Bazar, 10 Mart 2013 21:00

“Neft Şirkətinin gördüyü işlərə nəzarət olmayınca..."

Neft Şirkətinin gördüyü işlərə nəzarət olmayınca vəziyyət belə də davam edəcək

Xeber.İnfo-nun suallarını ictimai-siyasi fəal Şirzad Babayev cavablandırır

-         Son günlər neftçilərin etirazına şahid oluruq. Nə baş verir?

-         Dövlət Neft Şirkəti digər strukturları yavaş-yavaş öz tərkbindən çıxarır, ya da ləğv edir. Buna görə də minlərlə insan işsiz qalır. Bir neçə il əvvəl belə bir tətil olmuşdu. BOS SHELF-də də insan hüquqlarının pozulması halları, yerli işçilərə qarşı diskriminasiya, təhqir halları mövcud idi. Hətta BOS SHELF-də rüşvət faktı da qeydə alınmışdı. Fəhlələri qəbul edib minnət də qoydular ki, biz ya sizi ixtisara salmalıydıq, ya da ki maaşlarınızı ixtisar etməliydik. İnanmıram ki, işçilərin əmək haqları artırılacaq.

-         Əmək qanunvericiliyi ilə fəhlələr üçün təyin edilmiş maaş şirkətin başqa xarici işçiləri üçün maaşdan fərqlənməməlidir. Amma yerli fəhlələr xaricilərdən dəfələrlə çox maaş alır. Bunun qarşısını necə almaq olar?

-         Hesab edirəm ki, işçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun deyil, işçilərlə dollarla müqavilə bağlayırlar. Vergilər nazirliyi buna diqqət yetirməlidir və buna görə işə götürən cəzalandırılmalıdır. İşçilərin əmək haqqı aşağıdır, saat hesabı da dollarla hesablayırlar, çünki 6 dollar 4 manatdan daha çox görünür. Maaşı çox olan qaynaqçılar var, onlar saata 6,5 dollar maaş alır. Əlavə iş günləri ödənilmir. Yenə də yerli işçilərə qarşı diskriminasiya var. Ən pisi odur ki, işçilərlə 3 aylıq müqavilə bağlayıblar. İşçilər hələ hiss etmirlər ki, onları gələcəkdə nə gözləyir. İşçilər əmək müqaviləsi bağlayandan sonra onlar tibbi sığorta ilə təmin olunmalı idi. Bu, hələ də olunmayıb. Ona görə ki, rəhbərlik işçilərin müəyyən hissəsini işdən azad etməyi nəzərdə tutub. İlin sonuna qədər 700-800 işçi işdən azad ediləcək. Bu haqda hələ fəhlələrin xəbəri yoxdur.

-         Bu vəziyyətdə hökumətin mövqeyini necə qiymətləndirirsiniz?

-         Ən böyük məsuliyyət Dövlət Neft Şirkətinin üzərindədir. Keçən il mühəndis-texniki işçilərin əmək haqlarını 52-54 fazi qaldırdılar, fəhlələrin maaşlarını bir qəpik də qaldırmadılar. Operatorun maaşı 300 manatdır, dəniz neftçiləri üçün bu 300 manata əlavələr olur, bu, bunların canına dəyən ziyan üçün ödənilən pullardır, bu, əmək haqqı deyil. Dövlət Neft Şirkətinin prezidenti deyir ki, orta əmək haqqı yuxarıdır. Hökumət konkret addımlar atmalıdır. Neft Şirkətinin gördüyü işlərə nəzarət olmayınca vəziyyət belə də davam edəcək.

Oxunuş sayı 1158 dəfə
Şərh vermək üçün giriş edin
Top