Çərşənbə, 17 May 2017 22:00

Azərbaycanidmanyarışlarına 9 milyard 671 milyonxərcləyib - MÜSAHİBƏ

Cavid Cabbarlı: "Son 5 ildə hökumət səhiyyəyə təqribən 3 milyard 700 milyon, elm və təhsilə 6 milyard 152 milyon, hərbiyə 8 milyard manata yaxın vəsait ayırıb"

Bu günlərdə ölkəmizdə keçrilən İslam oyunlarının qaliblərinə verilən 150 min manat pul mükafatı sosial şəbəkələrdə və KİV-lərdə böyük müzakirələrə səbəb olub. 150 min manat mükafat daha çox aprel şəhidlərinin ailələrinə verilən 11 min manat kompensasiya ilə müqayisə edilməkdədir.

Eyni zamanda bu gün ölkədə Qarabağ veteranlarına verilən aylıq 50 manat da, islamiada qaliblərinə verilən 150 min manatla müqayisədə çox gülünc görünür. Bütün sağlamlığını vətənin azadlığı uğurunda itirən Qarabağ döyüşçülərinə verilən müavinət bir ildə 600 manat təşkil edir. Hansısa əcnəbi idmançının 10 dəqiqəlik idman oyununda qalib gəlməklə aldığı 150 min manat mükafatla, Qarabağ veteranına bir il ərzində verilən 600 manatı isə  müqayisə etmək mümkün deyil. 

Müsahibimiz ilahiyyatçı jurnalist, “xeberinfo.de” saytının baş redaktoru Cavid Cabbarlı isə Azərbaycanda keçirilən İslam oyunlarının islamla heç bir əlaqəsi olmadığını bildirib: 

-İslam oyunları adı ilə keçirilən şounun İslama heç bir dəxli yoxdur. Dünyanın istənilən ölkəsində idman yarışları əyləncə xarakteri daşıyır. Günümüzdə bəzi idman növlərini nisbətən siyasi gücə çevirməyə çalışanlar da var. Lakin əksər halda idman yarışları əyləncə üçün təşkil olunur.

İnsanların əyləncəsi üçün təşkil olunan oyunlar həm də israfçılıq mənbəyidir. Çünki, bir neçə idman yarışını istisna eləsək, digərləri gəlir gətirən oyunlar deyil.

Bu kimi yarışlara qoyulan xərc nə iqtisadi inkişafa, nə də başqa sahələrə təkan verə bilməz. Çox təəssüf ki, Azərbaycanda idmana dövlət dəstəyi adı ilə büdcə talan edilir. Ölkə vətəndaşları səfalət içində yaşayır, hakimiyyət isə idman yarışları adı ilə büdcəni talan edir. Bir idmançıya 150 min manat verilməsi sözlə ifadə olunmayacaq qədər təhlükəli gələcək vəd edir.

Kiçik müqayisə aparsaq, ölkədə baş verənləri anlamaq asanlaşır. Əvvəla deyim ki, Azərbaycanda bəh-bəhlə keçirilən yarışların lisenziyası yoxdur və inkişaf etmiş heç bir ölkə belə yarışları keçirmir. İkincisi, hətta dünya və Avropa çempionatlarında idmançıya bu qədər vəsait verilmir. Üçüncüsü, Azərbaycan bayrağı altında döyüşən idmançıların böyük əksəriyyəti legionerdir və qazandıqları mükafatları öz ölkələrinə daşıyacaqlar. Bəs qazancımız nə olacaq? Təbii ki, dünyada gülüş hədəfinə çevrilməyimiz.

Hakimiyyət son beş ildə idman yarışlarına təqribən 9 milyard 671 milyon manat xərcləyib.  Bu rəqəm ölkənin illik büdcəsinə yaxındır. Hökumət təkcə İslam oyunları adı ilə keçirdiyi şouya 200 milyon manata yaxın vəsait xərclədiyini deyir. Bu qədər xərcin qarşılığında ölkəyə nə qədər turist cəlb olunub, yaxud nə qədər tamaşaçı bilet alıb?

Onu da bilirik ki, biletlərin qiyməti 2-5 manat arası dəyişir. İndi siz hesablayın, xərclənilən məbləği qarşılamaq üçün nə qədər turist gəlməlidir və neçə bilet satılmalıdır? Bu sualların cavabı heç kimi düşündürmür. Çünki heç kim nəsə qazanmaq haqqında fikirləşmir. Bir az əvvəl dediyim kimi bu oyunlar əylənmək və həzz almaq üçündür. Lakin bir neçə şəxsin əylənməsi və həzz alması üçün dövlət büdcəsindən istifadə edilməsi nə dərəcədə düzgündür?

Bir əcnəbi idmançıya verilən mükafat Aprel döyüşlərində şəhid olanların ailəsinə verilən məbləğdən 15 dəfə çoxdur. Bu, hökumətin şəhidinə verdiyi qiymətdir.

Bir paralellik aparsaq bəzi həqiqətlər üzə çıxar. Son 5 ildə hökumət səhiyyəyə təqribən 3 milyard 700 milyon, elm və təhsilə 6 milyard 152 milyon, hərbiyə 8 milyard manata yaxın vəsait ayırıb. İdman yarışlarına isə 9 milyard 671 milyon xərcləyib.

Deməli bütün sahələrdən, hətta torpaqlarının 25 faizdən çoxu erməni işğalında ola-ola hərbiyə ayırdığı vəsaitdən daha çox oyunların yarışına sərf edib. Bu paralellikdə xüsusi bir qeydi də vurğulamalıyam. Oyunlar üçün nəzərdə tutulan vəsait real və xərclənən məbləğdir. Digər sahələrə ayrılan vəsait isə əksər ekspertlərin iddiasına görə virtual sənəd üzərində qeyd olunur. Yəni həmin məbləğ faktiki olaraq təyinatı üzrə xərclənmir. Baş verənləri vətəndaşa və dövlətə qarşı amansız soyqırım hesab edirəm.

-Dövlət büdcəsinin boşaldığını idda edirlər. Üstəlik bir birinin ardınca bağlanan banklar, iş yerləri onsuzda iqtisadi böhrandan əziyyət çəkən insanları təkcə maddi baxımdan deyil, eyni zamanda mənən sıxışdırmaqdadır. Sizcə, ölkədə artan intiharlar, boşanmalar da bunun nəticəsidir?

-İlk növbədə vətəndaşın dövlətə olan güvəni iflic olub. Hakimiyyət bütün davranışları ilə vətəndaşı dövlətdən ayıra bilib. İnsanların maddi rifahı, sosial təminatı yüksələ və enə bilər. Lakin vətəndaşın güvəni sarsılsa, onu yenidən bərpa etmək üçün ən azı bir nəsilin ömrü lazımdır.

Cavid Cabbarlı

Ölkədə işsizlik tüğyan etdiyi zaman bir neçə nəfərin əyləncəsi üçün bir illik büdcə qədər vəsaiti sovurmaq heç bir məntiqə sığmır. Bu addımı atmaq üçün ilk növbədə bu millətə qarşı barışmaz düşmən olmaq gərəkdir. 2016-cı ilin statistikasına görə 86 min nikah, 12 minə yaxın isə boşanma olub. Əksər boşanmaların səbəbi isə işsizlik və kasıbçılıqdır.

Əyləncə üçün təşkil olunan oyunlara xərclənən vəsaitin yarısı ilə nəinki boşananlar, hətta bütün ailə quran cütlüklər  üçün mənzil almaq olar. Yarısı ilə də bankların əhaliyə yüklədiyi borcları qaytarmaq mümkündür. 2016-cı ilin başqa bir statistikasına görə isə ötən il 327 intihar faktı qeydə alınıb. İntihar siyahısında tanınmışlara da rast gəlirik. Hakimiyyət ölkəni intiharlar məmləkətinə çevirib.

-Sovet dönəmində uşaqlara verilən uşaqpulu müstəqillik dönəmində ləğv edildi. Dövlətin uşaqlara bu “qayğısının” səbəbini araşdıranda bəlli oldu ki, sən demə 5 uşaqlı ailələrə yardım edilirmiş. Amma axrıncı uşaq bir yaşına çatandan sonra... beşuşaqlı ailəyə hər uşağa 30 manat aylıq müavinət verilir.

-Hökumətin uşağa olan münasibəti ölkənin gələcəyinə olan münasibəti kimi qiymətləndirilməlidir.

Hökumət vətəndaşın dövlətlə olan bütün bağlarını qırıb. Dövlətin gələcəyi, millətin isə genefondu hesab olunan uşaqlara qarşı heç bir qayğı göstərilmir.

18 yaşına çatanda isə məcburi şəkildə hərbi xidmətə aparır. Hətta min bir əzabla böyütdüyü uşağı hökumət alıb düşmən gülləsinə tuş edir və ölüsünə də sayqızıslıq göstərərək, dəfn pulunu mənimsəyir. Bir faktı qeyd etmək istəyirəm. Hərbi xidmətdə dünyasını dəyişən həbçilərimizin dəfn xərcləri üçün Kazirlər Kobinetinin qərarı ilə dövlət 3 gün ərzində 3000 manat ödəməlidir.

Hakimiyyət əksər hallarda həbçilərin dəfnpuluna göz tikir, ödəmir. Vətəndaşa uşaqpulu ödəyən ölkələr arasında müqayisə aparsaq, görərik ki, regionun lider dövləti hesab olunan Azərbaycan siyahıda heç yoxdur.

Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar, üçüncü uşağın doğulması 1200 dollar bir dəfəlik müavinət verilir. 18 yaşına çatana qədər isə hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Ukraynada birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. 

Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Avropada isə uşaqlar daha çox sosial qayğıyla böyüyürlər. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. 

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Bizdə - Azərbaycanda isə valideynlər 750-2000 manat arasında xəstəxanaya ödəniş etməlidir. Əks halda xəstəxana ya yeni doğulmuş uşağı, ya da ananı girov saxlayır. Hökumətin uşaqlara qarşı olan münasibəti, ifadə edilməyəcək qədər utandırıcıdır. Öz körpəsindən bir qurtum su əsirgəyən dövlətin, oyun yarışı adıyla əcnəbilərə sədəqə paylaması heç də səmimi görünmür. Hər halda bu kimi yarışları təşkil etmək çox yanlış və gələcəyimiz üçün təhlükəlidir.

Abuzər Azəroğlu

Oxunuş sayı 2255 dəfə
Şərh vermək üçün giriş edin
Top