Şənbə, 29 Mart 2014 09:43

“Azərbaycanın inkişafı Avropaya inteqrasiyadan keçir”

Taleh Qasımzadə: “Bu yoldan qaçmaq nadanlıqdır”

Müsahibimiz ictimai-siyasi fəal Taleh Qasımzadədir.

-         Taleh bəy, Azərbaycanın Avropaya inteqrasiyasını necə görürsünüz?

-        Hesab edirəm ki, Azərbaycanın demokratikləşmə yolu avropaya  inteqrasiyadan keçir. Bu yoldan qaçmaq nadanlıqdır. Azərbaycan hakimiyyəti avrointeqrasiyadan müxtəlif  bəhanələrlə qaçır. Ölkənin inkişafı üçün müstəqil QHT-lər avrointeqrasiya yolunda daha da aktivləşməlidirlər. Ölkə başçısı da dərk etməlidir ki, Azərbaycanın inkişafı Avropaya inteqrasiyadan keçir. Ölkədə demokratik mühit yaradılmalı, azad və ədalətli seçki formalaşmalıdır. İnsan azadlıqları bərpa olunmalıdır. Bu sahədə Azərbaycan üçün ən əlverişli nümunə Avropa ola bilər.

 -        Ərəb baharı adlanan proses Azərbaycan üçün nə qədər təhlükəli hesab olunur?

 -        Ben Əli, Hüsnü Mübarək və Müəmmər Qəzzafinin aqibəti bütün dünyaya diktatorların sonunu göstərdi. Müasir dünya hüquq və azadlıqlar əsasında formalaşıb. Uzun illər hakimiyyətdə qalmaq və özünü mütləq hakim hesab edənlər başa düşməlidirlər ki, tezliklə sonları yaxınlaşacaq. Əslində Ərəb baharı digər ölkələrə çox yaxşı nümunədir. Azərbaycan prezidenti də baş verənlərdən düzgün nəticə çıxarmalı və ölkədə demoratik seçki mühitinin yaranmasını təmin etməlidir. Əks halda adlarını qeyd etdiyim diktaturların aqibətini yaşamalı olacaq.  Bilməlidir ki, xalqa qarşı düşmənçilik siyasətinin sonu yuxarıdakı nümunələrlə yekunlaşır.

 -        Taleh bəy, sizcə hakimiyyət tam olaraq getməlidir, yoxsa başqa yol da var?

 -        Hesab edirəm ki, nə qədər gec deyil alternativ yol var. Hakimiyyət gecikmədən islahatlara başlamalıdır. Azərbaycan cəmiyyəti də daha çox islahatlar varinatına yaxındır. Hakimiyyət xalqa qarşı qəddarlıq siyasətinə son qoyub, bütün sahələrdə demokratikləşməyə önəm verməlidir. Azərbaycanda ən kiçik hüquqlar belə tanınmır. Ölkə bir qrup məmurun əlində girova çevrilib. İnsanlar yaşamaq istəmir. Hər gün intihar xəbərlərini eşidirik. Sosial problemlər günbəgün çoxalır. Vətəndaş problemini deyəcək şəxs tapmır. Hesab edirəm ki, hər şeydən əvvəl ədaltli seçki mühiti yaradılmalıdır. Hakimiyyət xalqın seçiminə verilməlidir. Bir ailənin nəzarətində hakimiyyəti saxlamaq cəhdləri XXI əsrə layiq davranış deyil. Bu cəhdlər dövlətin müstəqilliyini sual altına ala bilər.

 Xeber.İnfo

 

Mövlud Abdulov

Oxunuş sayı 1205 dəfə
Şərh vermək üçün giriş edin
Top