Çərşənbə axşamı, 28 Mart 2017 22:00

“Hakimiyyət İlqar Məmmədovu buraxsa, lider boşluğuna sahiblənəck ən böyük namizəd olduğuna əmindir…”

Suallarımıza cavab tapmaq üçün, Almaniyada mühacirət həyatı yaşayan, ancaq Azərbaycanla bağlılığını itirməyən, bu məqsədlə ötən il mərkiz Almaniyanın düsseldorf şəhərində yerləşən İctimai Qınaq Mərkəzi ictimai hərəkatının həmtəsisçisi və sədr müavini Azər Qasımovla söhbətləşdik:

-Azər bəy sizi Azərbaycanda Demokratik İnteqrasiya Assosiasiyasının fəaliyyətindən tanıyırıq. Deyəsən Almaniyada da boş dayanmırsınız…

-Əvvala hər nə qədər vətəndən uzaqda olsaq da, bizləri unutmadığınız üçün təşəkkür edirəm. Tamamilə doğru qeyd edirsiniz ki, boş dayanmırıq. Artıq 3 ilə yaxındır Almaniyada yaşasam da, vətəni düşünmədiyim günü demək olar ki xatırlamıram. Hesab edirəm ki, kimliyindən asılı olmayaraq zalım bir rejimin, dikataturanın qurbanı olan, mühacirətə məhkum edilən hər kəs bu hissləri yaşayır. Və buna görə də, düşünürəm ki boş dayanmaq olmaz. Bilirsiniz ki, Almaniyaya yerləşməyimizdən çox qısa bir vaxt sonra İctimai Qınaq Mərkəzi adlı hərəkat qurmuşuq. Cəmi 8 nəfərlə yola çıxdığımız təşkilat sıralarında bu gün xeyli say cəmləşdirə bilib. Mən ən idela bizik demək istəmirəm, mühacitədə yaşayan müxtəlif təşkilatlar dikatatura əleyhinə bacardığı fəaliyyəti edib və etməkdədir. Ancaq bu bir həqiqətdir ki, İQM yarandığı gündən Avropada uğurlu işlərə imza ata bildi. Təkcə 2016-cı ildə Almaniyanın Düsseldorf və Bonn şəhərlərində Azərbaycandakı anarxik rejimin mahiyyətini ifadə edən ard-arda 2 mitinq təşkil etdik. 2017-ci ilin yanvar ayında, Berlində nəticələri Azərbaycan hakimiyətini yerindən tərpədən daha bir aksiya təşkil etdik. Bilirsiniz ki, sırf yanvar mitinqindən sonra, Berlin aksiyasında iştirak edən müxtəlif şəxslərin, o cümlədən mənim özümün ailə üzvlərim və yaxın ətrafım təqiblərə məruz qaldı. Şəxsən mənim bacıma tələb qoyuldu ki, ya məndən imtina edəcəklər, ya da həkim işlədiyi poliklinikadan işdən çıxarılacaq…

-Mətbuatda bu halı işıqlandırmadınız…

-Bilirsiz, bu bir eyibdir. Bizə yapışdırılan eyib. Mən belə şeylərin ictimailəşməsinin tərəfdarı deyiləm. Azərbaycan mətbuatını da buna dəvət edirəm. Azərbaycan cəmiyyəti elə bir vəziyyətə salınıb ki, bu cür halların ictimailəşməsi ictimai qınaq yaratmır. Əksinə, insalar üçün adiləşir. Ona görə mən medianı belə hallardan şou düzəltməməyə çağırıram.

-Azər bəy Azərbaycanı tərk etdiyiniz vaxtdan xeyli keçib. Necə fikirləşirsiniz, Avropalılaşa bilmisinizmi?

-Bildiyiniz kimi, hal-hazırda təkcə mən deyil, əvvəllər Demokratik İnteqrasiya Assosiasiyasının rəhbərliyində olmuş, bu gün isə Almaniyanın müxtəlif şəhərlərində olsalar da, İctimai Qınaq Mərkəzinin qurulmasında iştirak edən bir neçə üzvümüz mühacirəti seçməyə məhkum edilib. Bəziləri üçün, Avropa nə qədər şirin görünsə də, Avropada mühacir olmaq, mühacir yaşamaq yaxşı bir hiss deyil. Avropalılaşmaq isə tamam başqa məsələdir. Əvvəla, biz buraya gəldiyimiz ilk gündən Alman qanunlarına, daha doğrusu alman cəmiyyətini “dəmir yumruğa” çevirən qaydalara tabe olmağı əsas şərt qoyduq özümüzə. Hesab edirəm ki, harada olmasından asılı olmayaraq, insanların hüzuru, öncə qanunçuluğu öyrənməsi ilə başlayır. Uyğunlaşmamız üçün elə də ciddi problemlərlə qarşılaşmadıq. Gələcəyi isə təbii ki zaman göstərəcək.

-Necə düşünürsünüz Avropadan Azərbaycan necə görünür? Cəmiyyətlərimizin fərqi nədədir?

-Asan olduğu qədər də çətin sualı cavablandırmağımı istəyirsiniz. Ümuumiyyətlə hər şey kənardan külliyatı ilə, çılpaqlığı ilə daha aydın görünür. Əvvəlcə, cəmiyyətimizə üzümü tutub demək istəyirəm ki, nə qədər ki dünyaya AzTV-nin gördüyü gözlə baxacaqsınız, kim olduğunuzu unudacaqsınız. Elmin-texnikanın cibinizə girdiyii bir dönəmdə, hər şeyi araşdırın, eşitdiklərinizə, sizə təqdim olunanlara deyil, özünüz gördüklərinizə, özünüz oxuduqlarınıza inanın. Qaldı sizin sualın özəyinə. Hesab edirəm, bu sualın cavabı, az da olsa varlığını sürdürən obyektiv və müxalif mediada hər gün verilir. İndiki İlham Əliyev Azərbaycanı – korrupsiyada öncül, insan haqlarının nəinki pozulması, ümumiyyətlə olmaması ilə beynəlxalq təşkilatların hesabatlarında reytinqlər qıran, cəmiyyətin böyük kəsiminin manqurtlaşdırılaraq yaltaq, ikiüzlü, vicdanını sata biləcək kütləyə çevirən, ziyalı gəncliyini “ucuz və cılız” narkotik ittihamı ilə şərləyərək həbsxanalara dolduran, müxalif rəqibləri ilə siyasət qaydalarında deyil, “vor v zakone” qaydalarında davranılan, Rusiyanın peyki olmaq üçün əməlli-başlı canfəşanlıq edən bir cəmiyyət olaraq görsənir. Siyahını sonsuz sayda uzada bilərik, amma nə faydası var? Hamımız hər gün eyni şeyi təkrar etsək də, elə bil Azərbaycan xalqına yüksək dozalı narkoz vurublar. Hökümət hər saatbaşı özləri də bilmədən bu xalqı oyatmaq üçün “dəridən qabıqdan” çıxır, amma xalq oyanmır ki oyanmır. Hesab edirəm ki, bu da cəmiyyətdə olan lider boşluğundan qaynaqlanır. Öz xarizması ilə getdikcə populyarlaşan, şəxsən mənim də rəğbət bəslədiyim və dəstəklədiyim siyasətçi İlqar Məmmədovu bu boşluğu dolduracaq əsas şəxs hesab edirəm. Hakimiyyət İlqar Məmmədovu buraxsa, lider boşluğuna sahiblənəck ən böyük namizəd olduğuna əmindi. Yeri gəlmişkən qəzetiniz vasitəsilə, diktator rejimdən İlqar bəyi qeyd şərtsiz və dərhal azad etməyi tələb edirəm.

Cəmiyyətlərimizin fərqinə gəlincə… Mən Almaniyada yaşadığım üçün özümüzü almanlarla müqayisə etməyə çalışacağam. Əvvəla almanlar qanunpərəstdirlər. Yəni, bir alman dövlətinin qanununu bizdən fəqli olaraq,yalnız qanun keşikçilərinin gözləri önündə qorumur. Hətta burada belə bir fikir var ki, “almanlara polis lazım deyil, özləri-özlərinin polisləridir”. Həqiqətən də, əgər burada bir almanın gözü qarşısında qanun pozuntusu etmək, polisin bundan xəbər tutacağı və cərimələnəcəyiniz demək olmaqdan başqa, cəmiyyətdən dərhal reaksiya görəcəyiniz deməkdir. Bizdə isə bu məsələyə yanaşmanı bilirsiniz, üzərində durmuram. Biz bürokratiyanı rüşvətlə ortadan qaldırırıq, qanunun pozulması, işimizin “düzəlməsi” üçün rüşvət veririk, gülməli çıxmasın, bir alman isə qanunun pozulmaması üçün bəlkə də “rüşvət verər”.

-Azərbaycanın mövcud siyası vəziyyətini necə qiymətləndirirsiniz?

-Mən ümumiyyətlə Azərbaycanda siyasətin olduğunu, daha doğrusu bütün dünyanın qəbul etdiyi siyasət qaydalarının olduğunu qəbul etmirəm. XXI əsrdə, hələ də feodal qaydaları ilə idarə edilən, ərin prezident, arvadın vitse-prezident olduğu bir ölkədə hansı siyasi vəziyyətdən danışmaq olar ki? Dövlətin siyasi institutları siyasi iştirakçılıqdan kənarda qaldığı, bələdiyyə seçkilərindən tutmuş prezident seçkilərinə qədər A-dan Z-yə bütün qərarların saxtalaşdırıldığı, bir dikatatorun diktəsi ilə idarə edilən məmləkətinin siyasi vəziyyətini, cəmiyyət-xalq deyil, diktatorlar müəyyən edir. Sinələrinə döyüb öyündükləri, özlərinin dediyi kimi “bütün dünya üçün örnək ola biləcək ictimai-siyasi sabitlik” mifi, infilyasiyanın ilk günündəcə çatlaq verdi. Regionlarda başlayan etiraz aksiyalarını, özlərinə xas üsulla yatırdılar. Haqqını tələb edən bir saatın içində “narkobaron”olur. Azərbaycan günü-gündən uçuruma gedir. Sosial-iqtisadi durum barıt çəlləyi kimidir, hər an partlaya bilər. Cüzi qanunçuluq mühiti olsa, insanları danışmağa qoysalar, bircə gecədə xalq bu hakimiyyəti məhv edər. Təsadüfi deyil ki, Milli Şuranın mitinq qərarının səbəsiz yerə aprelin 9-dan 8-ə keçirdilər. Narahat deyillərsə niyə edirlər?

-Azərbaycanın Avropa ilə əməkdaşlığının hansı müsbət cəhətləri ola bilər?

-Baltik ölkələrinin təcrübəsi göz önündədir. Ukrayna və Gürcüstanı da buraya əlavə edək və məsələyə qısa, amma geniş rakursda baxaq. Bu gün Avropanın hakimiyyətdən istədikləri nədir - öz xalqına qarşı amansız davranışı dayandırmaq, insanların konstitusion hüquqlarını, “Xalq-Dövlət-Hakimiyyət” üçbucağında olanların öz qanunlarına əməl etməsini təmin etmək, siyasi fəalları şərləyib həbs etməkdənsə dinləmək. Bircə dənə pis bir tələb göstərin mənə. Hakimiiyətlərini qorumaq üçün əllərində bayraq etdikləri “Qarabağ boyda dərdimiz”də də bizi Avropa dəstəklədi, işğqala qarşı qəti mövqeyi də Avropa göstərdi. Avropanın inkişaf səviyyəsinə görə ən sonuncu ölkəsində belə, insanlar Azərbaycan hakimiyyətinin öz xalqına davrandığı qədər mazaxist davranışa məruz qalmır. Digər tərəfdən, biz istəsək də, istəməsək də Avropanın bir parçasıyıq, Avropa ilə əməkdaşlıq bizim kimi kiçik dövlətlərin gələcəyinin qarantı, uğurlarının başlanğıcıdır. Bir az vicdanlı rejim, heç vaxt Avropaya yan çevirməz, nə qədər “balanslaşdırılmış siyasət” aparsa belə… Belə deyək, bu gün Rusiyanın “ən doğma balası” – Ermənistan belə Avropaya istiqamətlənir. Halbuki Ermənistan həqiqətən də varlığını Rusiyaya borcludur.

-Yeri gəlmişkən, sizcə Rusiya Azərbaycan münasibətlərində hansı maraqlar dayanır?

-Rusiyanın Azərbaycana qarşı münasibəti tarix boyu birmənalı olub – sömürmək. Bizim sərvətlərimiz Rusiya üçün tarixin bütün mərhələlərində vazkeçilməz olub, bu gün də belədir. Rusiya heç bir zaman müstəqil, güclü, öz iqtisadiyyatı olan Azərbaycanı istəməyib və istəməyəcək. Bu onun heç bir çıxarına uyğun deyil. Mən cari Rusiya –Azərbaycan münasibətlərini, “hakimiyyətdəkilər və Putin” münasibətləri kimi xarakterizə edərdim. Rusiya Azərbaycan münasibətlərinin gerçək maraqlarına rəhmətlik Elçibəy cavab verirdi ki, onun nəticələrini hamımız gördük. Mən, türkçü, tolerant, demokratik və Avropanın bir parçası Azərbaycanın arzusundayam. O günə az qaldığına da şübhəm yoxdur.

Oxunuş sayı 2768 dəfə
Şərh vermək üçün giriş edin
Top