Çərşənbə, 26 İyul 2017 22:00

“Artıq bu dövlət mənim qismimdə bir əsgərini itirdi” – Polkovnik leytenant

İlqar Yaqubov: “Məni ləkələyənlər tarix və xalq qarşında mütləq cavab verəcəklər”

“Övladlarınız da özünüz kimi bu ölkəyə MMC kimi baxırlar”

Azərbaycanda təkcə sıravi vətəndaş əzilmir, hüquqlarından məhrum edilmir. Siyasi hakimiyyəti tənqid edən istənilən şəxs cəza maşınına salınır. Fəhləsindən ailiminə, jurnalistindən ziyalısına, əsgərindən generalına qədər hər kəs hökuməti tənqid etmək istəsə, vətən xaini hesab olunacaq. Bu dəfə polis polkovnik-leytenant Yaqubov İlqar İlyas oğlu başına gətirilənlərdən danışır. 

ilqar2 -İlqar bəy, ilk olaraq sizi tanıyaq 

 - Mən Bakıda anadan olmuşam. 1986-cı ildə “Cəmşid Naxçıvanski” adına xüsusi hərbiləşdirilmiş  məktəbə  daxil oldum. Sonra Azərbaycan Respublikası DİN-in göndərişinə əsasən Rusiya  Federasiyasının Vladiqafqaz  şəhərində yerləşən DİN-in S.M.Kirov adına Ali Qırmızıbayraq Ordenli  hərbi məktəbində təhsilimi davam  elətdirdim. Həm də sambo idman növü ilə məşğul olurdum və  dəfələrlə fəxri kürslərdə layiq görülmüşəm,  idman ustasıyam. Dağlıq Qarabağ uğrunda gedən savaşda  könüllü döyüşmüşəm, müharibə veteranıyam.

 Polis Akademiyasını bitirib polis leytenantı rütbəsi verildikdən sonra Baş Mütəşəkkil Cinayətkarlığa  Qarşı Mübarizə idarəsinin Banditizmə və digər təhlükəli cinayətlərə qarşı mübarizə idarəsinə  əməliyyat müvəkkili vəzifəsinə təyin olunub, 2001-ci ilə kimi xidmət etmişəm.

2001-ci ildə Səbail RPİ-nə təhqiqatçı, 2005-ci ildə Səbail RPİ-nin 9-cu, 2008-ci ildə Səbail RPİ-nin 39-cu PB-nə baş təhqiqatçı vəzifələrinə təyin olunmuşam.

2009-cu ildə Suraxanı RPİ-nə müstəntiq vəzifəsinə təyin olunmuşam. 2011-ci ilin aprel ayında könüllü olaraq təqaüdə çıxmış, həmin ilin iyul ayında DİN-nin göstərişinə əsasən DİO-da xidmətimi davam etdirilməsindən ötrü DİO-na yenidən bərpa olunub istədiyim vəzifəyə bərpa olunmağım barədə göstəriş verilmişdir. Mən DİN-in Polis Akademiyasında “DİO-da əməliyyat axtarış fəaliyyəti” kafedrasında müəllim vəzifəsinə təyin olunmağımı xahiş etdim və 13 iyul 2011-ci il tarixdə bu vəzifəyə təyin olunmuş və mənə polis polkovnik-leytenant rütbəsi verilmişdir. 

 ilqar4-Siz bu qədər zəngin keçmişə sahib olduğunuz halda nə baş verdi, niyə işdən uzaqlaşdırıldınız? 

-2015-ci ilin axırlarından başlayaraq hiss etdim ki, mobil telefonlarım dinlənilir. Təqib olunduğumu başa düşürdüm. Lakin heç bir gunahım olmadığına görə, ciddiyə almırdım. Nəhayət 07.04.2016-cı il tarixli, Ə318-001-16 saylı DİN-nin əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edildim. Səbəb isə sosial şəbəkələrdə ictimai-siyasi məzmunlu statuslara tənqidi şərhlər yazmağım oldu. Facebook səhifəmdə müstəqil fikrimi ifadə etdiyim üçün orqandan xaric olunmuşam. Nə vaxtdan azad söz ləyaqətsiz hərəkət sayılır? DİN-nin Daxili Təhqiqatlar İdarəsində şəxsi həyatıma müdaxilə edilən suallarla üzləşdim. Hansısa bir xanımla şəxsi telefon danışığımı ictimailəşdirib məni ləkələməyə çalışıblar. Bu hadisə ailəmdə ciddi problem yaradıb. Məni qəsdən belə “biyabırçı” maddə ilə işdən çıxarıblar ki, heç bir yerdə işləyə bilməyim. İş üçün müraciət etdiyim yerlərdə bu əmrin (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) sürətini gördükdə, yaxud orqandan nəyə görə çıxmağımla maraqlanıb məlumat aldıqda, işə götürməkdən imtina edirlər və buna görə də mən bu günə kimi heç bir yerə özümə iş tapa bilmirəm. 

ilqar 3 -Siz Polis Akademiyasında müəllim olduğunuzu dediniz, ümid edirəm ki, sizə  qarşı edilən haqsızlığı aidiyyatı qurumlarda hüquqi əsaslandırmısınız… 

 -Bu gün Azərbaycanda azad internetin mövcudluğu iddia olunur. Dövlət və hökumət  təmsilçiləri hər yerdə deyirlər ki, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və  istənilən insan bloq açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər  bir insan facebook səhifəsində özünü və düşündüyü ideyaları və digər məsələləri təbliğ  edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayıb yaya bilər, o  cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət  bildirə bilər. Mənə olan münasibətdə deyilənlərin tam əksinə şahid oldum. Bundan  başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci (Şəxsi toxunulmazlıq  hüququ) maddəsində göstərilmişdir: “Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər  kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan  hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və  ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan  kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə  və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs  onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. ilqar5Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Göründüyü kimi Konstitusiyanın bu müddüası da kobudcasına pozulub. Belə ki, mənim mobil telefon danışıqlarıma qulaq asılıb, telefonla əlaqə saxladığım ancaq qadınlar telefon itməsi bəhanəsi ilə aldadılaraq Daxili Təhqiqatlar İdarəsinə çağırılıb, onlara təzyiq olunub, lüzumsuz şəxsi həyata müdaxilə sualları verilməklə izahatlar alınıb. Mənə isə aparılan araşdırma materialları ilə tanış olmağım üçün heç bir imkan yaradılmayıb, tanış olmağım tələb edildikdə “olmaz” cavabını almışam. Bu da Konstitusiyanın müddüasına birbaşa ziddir. Bundan əlavə onu qeyd etmək istəyirəm ki, orqandan xaric olunmağım əmrimdə rəhbərlik tərəfindən mənfi xarakterizə olunmağım göstərilmişdir. Əgər mən mənfi xarakterizə olunurdumsa, nəyə görə mənə polkovnik-leytenant rütbəsi verilib, nəyə görə son 5 il işlədiyim müddət ərzində bir dəfə də olsun intizam tənbehi verilməyib, əksinə mükafatlandırılmışam? 

ilqar6  -Siz rəhbərlik tərəfindən mükafatlandırılmısınız? 

 -Bəli, dəfələrlə. Bundan başqa, əgər mən ləyaqətsiz əməkdaş olmuşamsa, nəyə görə məni  ölkədən kənar və ölkə daxilində keçirilən çoxsaylı beynəlxalq tədbirlərə göndəriblər?  Əgər mən ləyaqətsizəmsə, ləyaqətsiz əməkdaş ölkəsini və DİN-ni necə təmsil edə, 5 il  müddətində müdavim və dinləyicilərə necə tədris edə bilər? Mənə qanunsuz olaraq,  qüvvədə heç bir intizam tənbehi olmadığı halda ən ağır intizam tənbehi verilib, orqanda  xidmət keçməkdən azad olunmuşam. Məni orqandan xaric etməsəydilər belə, bu cür  rüsvayçı təqiblə və biyabırçı yoxlamadan sonra orqanda qalıb işləməzdim və öz arzumla  xaric olunardım. Ancaq bu qanunsuzluqla kifayətlənməyib məni göstərdiyim kimi,  “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında  Əsasnamənin 9-cu(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət  etdikdə) maddəsi ilə orqandan xaric ediblər. 

-İlqar bəy, siz ümumilikdə neçə il xidmət etmisiniz?  -

Mən həmişə dövlətimə sədaqətli olmuşam, Rusiya Federasiyasında təhsilimi başa vurmağa cəmi 1 il qalmış Respublikanın çətin və mürəkkəb vəziyyətdə olan dövründə qayıtmışam, 3 il təhsilimi heçə verib yenidən 1-ci kursa qəbul olunmağımla razılaşıb yenidən təhsil almağa başlamışam, kimlərsə qaçıb isti yerlərdə gizlənəndə könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmişəm, hesab edirəm ki, Polis Akademiyasında təhsilimi başa vurduqdan sonra yuxarıda göstərilən xidmətlərdə ləyaqətlə, vicdanla xidmət etmişəm və heç kimdən də pis xidmət etməmişəm. Xidmət müddətində Qanunların aliliyinə tam riayət etmiş, vətəndaşların pozulmuş hüquqlarının bərpasına nail olmuş, əfsuslar olsun ki, sonda özüm haqsızlıqla üzləşmişəm. Ancaq hər zaman Dövlətə, onun Qanunlarına güvənmişəm, belə çıxır səhf etmişəm? 26 il - xidmət müddəti təqvimi hesablama ilə, imtiyazlı hesablama ilə 31 il, 03 ay, 24 gün xidmət illəri ilə “ləyəqətsiz” damğası vurulub orqandan xaric olunmuşam. 

ilqar7-Sizə qarşı haqsızlıq yaxınlarınız tərəfindən necə qarşılanır? 

-  Mən vətəndaşlar, nə vaxtsa dərs dediyim müdavim və dinləyicilər, işlədiyim insanlar içinə çıxıram, 2 azyaşlı, 3-cü sinifdə oxuyan oğlumu, 5-ci sinifdə oxuyan qızımı məktəbə aparıb-gətirirəm. Onların oxuduğu məktəbdə bu insanların yaxınları işləyir və uşaqları oxuyur, atalarına vurulan bu ləkə ilə onlar bu təhsil ocaqlarında necə təhsil alıb Dövlətə sadiq ola bilərlər? Mən heç özüm də bununla sona qədər razılaşmayacağam. Bundan başqa onu da bildirirəm ki, 2016-cı ilin aprel ayının 13-də barəmdə verilmiş əmrlərin əsillərini əldə etmək üçün səy göstərmişəm, ancaq işi aparan Daxili Təhqiqatlar İdarəsinin əməkdaşı bu əmrlərin əslini mənə nə təqdim edib, nə də tanış edib, buna görə də məcburiyyət qarşısında qalıb avqust – sentyabr aylarında DİN-nin müavini, polis general-leytenantı yoldaş İsmət Əliyevin ünvanına əmrlərin sürətinin və əmək kitabçamın verilməsi ilə əlaqədar “onlayn” müraciət etmişəm. Mənə ancaq əmək kitabçası təqdim olunub, əmrlərin sürətlərinin heç biri verilməyib. 

-Bildiyim qədər məhkəmə vasitəsilə hüququnuzu qoruyursunuz. Mübarizənin harasındasınız? 

-04 noyabr 2016-cı il tarixdə barəmdə çıxarılmış əmrin maddəsinin dəyişdirilməsi xahişi ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişəm. 14 dekabr 2016-cı il tarixdə “iddia ərizəmin mümkünsüz sayılması, iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəmədə iddia qaldıra bilməsi, Qərardaddan şikayət qarardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilməsi” barədə 2-1(82)-3848/2016 nömrəli Qərardad çıxarılmışdır. 11 yanvar 2017-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) maddəsi ilə orqandan xaric olunmağım əmrini ləğv edib, həmin Əsasnamənin 1-ci - “öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə” maddəsi ilə orqandan xaric edilməyim barədə əmrin verilməsi barədə göstəriş verilməsi xahişi ilə Daxili İşlər Nazirinin ünvanına ərizə ilə müraciət etmişəm. 31 mart 2017-ci il tarixdə ərizəyə cavab alınmış, gözlənildiyi kimi də ərizədə ” Barənizdə qəbul edilmiş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir” göstərilmişdir. 10.04.2017-ci il tarixdə yenidən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə əmrin ləğv olunması xahişi ilə müraciət etmişəm. Ərizəm icraata götürülüb, hal-hazırda baxılır və növbəti məhkəmə baxışı 11.08.2017-ci il tarixdə saat 10.00-da olacaq. Əgər mən uzun müddət DİO-da işləmiş hüquqşunas kimi, polis polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş əməkdaş kimi öz hüquqlarımı hüquqi müstəvidə qoruya bilmirəmsə, siravi vətəndaş öz hüquqlarını necə qoruyacaq, bu mümkün deyil. Budur acı reallıq, bunun da bir adı var - qanunsuzluq, özbaşınalıq və biyabırçılıq. 

ilqar8 -Məhkəmə çəkişməsi dövründə hər hansı təqib və təzyiqlə  üzləşmisiniz?

 -Əlbəttə davam edir. Təqib olunuram, keçirilən məhkəmə proseslərinə  qara rəngli, plonkalı, nömrəsiz cip markalı avtomobildə mülkü geyimli  şəxslər gəlib mənə mənəvi, psixologi təsirlər göstərirlər, mənə gizli  nömrədən hədələyici zənglər gəlir, məni həbs etməklə hədələyirlər.  Buna görə ölkəni tərk etmək məcburiyyətindəyəm. Ancaq hüquqi  müstəvidə mübarizəmi sona qədər davam etdirəcəm, sübut edəcəyəm ki,  mən ləyaqətsiz deyiləm. Mən əsgərəm, məni ləkələyənlər tarix və xalq  qarşında nə vaxtsa cavab verəcəklər, artıq bu dövlət mənim qismimdə  bir əsgərini, veteranını itirdi, ikinci namizəd əsgər evdə böyüyür, 10  yaşı var, mən hakimiyyətdə oturan şəxslərin hamısını əmin edirəm ki, o  bir gün də bu hökümətin ordusuna və bu hakimiyyətə qulluq etməyəcək,  buna əmin ola bilərsiz. Mənim kimi görün nə qədər əsgərlər qaçırmısız  bu dövlətdən. Övladlarınız da özünüz kimi bu ölkəyə MMC kimi  baxdığınızdan heç biri hərbi xidmətdə olmayıb. Əksəriyyətinin yaxşı halda adları hərbi xidmətdə və ya cəbhə bölgəsində olsa da, özləri xaricdə millətdən oğurladığınız pullarla kef edirlər. Ancaq açın qulaqlarınızı eşidin, harada olsanız belə yaşınızdan, tutuduğunuz mövqeydən aslı olmayaraq qanunsuz ləkələdiyiniz, həbs etdirdiyiniz gunahsız insanlar tərəfindən cavablarınızı artıqlamasıyla alacaqsınız. Bunu gecə yatanda fikirləşin və nəticə çıxarın, ancaq təəssüflər olsun ki, artıq gecdir, bu işin başlanğıcı artıq işə salınıb.

Xeber.İnfo

Hüseyn Alışzadə

Oxunuş sayı 4639 dəfə
Şərh vermək üçün giriş edin
Top