Bazar ertəsi, 12 May 2014 22:00

Müəmmalı əsgər ölümlərinin konkret səbəbləri niyə gizlədilir?

Quliyev Nicat: “Ölüm halları artan xəttlə çoxalır ”

Xeber.İnfo-nun suallarını ictimai fəal Quliyev Nicat cavablandırıb.

- Nicat bəy, atəşkəs dövründə əsgər ölümünün sayı sizcə niyə artıb?

- Bu gün ölkədə ən çox müzakirə olunan, insanları ən çox narahat edən problemlərdən biri də əsgər ölümlərinin sayının artmasıdır. Atəşkəs imzanlandığı gündən indiyədək 4000-dən çox əsgər həyatını itirib. Ancaq indiyə qədər bu müəmmalı ölümlərin konkret səbəbi üzə çıxarılmayıb. Əksər hallarda bu hərəkətlərin adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmadığı, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər tərəfindən törədildiyi vurğulanır. Hərbi qulluq zamanı əsgərin özünə qəsd etməsinin çox ciddi səbəbləri var. Burada söhbət neqativ hadisələr və qeyri-insani davranışdan, Nizamnamə tələblərinin kobud sürətdə pozulmasından gedir. Düşmən gülləsinə tuş gələn əsgərlərimiz də az olmur. Bütün baş verənlər orduda nizamsızlığın göstəricisidir. Orduda rüşvət hallarının mövcudluğu da əsgər ölümələrinin artmasına və ciddi nizamsızlığa səbəb olur.

 - Çoxsaylı əsgər ölümləri ilə bağlı kimlərsə məsuliyyətə cəlb olunubmu?

 - Ordunun təkcə problemi əsgər ölümü deyil. Hesab edirəm ki, əsgər ölümü orduda baş verən neqativ halların nəticəsidir. İnsan haqlarının pozulması, korrupsiya və rüşvətxorluq, sosial təminat və bu kimi cinayət tərkibli əməllər ölüm hallarını çoxaldır. Araşdırmalar göstərir ki, cəbhə xəttində əsgərlərin həlak olmalarının əsas səbəbi müharibə şəraiti ilə bağlıdır. Lakin hakimiyyətə yaxın mətbu orqanlar dərc edirlər ki, itkilərin bir çoxusu təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verir. Hakimiyyət atəşkəs dövründə ölüm səbəblərini məharətlə gizlədə bilir. Kiminsə məsuliyyətə cəlb olunmasına gəldikdə, hələ ki, buna şahid olmuruq. Kiçik rütbəli komandir heyyəti ancaq məsuliyyətə cəlb olunur. Bu hal orduda cəzasızlıq mühiti yaradır. Ölüm halları isə artan xəttlə çoxalır.

- Əsgər ölümlərinin qarşısını necə almaq olar?

 - Diqqət çəkən bir məqam ondan ibarətdir ki, əsgər ölümlərinin böyük əksəriyyəti bölgələrdə baş verir. Hərbi hissələrdəki vəziyyət hər yerdə eyni deyil. Müxtəlif hərbi hissələrdə, müxtəlif problemlər hökm sürür. Əyalətlərdəki hərbi hissələrin komandirləri daha sərbəstdir. Əsgər -zabit münasibətləri  nəzarət zəif olan yerlərdə daha bərbad vəziyyətdə olur. Hərbi rəhbərlik isə bu neqativ halların qarşısın ala bilmir. Bütün dünyada ordudakı problemlərin həllini, vətəndaş cəmiyyətinin nəzarətini təmin etməklə həyata keçirirlər. Azərbaycanda isə hakimiyyət vətəndaş nəzarətinə imkan vermir, özü isə problemi həll etməkdə acizdir.

Xeber.İnfo

Oxunuş sayı 1187 dəfə
Şərh vermək üçün giriş edin
Top