Çərşənbə, 06 İyul 2016 22:00

"İlham Əliyevin ətrafı naftalin iyi verir"

"Məmurlar narahatdır ki, mən prezident seçilən kimi onları ayaqlarından asacam"

"Hərəsi çıxarıb ortaya 1 milyard qoysaydı ölkə bu ağır günə düşməzdi"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev növbəti müsahibəsində çox ciddi məqamlara toxunub.

- Sizi çoxları Jirinovski ilə müqayisə edir. Bu müqayisədən qəzəblənirsiniz, yoxsa məmnun qalırsınız?

- İnsanlar məni başqa dövlətlərdə doğruları deyən şəxslərlə müqayisə edirlər. Jirinovski indi Rusiya dövlətinin sözçüsüdür. Düzdü, o avara və təlxəyin biridir. Mən onun bu hərəkətlərini qəbul eləmirəm. Jirinovski ilə mənim dəfələrlə atışmalarımız olub. O, Azərbaycan xalqına qarşı aqressivdir.

- Bir məsələ də var ki, Jirinovskini Putinin sözçüsü kimi də qəbul edənlər çoxluq təşkil edir. Amma adamın inanmağı gəlmir ki, sizin o cür sərt və konkret ittihamlarınızın təşəbbüskarı məhz İlham Əliyevdir...

- İlham Əliyev mənim xətrimi çox istəyir, mən də onun. Biz bir-birimizə qardaş demişik. Mən ona qarşı olan qüvvələri ifşa edirəm. Mən nə deyirəmsə bu mənim qardaşımın xeyrinədir. Nazirlər heç bir məsələni prezidentə obyektiv formada çatdırmırlar. Bu cür təhrif olunmuş məlumatlardan prezident ziyan çəkir. Mən bir neçə gün öncə Qax, Zaqatala, Balakən bölgəsində səfərdə oldum. İnsanlar prezidentdən razılıqlarını açıq formada ifadə edirdilər. Amma nazirlər barədə böyük narazılıq var idi. Harda kim nə edirsə hamı deyir prezident hara baxır?

Həkim adam öldürür, təhsil batıb gedir, hamı prezidenti ittiham edir. Prezident bu sahələrə adam qoyur, onlar isə işləmir, ona xəyanət edirlər. Mənə prezident heç nə demir, mən gördüklərimi deyirəm. Prezidentin ətrafında olan məmur ayda 1700 azn maaş alır, amma 6 milyonluq villada yaşayır. Bayraq meydanının rəisini tuturlar, məhkəməsi gedir, məhkəmədə deyir ki, övladlarıma 6 milyon verib obyekt almışam. Adamdan soruşarlar sən bu 6 milyonu necə qazanmısan axı? Mən haqqı deyən insanam. Mənə qardaşım İlham Əliyev heç nə demir. Mən gördüyüm haqsızlıqları niyə gizlədim axı? Bizim partiyamız rayonlarda olan haqsızlıqları da bəyan edir. Prezidentin ətrafında olan insanlar naftalin iyi verir. Bu qocalar evindən tezliklə qurtulmaq lazımdır.

- Oxucularımızdan bir neçəsi bizə yazır ki, Hafiz Hacıyevə deyin ki, qorxmurmu onu öldürərlər?

- Hafiz Hacıyev 2 dəfə həbs həyatı yaşamış adamdır. Mən 16 ay Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında olmuşam. Hafiz Hacıyev vətənə xəyanət etmir ki, onu tutalar. Mən faktlarla deyirəm ki, Ziya Məmmədovun oğlu Londonda, Vaşinqtonda prezidentə xəyanət edir. Heydər Əsədov o villaları hansı pulla alıb? Qoy məni versin məhkəməyə, mən məhkəmədə onun rüşvətxorluğunu sübut edəcəm.

- Konkret olaraq bu günə qədər sizi ölümlə hədələyən məşhurlar olubmu? Bununla bağlı hüquq-mühafizə orqanlarına nə zamansa rəsmi müraciətiniz olubmu?

- Mən məmurlara deyirəm ki, ölkəni çapıb-talayırsınız, heç olmasa xəyanət etməyin. Bu gün kəndçi əlindəki məhsulu sata bilmir. Mənsə bunu deyirəm, amma xoşlarına gəlmir məmurların, başlayırlar ordan-burdan ultimatum göndərməyə. Məni öldürməyə isə onların cəsarətləri çatmaz. Bilirlər ki, prezdent onları buna görə onları dünyaya gəldiklərinə belə peşman edər.

- Ailənizə, övladlarınıza və yaxın ətrafınıza demisiniz ki, başıma bir iş gəlsə kimlərdən şübhələnmək lazımdır? Həmin şübhəlilərin bir neçəsinin adını biz də bilə bilərikmi?

- Heydər Əliyevə xəyanət edən, o, Bakıya gələndə onun avtomobilinin qabağına "KAMAZ" sürənlər bu gün vəzifədədir. Mənim düşmənlərim bu gün bu şəxslərdir. Çünki mən görürəm ki, həmin adamlar hazırda İlham Əliyevə xəyanət edir. Hafiz Hacıyev görmüş, bilmiş insandır. Nə deyirəmə, nə edirəmsə bu havayıdan deyil. Ölkədə belə bir ideologiya formalaşdırıblar ki, kim vətənə xəyanət edirsə, o yaxşı yaşayır. Mən isə Heydər Əliyevin Moskvada ən ağır günündə yanında oldum, indi kirayədə yaşayıram. Xalq yolunda şam kimi əriyirəm. Amma Ziya Məmmədovun oğlu, "Qaçqınkom" sədrinin oğlu 300 minlik maşınlarda gəzir. Doğrunu dediyimə görə öldürəcəklərsə qoy öldürsünlər məni. Mənim itirəcəyim heç nə yoxdur. Onlar məni öldürsələr mənim ətrafımda olan insanlar da onları öldürəcək. Lenin deyir ki, proletarın zəncirdən başqa itirəcəyi heç nəyi yoxdur. Mənim maşınım, villam, evim yox. Heç nədən qorxmuram. Qoy xalqın milyardını yeyənlər qorxsun. Təbii ki, məni hədələyənlərin içərisində məşhurlar da var, amma mən nə ölümdən, nə də həbsdən qorxuram. Biz bu yola kəfənimizi geyinib çıxmışıq.

- Siz demək olar ki, başda Artur Rəsizadə olmaqla hökumət üzvlərinin yarıdan çoxu haqqında ağır ittihamlarla çıxış etmisiniz. Ola bilməz ki, buna görə sizi salamat buraxalar. Susmaq razılıq əlamətidir, yoxsa ümumiyyətlə sizinlə qarşı-qarşıya gəlməyi riskli hesab etdiklərindən irəli durmurlar?

- Bu məmurlar ideoloji terrorçudular. Mən nəyi səhv deyirəm? Beynəlxalq Bankın keçmiş sədri ölkəni yedi-dağıtdı, arvadı 10 ildi başqa ölkənin vətəndaşıdır. Artur Rasizadənin əmisi Şamil Əliyeviç Qazax rayonunda 1600 hektar torpağı ermənilərə verib. Mən bunları bilirəm, görmüşəm və deyəcəm. Mən bunları deməyəcəm bəs kim deyəcək? Nazirlər ölkə üçün heç nə etməyib. Ölkə üçün nə edibsə İlham Əliyev və Mehriban xanım edib. Fərhad Əliyev prezidentə xəyanət edirdi.

Mən sübut elədim ki, o, İsa Qəmbərə ayda 100 min pul verir, nəticədə də cazasını aldı. Fərhad Əliyev kimi məmurlar indi də var, onlar artıq ayaqlarının altını görmürlər. Fikir verin, prezident bu gün gedib hər bir Azərbaycanlının dincələ biləcəyi yerdə, Bodrumda dincəlir. Amma bizim "Jek" müdirləri Bodrumu bəyənmir. Bu nazirlərin ən etibarlısı kim idi? Eldar Mahmudovun aqibəti hamıya məlumdur. Prezident bu gün bu məmurlara görə dünya liderləri ilə qınaq obyektinə çevrilir. Həkimlər sağlam adamın ayağını kəsir. Salyanda 3 uşaq ölür. Bunlar ölkəmizin imicinə zərbəbədir. Hafiz Hacıyevi kim həbs etdirmək, kim öldürtmək istəyir, bu önəmli deyil. Mən olmayacam, başqası deyəcək bu sözü.

İlham Əliyev bu gün gedib Bodrumda istirahət edib onun şəklini çəkib ötürüblər mətbuata. Mən bilirəm bunların təşkilatçısı kimdir, sizin sayt vasitəsi ilə ona deyirəm, özünü yığışdır. Sənin pulun köməyinə gəlməyəcək. Necə ki, Qəddafinin, Səddamın köməyinə gəlmədi. Prezident Aparatında oturub yüz dənə qələt edirsən. Sən o şəkilləri niyə yaydırırsan? Prezident Avropaya gedən kimi jurnalistləri həbs etdirirlər. Bax bu məni yandırır. Ölkədə bu boyda devalvasiya oldu. Hərəsi çıxarıb ortaya 1 milyard qoysaydı ölkə bu ağır günə düşməzdi. Yaxud da banklara olan borca görə gündə bir insan intihar edir. Bu borcları bağlamaq olardı, amma etmirlər.

- İki ildən sonra deyil, bir neçə aydan sonra prezident seçkiləri olsaydı və namizədliyiniz qeydə alınsaydı televiziyada seçicilərə müraciət etmək şansı əldə etsəydiniz ilk növbədə hansı məqamları qabardardınız?

- Mən qarşıdan gələn seçkilərdə iştirak edib prezident seçiləcəm. Məmurlar da ona görə narahatdır ki, mən prezident seçilən kimi onları ayaqlarından asacam. Xalq da narahat olmasın, onların pulunu geri gətirəcəm. Mən nə deyəcəyimi hələ ki, demirəm, kartlarımı açmıram. Prezident və mənim əsas işim odur ki, insanlara xidmət edək. Mən heç nədən qorxmuram. Həyatımı siyasi qumara qoymuş bir insanam. İmkan verməyəcəm ki, ölkə başçısına ziyan gəlsin. Mən millətdən də narazıyam. Millət də narazılığını bildirməlidir, haqqını tələb etməlidir. Hafiz Hacıyev də xalqın yanında olacaq. O məmurlar bilməsin ki, bizi asanlıqla öldürmək olar. Biz çox güclü formada qorunuruq, mühafizəçilərimiz var. Ona görə heç kim narahat olmasın. Mən seçkilər vaxtı nə deyəcəyimi indi desəm o məmurlar məni öldürmək üçün bu binanı uçurarlar. Baxmayaraq ki, bu binada 1000-ə qədər insan yaşayır. Mən bütün kartları seçki ərəfəsində açacam. (moderator.az)

Oxunuş sayı 1888 dəfə
Şərh vermək üçün giriş edin
Top