Şənbə, 14 Mart 2015 21:00

“Mövcud vəziyyət göstərir ki, Azərbaycanın müdafiə sistemi və beynəlxalq siyasəti yalnış qurulub”

Şirzad Babayev: “Mövcud vəziyyət göstərir ki, Azərbaycanın müdafiə sistemi və beynəlxalq siyasəti yalnış qurulub

Xeber.İnfo-nun suallarını ictimai-siyasi fəal Şirzad Babayev cavablandırır.

-                     Orduda nə baş verir? Əsgər ölümlərinin səbəbi nədir?

-                     Müdafiə Nazirliyi ictimaiyyətə məqsədli şəklidə mövcud situasiya ilə bağlı ətraflı məlumat vermir. Belə başa düşürəm ki, bu cəmiyyətdə ajiotaj yaratmamaqla bağlıdır. Lakin biz özümüzün haqlı, düşmənin haqsız olduğunu göstərmək istəyiriksə ermənilərin atəşkəsə əməl etmədiklərini və əsgərlərimizin həyatına son qoymasını yerli və beynəlxalq ictimaiyyətə açıqlamalıyıq. Bu durumda biz mətbuat orqanlarından, ayrı-ayrı bölgələrdə olan şəxslərdən, hərbi hissələrdən baş verənlərin nədən ibarət olduğunu öyrənməyə çalışırıq. Eyni zamanda ekspert rəyləri və çıxışları da bu işimizə kömək edir. Bu cür araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu il, yəni 2015-ci ilin ilk iki ayı ərzində 15 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Bu deyilənlər məhz bizdə kimlikləri məlum olan və yuxarıda qeyd etdiyimiz vasitələrlə öyrəndiyimiz faktlardır. Ola bilər ki, bir neçə ölən və yaralanan var ki, biz onları öyrənə bilməmişik.

 

-                     Şirzadbəy, məncə bu kifayət qədər ciddi rəqəmdir. 15 nəfər doğrudanmı hərbi xidmət zamanı bu və ya digər səbəbdən dünyasını dəyişib?

-                     Təəssüf ki, bu rəqəm doğrudur. 2015-ci ilin yanvar-fevral aylarında 15 nəfər hərbçimizi itirmişik, eyni zamanda 6 nəfər də yaralanıb və ya xəsarət alıb. Bilirsiniz, biz araşdırma aparan zaman bu hadisələrin başvermə səbəblərini də öyrənirik. Belə ki, rəhmətə getmiş 15 nəfərdən 9-u məhz düşmən gülləsinə tuş gəlib, 2 nəfər qeyri-nizam hərəkətdən, 1 nəfər xəstəlikdən, 1 nəfər də silahla ehtiyatsız davranmadan dünyasını dəyişmişdir. Bunula yanaşı 1 nəfər mina partlayışına düçar olmuş, 1 nəfər isə intihar etmişdir. Yaralananlardan da 3 nəfəri qarşı tərəfdən vurulmuşlar.  Sualınız da səsləndirdiyiniz o ciddi rəqəm ifadəsinə gəlincə deyə bilərəm ki, bəli, bu çox ciddi və muqayisə baxımından ağır rəqəmdir. Müqayisə üçün deyək ki, 2005-2014-cü illər, yəni əvvəlki on ilin eyni müddətində heç vaxt bu qədər itki olmayıb. Paralel olaraq ötən 2014-cü il ərzində cəmi 29 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Fərqə özünüz diqqət yetirin.

-                     Baş verənlər əsasən hansı struktura daha çox aiddir?

-                     Baş verənlərin hamısı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin qulluqçu və əsgərləridir. Gördüyünüz kimi burada intihar, silahla ehtiyatsız davranma, qeyri-nizami hərəkət və s. səbəblər də vardır. Bu isə hərbi hissələrdə vəziyyətin o dərəcədə də yaxşı olmadığından xəbər verir. Təsəvvür edirsinizmi ki, hərbu hissə qapalı struktur olduğundan bir çox məsələlərin ictimaiyyətə açıqlanması qeyri-mümkündür.

-                     Vəziyyəti dəyişmək üçün nələr etmək lazımdır?

-                     Müdafiə Nazirliyi təcili təxirəsalınmaz tədbirlər görməlidir. Burada hərbi hissələrdə olan kadr məsələsi, sosial-rifah və psixoloji durumla bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Nizamsız hərəkət və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə bu qeyri-peşəkarlığın nəticəsidir.  Atəşkəs zamanı 9 nəfərin iki ayda ermənilər tərəfindən öldürülməsi isə müdafiə tədbirlərinin lazımi formada olmamasını göstərir.  Ümumiyyətlə, Azərbaycan ordusu bütün mənlarda uğursuzluqlardan ibarətdir.  20-ildən artıqdır ki, bir metr torpaq belə işğaldan azad olmur.  Atəşkəs dövründə ölənlərin sayı müharibə dövründəkindən dəfələrlə çoxdur.  Mövcud vəziyyət göstərir ki, Azərbaycan müdafiə sistemi və beynəlxalq siyasəti yalnış qurulub. Sabah döyüşə daha yaxşı vəziyyətdə başlamağımız üçün bu hallara da diqqət etməyimiz zəruridir. Azərbaycan ordusunda vəziyyəti yaxşılaşdırmaq və prosesslərdə şəffalığın təmin olunması üçün ictimai nəzarət lazımdır.

Xeber.İnfo,

Mövlud Abdulov

Oxunuş sayı 1146 dəfə
Şərh vermək üçün giriş edin
Top