desək, Rusiyanın öz maraqlarını Azərbaycanda tam təmin edə bilmək üçün siyasi hakimiyyətə gətirmək istədiyi şəxs olduğunu bilirdilər. Bu mənada, Arif Hacılı Surət Hüseynovun o məqamlara gətirilməsinin izahını belə verir ki, bu yolla Surəti Rusiyanın əlindən qoparıb, Azərbaycan hakimiyyətinin adamı eləmək istiyillərmiş. Burda bir para, adi gözlə görünən digər incəliklər də var ki, bilərəkdən hələlik onlara toxunmaq istəmirəm. Əsas fikrim, Arif Hacılının verdiyi izaha diqqəti yönəldib, onun bu haqda dediklərini, elə həmin məsələ ilə bağlı, bir müddət öncə, zamanın Baş Naziri Pənah Hüseynin söylədikləri ilə müqayisə etməyi, oxuculardan və cəmiyyətdən xahiş eləməkdi. Məsələ burasındadır ki, bir müddət öncə, Pənah bəyin yeni redaktədə dərc edilmiş “Cinayətimiz məğlubiyyətimizdir” başlıqlı məşhur məqaləsində də sabiq Baş Nazir məhz Surət Hüseynovun o məqamlara niyə gətirilməsinin geniş izahatını verib:

Sitat:“S.Hüseynovun Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini təyin olunması məsələsinə gəldikdə isə, burda bizim güddüyümüz əsas məqsəd R.Qazıyevi Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq üçün profilaktik tədbir olub. …

… S.Hüseynovun Prezidentin yanına çağırılaraq ona həmin vəzifə təklif olunan günün səhəri R.Qazıyevin istefa fərmanı verilməli idi. Hətta həmin hadisədən sonra S.Hüseynovun Müdafiə naziri təyin olunması barədəki şayiələrin məqsədi R.Qazıyevlə onun bağlılığını laxlatmaq və istefa fərmanını (R.Qazıyevin) imzalatdırmaq ümidi ilə bağlı idi və deyim ki, bu iş nəticəsiz deyildi. Nədənsə Prezident son anda tərəddüd etdi. R.Qazıyevin rus hərbi rəhbərliyi ilə əlaqələrindən istifadə olunması xatirinə Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə məşğul olmağa başlamağa məcbur olduq.”

Göründüyü kimi, “Milli Hakimiyyət”də təmsil olunan iki əsas və aparıcı şəxsin eyni məsələ ilə, yəni, öz dediklərinə görə, “Rusiyanın adamı” olduğu və Şimal qonşumuzun ciddi şəkildə “stavka” etdiyi bəribaşdan bəlli olan Surət Hüseynova, “bir günün içində o boyda vəzifələr niyə əta edildi” sualına verilən cavablar, həm məna, həm də mahiyyət baxımından, nəinki üst-üstə düşmür, hətta daban-dabana ziddiyyət təşkil eliyir. Bəs əsl məqsəd nə olub, Surət Hüseynovu Rusiyanın əlindən çıxarıb Azərbaycanın mənafeləri yönündə işlətməkmi, yoxsa ondan zamanın müdafiə naziri olan Rəhim Qazıyevə qarşı istifadə etməkmi?!!

Elə bu ritorik sualla da, yazını “üç nöqtə” ilə bu yerdə bitirməyə qərar verdim. Ona görə “üç nöqtə” ki, içimdən bir səs məsələlərin burda bitməyəcəyini deyir və çox güman ki, mövzunu davam etdirmək məcburiyyəti yaranacaq. Arif Hacılının elə birinci hissədə dedikləri çox məsələlər var ki, ritorik də olsa, mütləq sorğulanmalı və labüd şəkildə cəmiyyətlə paylaşılmalıdır.

Oxunuş sayı 1381 dəfə
Şərh vermək üçün giriş edin
Top