Bazar, 11 İyun 2017 22:00

Əli İnsanov məhkəməyə gəlmədi- vəkilinin tələbləri rədd edildi

Sabiq səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib.

Sabiq nazir Qaradağ rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb.

Əli İnsanov məhkəməyə məktubla müraciət edərək prosesdə iştirak etmək istəmədiyini deyib. Əli İnsanov vəkili Ağaveyis Şahverdi vasitəsilə ərizə göndərərək, məhkəmədə iştirakdan imtina edib. Vəkil sabiq nazirin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi bir sıra şahidlərin dindirilməsini, ekspertizaların keçirilməsini istəyib.

Vəkil deyib ki, Əli İnsanovun xəsarət yetirdiyi iddia olunan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədovla üzləşmə protokolu, sabiq nazirə məxsus olduğu iddia edilən psixotrop tərkibli dərmanlarla bağlı baxış və götürülmə protokolları, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin tərtib etdiyi akt və ekspert rəyi sübutlar siyahısından çıxarılmalıdır. Vəkilin sözlərinə görə, bu sənədlər kobud qanun pozuntusu ilə əldə olunub və sübut kimi qiymətləndirilə bilməz.

Müdafiəçi ekspertizaların təkrar keçirilməsini, əvvəl rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsini istəyib: "Əli İnsanovun müəssisədə cırdığı iddia olunan protokol və içində psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qablar məhkəməyə gətirilib araşdırılmadı. Əgər protokol və şüşə qaba Əli İnsanovun əli dəyibsə, üzərində onun barmaq izləri olmalıydı. Məhkəmədə bu məsələni qaldırsaq da, ekspertiza keçirilmədi. Ona görə də apellyasiya baxışında həmin əşyaların üzərində Əli İnsanovun əl-barmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyirik".

Dövlət ittihamını müdafiə edən prokuror Ceyhun Budaqov vəsatətlərin təmin olunmamasını istəyib. Həmçinin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını təklif edib.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılacağını elan edib. Əli İnsanovun məhkəmədə iştirakına gəlincə isə hakim bildirib ki, istənilən halda, onun saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasına məlumat veriləcək.

Məhkəmə baxışı iyunun 22-nə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanmışdı. Ona törətdiyi əmələ görə 7 il 5 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunmuşdu. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilirdi. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunan Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatmışdı.(musavat.com )

Oxunuş sayı 1444 dəfə
Şərh vermək üçün giriş edin
Top